Müasir vokal
musiqisinin nəzəri problemləri mövzusunda konfrans
Aprelin 23-də
Qara Qarayev VI Müasir Musiqi Festivalı çərçivəsində
Muzey Mərkəzində XX-XXI əsrlərin vokal musiqisinin nəzəri
problemləri mövzusunda elmi-nəzəri konfrans
keçirildi.
Konfransda Yekaterina Okuneva (Rusiya) “Bo Nilssonun “Gösta Osvalda məktub” (“Brief an Gösta Osvald”) trilogiyası 1950-1960-cı illər avanqardının bədii axtarışları kontekstində”, Tatyana Tsareqradskaya (Rusiya) “Vokal musiqidə bəstəkarlıq vasitələri sistemində fonetika: M.Kagel və L. Berio”, Raya Abbasova (Azərbaycan) “Firəngiz Əlizadənin “İntizar” operasında verbal və musiqi ünsürlərinin qarşılıqlı əlaqələri”, Vladislav Tarnopolski (Rusiya) “Vladimir Tarnopolskinin “Kölgənin o biri tərəfində” operası çağdaş musiqili teatr janrı kontekstində” mövzularında məruzələrlə çıxış etdilər. Konfransın moderatoru sənətşünaslıq doktoru, professor Rauf Fərhadov idi.
Yekaterina Okuneva məruzəsində görkəmli İsveç bəstəkarı Bo Nilssonun yaradıcılığından söz açdı. Bildirdi ki, o, ilk təhsilini piano və aranjiman üzrə alıb. Bəstəkarlıqla erkən yaşlarından maraqlanan musiqiçi 14 yaşından yerli caz orkestrində çıxışlar edib. 1950-1960-cı illərdə bəstəkar kimi məşhurlaşıb. Əsərləri Avropanın bir çox kollektivləri tərəfindən səsləndirilir. Dünyanın musiqi tənqidçiləri bəstəkarın yaradıcılığını yüksək qiymətləndirirlər. Solistlər və orkestr üçün 3 kantatadan ibarət “Gösta Osvalda məktub” trilogiyası isə isveçli yazıçının mətninə yazılmış əsərdir. Abstrakt impressionistik səslənməsi ilə diqqət çəkən trilogiyanın sonu monumentallığı ilə fərqlənir. Əsər ilk dəfə 1961-ci ildə tam şəkildə dinləyicilərə təqdim edilib.
Moskva Dövlət Konservatoriyasının professoru Vladimir Tarnopolskinin əsərləri Avropa, ABŞ, Rusiya, Fransa, Almaniya və bir sıra beynəlxalq müasir musiqi festivallarında tanınmış musiqi kollektivlərinin ifasında səsləndirilib. O, Rusiya Müasir Musiqi Assosiasiyasının yaradıcılarından biridir. Bəstəkarın “Kölgənin o biri tərəfində” əsərinin ideya və ssenarisi özünə, libretto isə Ralf Günter Monnauya məxsusdur. 70 dəqiqəlik tamaşanın operaları alman dilində, qiraətçinin monoloqları isə rus dilində təqdim edilir.
Elmi konfrans mövzular üzrə müzakirələrlə davam etdi.
L.Azəri
Mədəniyyət.- 2015.- 24
aprel.- S. 5.