Almatı sərgisində
Azərbaycanın stendi maraq doğurub
Qazaxıstan vətəndaşları ölkəmizdəki müalicəvi məkanlara xüsusi diqqət göstəriblər
Xəbər
verdiyimiz kimi, aprelin 22-də Qazaxıstanın Almatı şəhərində
işə başlayan «KİTF-2015» beynəlxalq turizm sərgisində
Azərbaycan da təmsil olunur.
Sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, Regionlarda turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyev, eləcə də «Millennium Tourism and Congress», «Improtex Travel», «The Tour», «Bestar», «Granitas» şirkətlərinin, «Chinar Hotel and Spa Naftalan», «Duzdağ» müalicə mərkəzinin (Naxçıvan) əməkdaşları iştirak edir. Sərgidə ölkəmizin turizm potensialını nümayiş etdirmək məqsədilə 42 kv.m sahədə stend qurulub.
Cəmil Kəlbəliyevdən aldığımız məlumata görə, açılış mərasimində Almatı şəhərinin meri Əhmədcan Yesimov və sərginin tərəfdaş ölkəsi olan Malayziyanın turizm naziri Dato Seri Mohammed Aziz iştirak edib. Hər iki dövlət rəsmisi çıxışında dünyada turizmin inkişaf tendensiyasından danışıb, belə sərgilərin səyahətlərin artmasında böyük rol oynadığını diqqətə çatdırıblar.
Sərginin birinci günü Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Abdurrahman Arıcı Azərbaycanın stendini ziyarət edib və nümayəndə heyətinin işinə uğurlar arzulayıb.
Nazirlik təmsilçisi onu da bildirdi ki, bu il 15-ci dəfə gerçəkləşən «KİTF» sərgisinə 40 ölkədən 500-ə yaxın şirkət qatılıb. Sərginin coğrafiyası Avstraliyadan Braziliyaya, Türkiyədən İndoneziyayadək geniş ərazini əhatə edir: «Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq dördüncü dəfə «KİTF» beynəlxalq turizm sərgisində iştirak edir. Qeyd edim ki, ölkəmizin stendinə maraq kifayət qədər böyükdür. Stendimizə baş çəkən qonaqlara Azərbaycanın turizm imkanları haqqında məlumat verilir, ingilis və rus dillərində müxtəlif növ reklam-çap məhsulları təqdim edilir. Bizə yaxınlaşan Qazaxıstan vətəndaşları əsasən ölkəmizdəki müalicəvi turizm məkanları, xüsusilə də Naftalandakı sanatoriyalarla yaxından maraqlanırlar».
Sərgi ziyarətçilərinə həmçinin iyunda Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları haqqında məlumat verilir. Stenddə bununla bağlı ayrıca guşə yaradılıb.
«KİTF-2015» beynəlxalq turizm sərgisi aprelin 24-də başa çatacaq.
Qeyd edək ki, Azərbaycan qazaxıstanlı turistlər üçün populyar yay marşrutlarından biridir. Bu fikri bir qədər əvvəl Qazaxıstan Turizm Agentlikləri Assosiasiyasının direktoru Elnarə Etimova da yerli mətbuata müsahibəsində diqqətə çatdırmışdı. Onun sözlərinə görə, Azərbaycan qazax turistlərin yay mövsümündə seçdiyi Bolqarıstan, Türkiyə, Çin, Koreya, Gürcüstan, Yunanıstan kimi ölkələrlə bir sıradadır.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2015.- 24
aprel.- S. 9.