Ötən əsrin “Çoxbilmiş”i

Aktyor olmasına kömək etməsi üçün Stalinə məktub yazmışdı

 

Sovet kinosu tarixində “Araq çəkənlər”, “Köpək Barbos və qeyri-adi qaçış”, “I” əməliyyatı və Şurikin başqa macərqaları”, “Qafqaz əsiri, yaxud Şurikin yeni macəraları” kimi hər kəsin yaddaşına həkk olunmuş, təkrar-təkrar sevilərək baxılan komediyaların sayı az olsa da, bu filmlərdə rol alan aktyorlar qısa müddətdə məşhurlaşıblar. Onlardan biri də həmin ekran əsərlərinin unudulmaz “Çoxbilmiş”i, Rusiyanın Əməkdar artisti Yevgeni Morqunovdur.

Yevgeni Morqunov 1927-ci il aprelin 27-də Moskvada dünyaya göz açıb. Uşaqlığı çox ağır keçib. Bir yaşında olanda atası evi tərk edir və o, xəstəxanada sanitar işləyən anasının himayəsində böyüyür. Yeniyetmə çağından zavodda işləməyə başlayır, teatr və kinoya həvəsi, aktyor olmaq arzusu isə onu boş vaxtlarında dram dərnəyinə getməyə sövq edir. Bu arzunu reallaşdırmaq üçün 1943-cü ildə SSRİ rəhbəri Stalinə məktub yazır. Məktubunda Stalindən teatra qəbul olunmasına köməklik göstərilməsini xahiş edir, K.Stanislavskinin, Nemiroviç-Dançenkonun yolunu davam etdirmək istədiyini bildirir. Məktubuna cavab müsbət olur və beləliklə, çoxbilmiş yeniyetmə Moskva Kamera Teatrının nəzdində məktəbə qəbul olunur. Orada bir il təhsil alandan sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda məşhur Sergey Gerasimovun aktyor kursuna daxil olur. Burada V.Tixonov, S.Bondarçuk kimi gələcəyin məşhur aktyorları ilə birgə təhsil alır. 1948-ci ildə institutu bitirir, Kinoaktyor Teatrında fəaliyyətə başlayır.

O, ilk dəfə 1944-cü ildə “Müharibədən sonra axşam saat 6-da” filmində (artilleriyaçı) çəkilsə də, 1948-ci ildə rejissor Sergey Gerasimovun “Gənc qvardiya” filmində oynadığı Staxoviç rolu ilə məşhurlaşır. Bundan sonra “Onların vətəni var” (Komendant, 1949), “Cəsarətli insanlar” (Hofman, 1950), “Düşmənləri havaya sovur” (Anarxist, 1953), “Gəmi komandiri” (Maxotin, 1954), “Meksikalı” (Maykl, 1955) və s. filmlərinə çəkilir.

“Köpək Barbos və qeyri-adi qaçış” (1961), “Araq çəkənlər” (1961), “I” əməliyyatı və Şurikin başqa macəraları” (1965), “Qafqaz əsiri və Şurikin yeni macəraları” (1966) filmlərində yaratdığı Çoxbilmiş obrazı isə aktyora ümumxalq şöhrəti qazandırır. Bu arada o, özünü rejissor kimi də sınayır, 1963-cü ildə Mixail Şoloxovun əsəri əsasında “Kazaklar ağlayanda” filmini çəkir.

Lakin “Qafqaz əsiri və Şurikin yeni macəraları” filminin çəkilişləri zamanı öz ciddiliyi ilə seçilən rejissor Leonid Qaydaya münasibətdə özünü həddən artıq zarafatcıl və sərbəst aparması nəticəsində aralarında yaranan konflikt onun kinodakı sonrakı karyerasına zərbə vurur. Bundan sonra ona əsas rollar deyil, epizodik rollar verirdilər. SSRİ-nin süqutundan sonrakı dövrdə isə Yevgeni Morqunov əvvəlki illərlə müqayisədə daha çox sayda filmə çəkilib, lakin baş rollarda oynamayıb. O, tamaşaçıların yaddaşında elə Çoxbilmiş kimi qalıb.

Yevgeni Morqunov gündəlik həyatda çox zarafatcıl idi, ətrafında həmişə çoxlu dostları olurdu. Ailə həyatına gəlincə, Natalya Morqunova ilə 36 il xoşbəxt həyat sürüb, 2 oğlu dünyaya gəlib. Lakin 1998-ci ildə kiçik oğlu avtomobil qəzasında dünyasını dəyişir. Uzun illər şəkərli diabetdən əziyyət çəkən aktyor bu itkidən sonra iki dəfə infarkt keçirir və 1999-cu il iyunun 25-də vəfat edir.

 

Səbinə Əlibalaqızı

 

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 14.