Milli Kitabxanada “İmzalı görüş”

Yazıçı-publisist Aqil Abbas tələbələrlə bir araya gəldi

 

Aprelin 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “İmzalı görüş” layihəsi çərçivəsində yazıçı-publisist, millət vəkili Aqil Abbasla universitet tələbələrinin görüşü keçirildi.

 

Görüş Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşdi. Tədbir iştirakçıları əvvəlcə kitabxananın foyesində yazıçının kitablarından ibarət sərgi ilə tanış oldular.

Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək gənclərin və yeniyetmələrin kitabxanalara cəlb edilməsi məqsədilə keçirilən layihənin əhəmiyyətindən danışdı. Bildirdi ki, “İmzalı görüş” layihəsi çərçivəsində paytaxtımızın tanınmış yazıçı və şairləri ilə gənclərin görüşləri keçirilir.

Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənli çıxışında Aqil Abbasla tələbəlik illərindən tanış olduğunu bildirdi. Yazıçının yaradıcılığında başlıca yer tutan vətənpərvərlik, yurdsevərlik qayəsindən söhbət açan V.Bəhmənli müəllifin “Evləri köndələn yar”, “Batman qılınc”, “Ən xoşbəxt adam”, “Allahı qatil edənlər” və s. əsərlərində həyat hadisələrini özünəməxsus şəkildə canlandırmaq bacarığını yüksək dəyərləndirdi.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Aqil Abbasın onun həyatında önəmli yeri olduğunu, ondan çox şey öyrəndiyini vurğuladı. Qeyd etdi ki, yazıçının xarakterində qayğıkeşlik, yurd-vətən təəssübkeşliyi var. Bu yüksək insani keyfiyyətlər əsərlərinə də sirayət edib. Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli Aqil Abbası Qarabağ həqiqətlərini ürək ağrısı ilə qələmə alan, müharibənin gətirdiyi bəlalardan, yurd-yuvalarından didərgin düşən insanların həyatından kövrələ-kövrələ söz açan qələm sahibi kimi qiymətləndirdi. Yazıçının “Qarda açan qan çiçəyi”, “Çadırda Üzeyir Hacıbəyli doğula bilməz”, “Qiyamət gecəsi”, “Dolu” və s. əsərlərinin tarixi reallıqların ədəbiyyatımızda əksi olduğunu bildirdi.

Tələbələrin suallarını cavablandıran Aqil Abbas ssenari müəllifi olduğu “Dolu” bədii filmi haqqında da danışdı: “Qarabağla bağlı ürəyimi ağrıdan düşüncələrimi “Dolu” əsərimdə deyə bilmişəm. Müharibə ilə bağlı demək istədiklərimi kinorejissor Elxan Cəfərov 1 saat 24 dəqiqəlik filmdə tam əhatə edib”.

Sonda yazıçı kitablarını imzalayaraq gənclərə hədiyyə etdi.

 

Savalan Fərəcov

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 7.