Dahi Bülbülün ömür-gün yoldaşı dünyasını dəyişdi

 

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün həyat yoldaşı, böyük musiqiçinin memorial muzeyinin direktoru, Prezidentin fərdi təqaüdçüsü Adelaida Məmmədova aprelin 25-də, 93 yaşında əbədiyyətə qovuşub. Aprelin 27-də paytaxtın Təzəpir məscidində mərhumla vida mərasimi keçirildi.

Mərasimdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri, yaxınları iştirak edirdi.

Adelaida Məmmədova ilə vidalaşmağa gələnlər onu nurani qadın, qayğıkeş insan, eyni zamanda Azərbaycan musiqisində dərin cığırlar açmış Bülbülün ömür-gün yoldaşı və görkəmli bəstəkar-müğənni, ictimai xadim Polad Bülbüloğlunun anası kimi daim xatırlayacaqlarını ifadə etdilər.

Vida mərasimində çıxış edən Məmməd Səid Ordubadinin xatirə muzeyinin direktoru Lalə Abaszadə Adelaida xanımla 35 illik tanışlıq tarixçəsini vərəqlədi: “Mənim üçün Adelaida xanım haqqında keçmiş zamanda danışmaq çox çətindir. Onunla 35 il öncə - 1979-cu ilin sonunda tanış olmuşdum. O zaman institutu yenicə bitirmişdim. M.S.Ordubadinin xatirə muzeyinə baş fond mühafizəçisi kimi işə qəbul olundum. Tanışlığımız da həmin vaxtdan başladı. Yaş fərqimiz olmasına baxmayaraq, biz onunla dost olduq”.

Onu da qeyd edək ki, dahi Bülbül və böyük ədib Ordubadi ailəvi dost olublar. Bu gün onların xatirə muzeyləri qonşudur.

Lalə Abaszadə Adelaida xanımı qayğıkeş ana, gözəl dost, təmənnasız insan, məsuliyyətli rəhbər kimi xarakterizə etdi: “O, bizim muzeyin də qayğıları ilə maraqlanırdı. Hər zaman öz köməkliyini göstərər, tədbirlərimizdə iştirak edərdi. Son iki ildə muzeydən ayrılsa da, tez-tez bizə baş çəkərdi”.

Mərhumla bağlı xatirələrini bölüşən Bülbülün memorial muzeyinin direktoru Fərqanə Cabbarova Adelaida xanımın yerinin hər zaman bu muzeydə görünəcəyini bildirdi: “O, bizə çox doğma insan idi. Hər an bizim qayğılarımızla maraqlanar, işə gələrkən hər birimizlə ayrı-ayrılıqda hal-əhval tutardı. Adelaida xanım öz işinə məsuliyyətli olmaqla yanaşı, işçilərə verdiyi tapşırıqların da vaxtında və düzgün yerinə yetirilməsini istəyərdi. Lakin heç vaxt kimisə incidib, xətrinə dəyməzdi”.

Qeyd edək ki, Adelaida İrza qızı Məmmədova 1922-ci il avqustun 22-də Tiflis şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tiflis Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlayıb.

Həyat yoldaşı Bülbülün 1961-ci ildə vəfatından sonra Adelaida xanım həyatını onun irsini yaşatmağa həsr edib. 1977-ci ildə Bülbülün memorial muzeyi yaradılanda onun direktoru təyin edilib. Məhz onun gərgin əməyi sayəsində muzeydə Bülbülün həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən görkəmli müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə elmi, pedaqoji və ictimai fəaliyyətinə dair materiallar toplanıb. Muzey Bülbül irsini, musiqi sənətimizi, muzey milli-mənəvi dəyərləri yaşadaraq gələcək nəsillərə çatdıran mədəniyyət ocağına çevrilib.

O, muzeyin direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi, görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş kitab və məqalələrin müəllifi kimi tanınırdı.

Adelaida Məmmədovanın Azərbaycanda muzey işinin təşkilində və xalqımızın mədəni irsinin təbliğində xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının “Şöhrət” ordeninə və Prezidentin fəxri diplomuna layiq görülüb.

Adelaida Məmmədova ilə vida mərasimindən sonra cənazəsi son mənzilə yola salındı. Mərhum II Fəxri xiyabanda torpağa tapşırıldı.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri, mədəniyyət xadimləri Adelaida Məmmədovanın vəfatı ilə bağlı başsağlığı veriblər.

Allah rəhmət eləsin.

 

Fariz Hüseynov

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 7.