ADMİU tələbələrinin tamaşa və konserti

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının səhnəsində çıxış edib. Universitetin “Səda” Tədris Teatrının təşəbbüsü ilə keçirilən tədbiri giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, professor Əlikram Abdullayev iki ali təhsil ocağının əməkdaşlıq əlaqələrindən bəhs edib.

Sonra ADMİU-nun müəllimi, teatrşünas Elçin Cəfərov yazıçı-dramaturq Nəcəf bəy Vəzirovun yaradıcılığından, Azərbaycan teatr sənətindəki yerindən danışıb.

Universitetin dram teatrı və kino aktyorluğu ixtisası üzrə 4-cü kurs tələbələrinin (kurs rəhbəri Əməkdar artist Gülşad Baxşıyeva) ifasında görkəmli dramaturqun “Ev tərbiyəsinin bir şəkli” komediyası əsasında hazırlanmış tamaşa nümayiş olunub.

Sonda çıxış edən Gülşad Baxşıyeva tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib və onları “Səda” Tədris Teatrında nümayiş olunacaq “Evlənmə” tamaşasına dəvət edib. Xatırladaq ki, N.Qoqolun eyniadlı əsəri əsasında hazırlanmış tamaşa dram teatrı və kino aktyorluğu ixtisası üzrə IV kurs tələbələrinin diplom işidir.

 

* * *

Aprelin 23-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri ifaçılığı kafedrasının dosenti Fikrət Manafovun magistr tələbələri konsert proqramı ilə çıxış ediblər. Konsertdə “Çahargah”, “Çoban bayatı” muğamları, V.Adıgözəlov, F.Əmirov, A.Məlikov, C.Cahangirov, F.Babayeva, eləcə də E.Qriq və F.Listin əsərləri səsləndirilib.

 

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 15.