Naxçıvanın
Duzdağı - Azərbaycan möcüzəsi
Özbəkistan saytında məqalə dərc olunub
Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu ölkənin podrobno.uz saytında “Naxçıvanın Duzdağı - dünyada analoqu olmayan Azərbaycan möcüzəsidir” adlı məqalə dərc olunub.
Məqalədə qeyd edilir ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən duz mağaraları dünyada tənəffüs orqanlarının xəstəliklərini uğurlu müalicə edən məkandır. Bildirilir ki, XX əsrin ortalarından başlayaraq allergik xəstəliklərin sayının artması dünyada həkimləri ciddi narahat etməyə başlayıb. Uzun axtarışlardan sonra aşkar edilib ki, duz şaxtalarında bu cür xəstəliklərin müalicəsi mümkündür. Naxçıvanda yerin 300 metr dərinliyində olan duz mədənləri insanlara əsl şəfa verir.
Məqalədə "Duzdağ" hotelində,
habelə müalicəxanada yaradılan şərait
haqqında geniş məlumat verilib. Müəllif
maraqlananları və turistləri bu möcüzəni öz
gözləri ilə görmək üçün
Naxçıvana dəvət edir. Məqalədə
Naxçıvanın mineral və müalicəvi sularla zəngin
olduğu və bu mövzuya da gələcəkdə
müraciət ediləcəyi qeyd olunur.
Mədəniyyət.- 2015.- 24
aprel.- S. 8.