İsveçrənin
Lüsern şəhərində Dünya Turizm Forumu
keçirilir
Azərbaycan Respublikası mötəbər tədbirin qonaq ölkəsi, Mədəniyyət və Turizm Nazirliyi isə tərəfdaşıdır
Aprelin 23-də
İsveçrənin Lüsern şəhərində Mədəniyyət
və Turizm Nazirliyinin tərəfdaş qismində iştirak
etdiyi IV Lüsern Dünya Turizm Forumu işə
başlayıb. İki gün davam edəcək tədbirdə
mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun
rəhbərliyi ilə nümayəndə heyəti iştirak
edir.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, “Gilan Turizm” və “Silk Way Travel” şirkətlərinin nümayəndələri daxildir. Forumda ölkəmizin İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı da iştirak edir.
Forumda Azərbaycanda turizmin inkişafına dair təqdimatın keçirilməsi və videoçarxların nümayişi nəzərdə tutulub.
Hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələrin iştirak etdiyi layihənin 2015-ci il üzrə qonaq ölkəsi Azərbaycan Respublikasıdır. Özünün əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada mötəbər tədbir hesab olunan Lüsern Dünya Turizm Forumunda qonaq qismində iştirak, ölkəmizin zəngin irsinin və turizm potensialının daha da geniş tanıdılmasına imkan yaradır.
Tədbirdə Azərbaycanın turizm potensialının təbliği məqsədilə 24 kvadratmetr sahədə stend qurulub, reklam-çap məhsulları yerləşdirilib. Forumun ilk günü yerli aşpazlar tərəfindən Azərbaycan mətbəxinin nümayiş olunması üçün milli yeməklərdən ibarət işgüzar nahar təşkil edilib.
Nazirliyin tərəfdaş qismində iştirakı ilə bağlı Azərbaycan turizminin loqosu tədbirin bütün reklam-çap məhsullarında, forumun təşkil olunduğu mərkəzin girişindəki bannerlərdə əks olunub.
Forum çərçivəsində müxtəlif mövzularda seminarlar, yerli turizm şirkətləri ilə İsveçrənin aparıcı turizm şirkətləri arasında biznes görüşləri (B2B) nəzərdə tutulub.
Forumda Birləşmiş Millətlərin
Ümumdünya Turizm Təşkilatının baş katibi
Taleb Rifai, 60 ölkədən turizm sahəsində fəaliyyət
göstərən 400-dən çox rəhbər şəxs,
mütəxəssis və icraedicilər iştirak edir.
Mədəniyyət.- 2015.- 24
aprel.- S. 4.