Müasir opera sənəti: mühazirə və baxış

Növbəti tədbir ingilis bəstəkarı Harrison Birtvistlenin “Minotavr” əsərinə həsr olunmuşdu

 

Qara Qarayev musiqi festivalının proqramında konsertlərlə yanaşı, müasir opera sənətinin məşhur nümunələrinə həsr olunmuş mühazirələrə də xüsusi yer ayrılıb. Aprelin 21-də italyan bəstəkarı Salvatore Sciarrinonun “Gözlərimin dönük nuru” əsərinin videotamaşası P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Marianna Vısotskayanın mühazirəsi ilə təqdim olunmuşdu.

Aprelin 22-də Muzey Mərkəzində isə rusiyalı musiqişünas Tatyana Tsareqradskaya ingilis bəstəkarı Harrison Birtvistlenin “Minotavr” (“The Minotaur”, 2008) operası haqqında mühazirəni təqdim etdi.

Mühazirənin birinci hissəsi bəstəkarın həyat və yaradıcılığına həsr edilmişdi. 1934-cü ildə anadan olan Harrison Birtvistle musiqi məktəbində klarnet ifaçılığı, sonra bəstəkarlıq ixtisası üzrə oxuyub. 1962-ci ildə Londonda müəllimlik fəaliyyətinə başlayır. Daha sonra təhsilini davam etdirmək üçün Amerikaya yollanır. Burada 1966-1967-ci illərdə ilk əsəri “Punch və Judy” universitetlərin birində səhnəyə qoyulur. Bununla da bəstəkarın davamlı olaraq həm Britaniya, həm də ABŞ-da əsərləri səhnə həyatı alır.

Onun musiqisinin İqor Stravinski və Olivye Messian məktəbindən bəhrələndiyi bildirilir. Əsərləri çox vaxt reallıqdan kənar dramatik xarakter daşıyır. Belə operalardan biri də “Minotavr” operasıdır. London Royal Opera Teatrı tərəfindən səhnələşdirilən əsərin libretto müəllifi David Harsentdir. 13 səhnəli iki aktdan ibarət opera qədim yunan mifini əks etdirir. Operanın ilk premyerası 15 aprel 2008-ci ildə olub.

Rusiyalı musiqişünasın mühazirəsindən sonra operaya video baxış oldu.

 

Lalə

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 5.