“Bölgələrdən paytaxta” layihəsi əsl mədəniyyət təzahürüdür

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan respublika və beynəlxalq səviyyəli tədbirlər, həyata keçirilən layihələr bölgələrin də mədəni həyatında canlanma yaradır. Bu baxımdan 2010-2014-cü illəri əhatə edən «Xalq Yaradıcılığı Paytaxtları» proqramı bölgələrin mədəni irsinin yaşadılmasında, tanıdılmasında mühüm rol oynayan mədəniyyət hadisəsi kimi yaddaşlarda qaldı. Layihə çərçivəsində müvafiq rayonlar «Əfsanələr paytaxtı», «Folklor paytaxtı» və «Sənətkarlıq paytaxtı» nominasiyalarında öz mədəni irsini təqdim etmək imkanı qazandı. Əsrlərdən üzü bəri düşüncələrdə yaşadılan milli-mənəvi dəyərlər, adət-ənənələr yenidən gündəmə gəldi, insanlar sahib olduqları mədəni sərvətlərə bir də müasirlik prizmasından baxa bildilər.

Nazirliyin bu ilin fevralından start verilən “Bölgələrdən paytaxta” adlı yeni layihəsi isə Bakı sakinlərinin regionlarımızı hər yönü ilə tanımasına şərait yaradacaq. Layihənin məqsədi Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini, regionların incəsənətini, adət-ənənələrini, mətbəx nümunələrini, sosial-iqtisadi inkişafını, el sənətkarlığını nümayiş etdirmək, turizm potensialını təbliğ etməkdir.

«Bölgələrdən paytaxta» layihəsi mənə sovet dövründə Moskvada təşkil edilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyünü xatırladır. O tədbirlər xalqımızın mədəniyyət və incəsənətinin ittifaq respublikaları arasında tanıdılması məqsədilə hazırlanırdısa, bu layihə bölgələrin mədəniyyət xəzinəsini paytaxt ictimaiyyətinə çatdırır. Bu da öz növbəsində bölgələrə turist səfərlərinin artmasına da əlavə zəmin yaradır.

«Bölgələrdən paytaxta» layihəsi üzrə təqdimatı keçirilən rayonlardan biri də Gədəbəydir. Aprelin 27-də Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə bu qədim bölgəmizin tarixi keçmişi, əsrləri müşayiət edən yeraltı və yerüstü tarixi abidələri, turizm məkanları, milli folklor və xalq musiqisi inciləri, tolerantlıq ənənələri, həmçinin sosial-iqtisadi yenilikləri əks etdirən zəngin sərgi iştirakçılara təqdim olundu. Bu əlamətdar hadisə biz gədəbəylilər üçün əsrlərə bərabər bir gün və ya tarixin Gədəbəy səhifələrinə birgünlük baxış idi. Rayonumuzun təqdimatına gələn hər kəs səmimiyyətlə, könül xoşluğu, dağ səfası ilə, sazla-sözlə qarşılandı və əminik ki, bu gecə hər bir iştirakçının yaddaşında uzun müddət xoş anlarla xatırlanacaq.

 

Etibar Əliyev,

Gədəbəy Aşıq Məktəbinin direktoru

 

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 12.