Lüsern Dünya Turizm Forumunda Azərbaycanın təqdimatı

 

Xəbər verdiyimiz kimi, aprelin 23-24-də İsveçrənin Lüsern şəhərində keçirilən 4-cü Lüsern Dünya Turizm Forumunda Mədəniyyət və Turizm Nazirliyi tədbirin qonaq ölkəsi kimi Azərbaycanı təmsil edib.

 

60 ölkədən 400-dən çox turizm sahəsində fəaliyyət göstərən rəhbər şəxslərin və mütəxəssislərin iştirak etdiyi forumun açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edib. O, Azərbaycana xüsusi qonaq ölkə statusu dəvəti üçün tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Forumun ölkəmiz üçün əhəmiyyətini vurğulayan nazir müavini bu əməkdaşlığın gələcəkdə də davam edəcəyini deyib. Azərbaycanın dünyanın sürətlə inkişaf edən iqtisadiyyata sahib olan ölkələrindən biri olduğunu diqqətə çatdıran Nazim Səmədov Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığı xüsusilə qeyd edib.

Sonra tədbir iştirakçılarına yerli aşpazlar tərəfindən hazırlanmış Azərbaycanın milli yeməklərindən ibarət işgüzar nahar verilib. Milli yeməklərimiz, şirniyyatlar və içkilər qonaqlar tərəfindən bəyənilib.

Forumun ikinci günü Azərbaycanın turizm potensialına dair keçirilən təqdimatda videoçarx nümayiş olunub. Videoçarxda Azərbaycanın tarixi, təbiəti və mədəniyyəti, turizm imkanları təqdim olunub. Şahdağ Turizm Mərkəzi, Tufandağ Qış-Yay Turizm Kompleksi və ölkəmizdə keçiriləcək I Avropa Oyunları haqqında məlumatlar da videoçarxda əksini tapıb.

Forum çərçivəsində müxtəlif mövzularda müzakirələr aparılıb və yerli turizm şirkətləri ilə dünyanın müxtəlif ölkələrinin aparıcı turizm şirkətləri arasında biznes görüşlər (B2B) təşkil olunub. Azərbaycanın turizm potensialının təbliği məqsədilə qurulmuş stend xüsusi marağa səbəb olub. Burada iştirakçılara ölkəmiz haqqında reklam-çap məhsulları təqdim olunub.

Tədbirin sonunda «Gənc istedadlar» proqramı çərçivəsində turizm sahəsində maraqlı layihələr təqdim edən gənclər və «Yeni start verilən innovasiyalar» proqramı çərçivəsində turizm sektoruna yeni qədəm qoymuş şirkətlər mükafatlara layiq görülüb.

 

Turizm və Menecment Universiteti növbəti forumun tərəfdaşı olacaq

 

Foruma dünyanın aparıcı universitetlərinin nümayəndələri də qatılıb. Tədbir çərçivəsində keçirilən akademik sessiyalarda Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov iştirak edib. Sessiyalarda gənc istedadların təklif etdikləri layihələr, gənclərlə bağlı müxtəlif təqaüd proqramlarının keçirilməsi haqqında müzakirələr aparılıb.

Forumun ikinci günü Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov və Lüsern Dünya Turizm Forumu Təşkilat Komitəsinin baş meneceri Martin Bart tərəfdaşlıq memorandumu imzalayıblar. Sənədə əsasən, ATMU 5-ci Lüsern Dünya Turizm Forumunda tərəfdaş qismində iştirak edəcək. Həmçinin Azərbaycan Turizm və Menecment Universiteti dünyanın 15-dək tanınmış universitetinin qatıldığı «Gənc istedadlar» proqramına üzv olacaq və universitetin müəllim və tələbə heyətindən seçilmiş nümayəndələrin bu forumda iştirakı təmin olunacaq.

 

Fəxriyyə Abdullayeva

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 9.