İsmayıllının
turizm portalı istifadəyə verilib
İsmayıllı rayonunun turizm portalı (www.gotoismailli.az) istifadəyə verilib. Bu münasibətlə aprelin 25-də rayon Uşaq kitabxanasında təşkil edilən təqdimat mərasimində İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Mədəniyyət və Turizm, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin əməkdaşları, turizm mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Layihənin rəhbəri Emin Sadıqov elektron portal haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, sayt 4 bölmədən (görməli yerlər, sənətkarlıq, məhsullar və Lahıc) ibarətdir.
İlk bölmədə İsmayıllı rayonundakı ən gözəl məkanlar haqqında məlumatlar yer alıb. Turistlər rayona gəlməzdən əvvəl buradan özləri üçün turizm marşrutu seçə bilərlər.
“Sənətkarlıq” bölümündə misgərlik, dəmirçilik, zərgərlik, xalçaçılıq və digər sənətlər haqqında məlumat verilir. Burada 2011-ci ildə İsmayıllının Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında «Azərbaycanın sənətkarlıq paytaxtı» seçilməsi, bununla bağlı rayonda həyata keçirilən tədbirlər barədə xəbərlər də yer alıb.
Saytda diqqəti cəlb edən məqamlardan biri də turistlərin rayonda ən çox aldıqları yerli məhsullar barədə məlumatlardır. Bu bölümdə “İvanovka” pendiri, qızıləhmədi alması, qarışıq çay, müxtəlif dərman bitkiləri və s. haqqında bilgilər öz əksini tapıb.
İsmayıllının ən məşhur yaşayış məntəqəsi, ilin bütün fəsillərində qeyri-adi təbiəti, sənətkarlığı, mətbəxi ilə turistləri hər zaman təəccübləndirən Lahıc haqqında məlumatlar da zənginliyi ilə seçilir. Lahıclılar əsasən misgərlik, dəmirçilik, zərgərlik, xalçaçılıq və digər peşələrlə məşğuldurlar. Buraya ildə onminlərlə turist gəlir ki, onların böyük əksəriyyəti xarici ölkə vətəndaşlarıdır.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2015.- 29
aprel.- S. 9.