Ölmək ölməkdirsə?..

Və ya yuxarıdan aşağı baxmağın sonu

Bilmirəm, bu alt başlıq haradan gəldi ağlıma. Amma dəqiq bilirəm ki, hər anlamda yuxarıdan aşağı baxan, hər şeyi təpədən seyr edib, özünü üstün bilən kəs mütləq ən dibə yuvarlanır və zay-zülm güzəranına bir də ən dibdən baxır. Buna məhkumiyyət də demək olar, hoqqabazlığın cəzası da. İstəsən özünü hamıdan ağıllı sayıb hər şeyi satın almaq da olar. Amma bunların heç biri səni rəzillikdən, gülünclükdən və son aqibətin olan ironik gülüşdən xilas edə bilməz.

 

Tamaşaya amfiteatrın səhnə ilə təması müşkül sırasından baxmaq, yəni yuxarıdan aşağı yanaşmadan uzaq baxışların müşayiətində səhnədəkiləri seyr etmək xoşbəxtlik hissini üstələyə bilmədi...

Aprelin 16-da Azərbaycan Dövlət Musiqili Teatrı özünün sadiq tamaşaçılarını yenidən zalına topladı. Xoş mənzərə idi. Al-əlvan geyimli tamaşaçılar - ziyafətə gəlirmiş kimi bəzənmiş xanımlar, onları müşayiət edən şıq bəylər, əla təmirli və gur işıqlı teatrın foyesində sevinclə qaçışan uşaqlar və klassik musiqili teatr həvəskarı olan səliqəli görkəmli yaşlı tamaşaçılar anşlaq sorağını verirdi.

Artıq bir neçə müddətdir sorağı yayılan tamaşa musiqi sovqatı, komediyası və gülüşü ilə maraqlı idi.

Əli Səmədlinin məşhur “Toya bir gün qalmış" komediyası bu mənada uğurlu nəticədir. Tamaşa ideyası, mesajları və fikrin alt qatında yatan, tamaşaçıya “nə olsun ki” təəssüratı bağışlayan detalları ilə əhsən dedirtdirə bildi. Çünki pul-paranın əxlaqa, vəzifənin ailə tərbiyəsinə, ədalətin ətalətə uduzmayacağını, gec-tez bir yerdə dayandığına görə iylənən suyun da quruya biləcəyini və hər bir yanlışın paradoksal da olsa, yanıldılanla yanılan arasında haqq-hesabda uduzacağını göstərdi. Deməli, bu ümidlə yaşamaq da olar, tamaşaya baxıb qəşş eləmək də. Odur ki, baxaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər və başqaları ifa edirdilər.

Səhnə əsəri maraqlı və gözlənilməz situasiyalarla zəngindir. Belə ki, oğlunun, Allah bilir, neçənci dəfə baş tutacaq toyuna bir gün qalmış sözü evində keçməyən, arvadının hikkə və diktaturasında əsl zavallıya çevrilən vəzifəli şəxs dünyasını dəyişir. Əslində, bu bədbəxt var-dövlətin rəzil duruma saldığı ailəsindən canını qurtarır. Beləcə, ölməyən, keçirdiyi klinik ölümdən ayıldıqca bu və ya digər şəkildə yenidən ölən və öldürülən kişinin hökmü verilir. Özü də onu illərdir aldadan, “Atanızı o vəzifəyə qaldıran, kişi edən mənəm e, mən!” - deyən həyat yoldaşı tərəfindən. Ölümü hamıdan gizlətməyə çalışmaqla. Özünə görə haqlı səbəbi də var: ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Ən azı 970 dəvətnamə əllərində qalacaq, toya pul salan olmayacaq, bahalı hədiyyələr gəlməyəcək. Ardınca “yurfak” arzulu tüfeyli oğlu universitet qapısından girməyəcək, vəkil oğlu ömrü boyu iş axtaracaq, “medinstitut” diplomlu qızı heç vaxt həkim kabinetində oturmayacaq, dilli-dilavər kiçik qızı da kənddən “hədiyyə” gətirdiyi ikicanlı görünüşü ilə el-aləmin dilinə düşəcək.

Tamaşa Xalq artisti Afaq Bəşirqızının 60 illiyinə həsr olunduğundan ayrı bir ovqatda, xoş yubiley havasında idi. Ona görə də əsas qəhrəman səhnədə bir ayrı sevincli, şux və şaqraq idi.

Afaq xanım hər zaman öz obrazının məsuliyyətini duyan və tamaşaçını bütün elementləri ilə səhnəyə, özünə təhkim edən aktrisadır. O oynayarkən səhnədə neçə aktyorun ifa etməsindən asılı olmayaraq, idarəçilik əlində olur. Təbii ki, tamaşaçı və oyunçu prizmasından bunlar fərqli yozula bilər. Amma hər iki baxış bucağında o, ustad sənətkardır və düşünürəm ki, onun səhnə sərbəstliyində bəzi qüsurlar da görünməz olur, ən adi jesti, qəhqəhəsi ilə ovqatı dəyişə bilir. Deməli, aktyorlar onunla bir səhnəni paylaşanda həm də arxayın olmalıdırlar. O, xilaskar kimi qarşısındakının replikasını, ən adi mizan elementində yanlışını ört-basdır edəcək qədər də səmimi və qayğıkeşdir. Bu tamaşada da o, hər iki mənada öz ampluasında idi və tərəf-müqabillərinin kiçik qüsurlarını, bəzi texniki narahatlıqları bir həmlədə düzəldə bildi.

Tərəf-müqabillərinə gəlincə, yalnız ilk səhnədə qışqıran, bununla hökmünü göstərmək istəyən və arvadının həmləsi ilə səsi əbədi batan Kişi (Əməkdar artist Ələkbər Əliyev) bir aktyorun səhnədə sözsüz, sadəcə bir maneken kimi göründüyü halda belə tamaşaçını güldürə və düşündürə biləcəyinə yaxşı nümunə oldu. Hər mizanda bir ayrı görkəmə düşən, bədəninin, ölü canının başına gələn dramatik hadisələrə rəğmən tamaşaçını öz faciəsinə inandıra və güldürə bildi.

Neçənci dəfə nişanlansa da, evdə qalan Böyük qız (Gülcahan Salamova) daha bədbəxtdir. Anasına şirin görünən, tibb təhsili gördüyü halda dünyadan xəbəri olmayan qarımış qız aktrisanın ifasında pis alınmamışdı. Müəyyən dinamikada tərəf-müqabillərinə uduzan aktrisadan fərqli olaraq Kiçik qız (Gültac Əlili) daha enerjili və şux idi. Ana olmağa hazırlaşan aktrisanın oyunu tamaşaçılarda xoş təəssürat yaratdı, ifasındakı improvizə olunmuş “Qoy gülüm gəlsin, ay mama” mahnısı da oynaq və uğurlu alınmışdı.

Böyük oğul (Əliməmməd Əlili) və Kiçik oğul (Hüseyn Əlili), eləcə də Axund (Ziyadxan Cəbrayılov) və Qəbirqazan (Ağaxan Şərifov) obrazlarının tələbini ödəyə bildilər. Amma bəzi dialoqlarındakı ifadələrin hərəkət və mimikaları ilə uyuşmazlığı da gözdən qaçmadı. Mölə Mirzəliyev (Qayınata), Rəsmiyyə Nurməmmədova (Qadın quda), Ruslan Mürsəlov (Dəllal), Fərid Rzayev (Kuryer) epizodlarda rol alsalar da, yadda qalmağa çalışdılar.

Tamaşanın dinamikasında musiqi də öz sözünü dedi. Tempi tutan solo ifalar və xüsusən xorun az qala bütün toylarda qulaq yoran “Qudalar” mahnısının ifası maraqlı idi. Səhnə tərtibatı və geyimlər meşşan ailənin həyat tərzi və özünüifadə üslubu baxımından tamamlanmışdı.

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 6.