Fransa ilə əməkdaşlığa dair fəaliyyət proqramı hazırlanacaq

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Parisdə fransalı həmkarı ilə görüşüb

 

Parisdə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın mədəniyyət naziri Flör Pellerin ilə də görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə edilib.

Fransa ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin hüquqi bazasından söz açan Əbülfəs Qarayev bu amilin kitabxana, muzey, irs, kino və digər sahələrdə mübadilələrin aparılması üçün önəm kəsb etdiyini bildirib. Nazir iki ölkə arasında mədəni əməkdaşlığın inkişafından bəhs edərək Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Fransanın bütün regionlarında Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı keçirilən silsilə tədbirlərin xalqlarımızın bir-birini yaxından tanımasında olduqca müsbət rol oynadığını diqqətə çatdırıb.

Fransalı nazir öz növbəsində son dövrlərdə gerçəkləşən çoxsaylı layihə və tədbirlərin onda Azərbaycana xüsusi maraq oyatdığını, əməkdaşlığın dərinləşdirilməsi üçün maraqlı proqramların irəli sürülə biləcəyini deyib. Qeyd edib ki, Fransa Azərbaycanla mədəniyyətin bütün sahələrində əməkdaşlıqda maraqlıdır.

Görüşdə teatr və musiqi tamaşalarının, həmçinin balet sənətinin inkişafı barədə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Nazirlər iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində beşillik fəaliyyət proqramının qısa zamanda hazırlanması barədə razılığa gəliblər.

May ayında Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və ölkəmizin bu mövzuda layihələri barədə həmkarına məlumat verən Əbülfəs Qarayev onu tədbirə dəvət edib.

 

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 3.