UNESCO-nun tərəfdaşlığı
Bakı Forumunun əhəmiyyətini artırır
Xəbər
verdiyimiz kimi, “Bakı prosesi” və III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun təqdimatı ilə bağlı Parisdə səfərdə
olan mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev bir sıra görüşlər keçirib.
Aprelin 21-də nazir UNESCO-nun mənzil-qərargahında qurumun baş direktoru İrina Bokova ilə görüşmüşdü.
Həmin gün nazir UNESCO-nun Baş Konfransının prezidenti Hao Ping ilə də görüşüb. Söhbət zamanı Azərbaycan-UNESCO əməkdaşlığının hazırkı vəziyyəti və Baş Konfransın UNESCO-nun fəaliyyətində rolu barədə müzakirələr aparılıb.
Hao Ping Azərbaycana səfərindən olduqca təsirləndiyini və ölkəmizin inkişafının onda xüsusi təəssürat oyatdığını qeyd edib.
Əbülfəs Qarayev UNESCO çərçivəsində həyata keçiriləcək əsas fəaliyyətlər barədə məlumat verərək bu ilin 18-19 may tarixində Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO-nun tərəfdaşlığı ilə keçiriləcək sessiya və iclasların proqrama xüsusi maraq qatacağına əminliyini bildirib.
Nazir UNESCO Baş Konfransında müasir
dünyada mədəniyyətlərarası dialoq prosesləri
mövzusunda müzakirələrin aparılması və
üzv ölkələrin belə məsələlərə
önəm verməsi üçün
çağırışlar edilməsinin vacibliyini
vurğulayıb. Hao Ping bu amillərin nəzərə
alınacağını bildirərək Bakı Forumunun
işinə uğurlar arzulayıb.
Mədəniyyət.- 2015.- 24
aprel.- S. 3.