Avropa Şurası irs məsələləri üzrə məsul nazirlərinin konfransı

Belçikada keçirilən konfransda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir

Belçikanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bu ölkənin Namür şəhərində aprelin 22-də Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlərinin konfransı işinə başlayıb.

 

Namür Expo mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Konfransın plenar açılış toplantısında Avropa Şurasının Demokratiya üzrə baş direktoru xanım Snezena Samardzic-Markovic və Yerli və Regional Hökumətləri Konqresinin vitse-prezidenti xanım Juliana Hoxha, Beynəlxalq Qeyri-hökumət Təşkilatlarının Təhsil və Mədəniyyət Komitəsinin prezidenti xanım Sabine Rohmann, İnkişaf Bankının vitse-idarəçisi Apolonio Ruiz Ligero, Belçika Krallığının Valoniya hökumətinin vitse-prezidenti və irs naziri, Namür şəhərinin meri Maxime Prevot çıxışlar ediblər.

Konfransın əsas məqsədi Avropa irs strategiyasının hazırlanması üzrə məsləhətləşmələrin aparılması, bununla bağlı müvafiq mövzular, prioritetlər və mexanizmlər üzrə qaydaların razılaşdırılmasıdır. Sayca 6-cı dəfə təşkil edilən konfransın yekununda Avropa irsinin qorunması və təşviqi üzrə bəyannamənin qəbul edilməsi nəzərdə tutulur. Konfrans aprelin 24-də işini başa vuracaq.

 

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 2.