“Mən həmişə sizinləyəm”

Rusiyanın Xalq artisti Emmanuil Vitorqan yubileyini doğma Bakıda keçirib

 Aprelin 21-də Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında daha bir maraqlı layihə reallaşıb. Rusiyanın Xalq artisti, məşhur həmyerlimiz Emmanuil Vitorqan və Belarusun Xalq artisti Anjelika Aqurbaşın iştirakı ilə "Kral Tref - məhəbbət kartı" adlı yubiley tamaşası təqdim olunub.

 

Musiqili kino-tamaşa janrında layihə teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Üç janrın - kino, teatr və estrada sənətinin sintezi olan tamaşanın quruluşçu rejissoru Aleksandr Gerasimovdur. Rejissorun "Kral Tref" pyesi əsasında hazırlanan tamaşanın musiqisi dirijor və bəstəkar Yuri Poteyenkoya məxsusdur.

Bakılı teatrsevərlərin sürəkli alqışları ilə müşayiət olunan tamaşanın əsas qəhrəmanı olan həmyerlimiz Emmanuil Vitorqan Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə də təltif olunub.

Nazirliyin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov yubilyarı nazir Əbülfəs Qarayev və çoxminli tamaşaçılar adından təbrik edərək ona sənət uğurları arzulayıb və mükafatı təqdim edib.

Mərasimdə çıxış edən Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov təbrikə qoşularaq aktyora səhnəyə gətirdiyi fərdi üslubuna, yaratmış olduğu teatr məktəbinə görə təşəkkürlərini bildirib, növbəti yubileyini də çox sevdiyi Bakıda keçirməyi arzulayıblar.

75 yaşlı aktyor doğma Bakıda olmaqdan məmnun olduğunu dilə gətirib və təbrikə qoşulan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Emmanuil Vitorqan 1939-cu ilin 27 dekabrında Bakıda anadan olub. Leninqradda (Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra bu şəhərdə Dövlət Dram və Komediya Teatrında çalışıb. Moskva teatrlarında da fəaliyyət göstərən aktyorun həyatında kino xüsusi yer tutur. Onun sənət tərcümeyi-halına 100-dən artıq bədii filmdə yaratdığı maraqlı obrazlar daxildir.

 

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 7.