Mingəçevir
teatrı paytaxt sənətsevərləri
qarşısında
S.S.Axundovun “Eşq və intiqam” əsəri əsasında hazırlanmış tamaşa Milli Dram Teatrında nümayiş etdirildi
Teatrların
qarşılıqlı əlaqələri, qastrol səfərlərinin
təşkili, yaradıcı potensialın inkişafına
müsbət təsir göstərəcək layihələrin
gerçəkləşdirilməsi, ümumən teatr
adına hər hansı uğurlu addımın atılması
daim diqqət mərkəzindədir. Öz fəaliyyətində
bu prinsipləri əsas götürən sənət
ocaqlarından biri kimi Mərziyyə Davudova adına Mingəçevir
Dövlət Dram Teatrının adını xüsusi qeyd etmək
lazımdır.
Özünəməxsus repertuar siyasəti, tamaşaçı auditoriyası və dəst-xətti olan teatrın kollektivi aprelin 27-də paytaxtımızın qonağı oldu, S.S.Axundovun “Eşq və intiqam” əsəri əsasında hazırlanmış tamaşanı Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdirdi.
Səfər çərçivəsində kollektiv ilk olaraq Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər güllər düzülüb.
Tamaşa öncəsi mətbuat nümayəndələri ilə görüşdə teatrın direktoru Səxavət Məmmədov qastrol səfərinin reallaşmasına göstərilən köməyə görə Mədəniyyət və Turizm Nazirliyinə, Mingəçevir Şəhər İcra Hakimiyyətinə və Akademik Milli Dram Teatrına minnətdarlığını bildirdi. O, rəhbəri olduğu teatrda gedən yaradıcılıq prosesi, repertuarın qurulması, kadr islahatları, hazırlanan tamaşalar haqqında danışdı. “Eşq və intiqam” tamaşasının quruluşçu rejissoru, Xalq artisti Zülfüqar Abbasov beşpərdəli səhnə əsərinin ideyası, bədii-estetik tutumu, aktyor ifası barədə məlumat verdi.
Sənət axtarışları ilə
Bu məqamda deməliyəm ki, bölgə teatrının paytaxt səhnəsində, akademik teatrda tamaşa nümayiş etdirmək istəyi alqışlanmalıdır. Bununla həm aktyorlar öz potensiallarını daha geniş çevrədə nümayiş etdirir, həm də müəyyən mənada təcrübə qazanmış olurlar.
Bu mənada Mingəçevir teatrı istəyinə nail oldu. Qonaq teatrın təəssübkeşlərini akademik teatrda izləməyə gələn tamaşaçılar xoş ab-hava yaratmışdılar. Diqqətçəkən bir məqam da paytaxt teatrlarının rəhbərlərinin, rejissor və aktyor heyətlərinin də həmkar həmrəyliyi ilə tamaşaçı sıralarında yer almaları idi.
Qonaqlarını qarşılayan teatrın direktoru Səxavət Məmmədov, tamaşa öncəsi sənət dostları ilə müzakirə aparan Xalq artisti, quruluşçu rejissor Zülfüqar Abbasov, eləcə də səhnə arxasında qəribə bir sevinc və həyəcanla pərdənin açılmasını gözləyən aktyorlarla qısa söhbət etmək imkanı qazandım.
Səxavət Məmmədovun fikrincə, belə səfərlər teatrın inkişafına və aktyorların məsuliyyət hissinin artmasına, özlərinin nümayiş imkanlarının daha da genişlənməsinə xidmət edir: “Bu ilk növbədə bizim teatrın aktyor truppasının inkişafı və Bakının teatr mühitində özlərini nümayişi baxımından əhəmiyyətlidir. Bölgə teatrında çalışan aktyor üçün ölkənin baş səhnəsində çıxış həm də məsuliyyətdir. Gələcəkdə paytaxtın digər teatrlarının səhnələrində də çıxış etməyi düşünürük”.
Zülfüqar Abbasov bu qastrolun yeni tamaşaçı ilə qarşılaşmaq, fərqli aktyor oyunu ilə tanışlıq mənasında gənclərin məsuliyyətini artıran səfər olduğunu bildirdi: “Hər teatrın öz yaradıcılıq yolu var və bu nümunə ilə biz teatrımızın üslubunu, klassik məktəbə əsaslanma tərzini də göstərmiş olacağıq”.
Tamaşanın qəddar Səfi bəyi Qabil İbrahimli də bu kimi səfərlərin önəminə diqqət çəkdi. Onun fikrincə, illər öncənin qastrol ənənəsinin bərpası qarşılıqlı əlaqələrin möhkəmlənməsi, teatrların yaradıcı mübadiləsi üçün yaxşı addımdır: “Məqsəd klassik mövzulu tamaşanı həm bu sahənin bilicilərinə, həm də tamaşaçılarına göstərməklə bir növ teatrın özünün tamaşaçı ilə görüşə maraqlı olduğunu göstərmək istəyirik. Tələbkar və zövqlü Mingəçevir tamaşaçıları qarşısında hər çıxış bizim üçün məsuliyyətli və maraqlıdır. Amma akademik teatrın səhnəsində, daha geniş auditoriya qarşısında çıxış bizim üçün xoşdur”.
“Eşq və intiqam”ın Zöhrəsi, teatrın ali dərəcəli aktrisası Fəridə Məmmədova teatrlarında gənclərə yaradılan şəraitdən məmnunluqla danışdı: “Çox vaxt bölgə və paytaxt teatrı deyə bölgü aparırlar. Amma sənət, yaradıcılıq, peşəkarlıq, iş əzmi olan yerdə məkanın heç bir önəmi yoxdur. Bu mənada bizim teatrda da iş gedir, gənclərə öz potensiallarını nümayiş üçün yetərli meydan verilir”.
Teatrın daha bir gənc aktyoru, tamaşada əsas obrazlardan olan Çingizin ifaçısı Hüseyn Mustafayev isə Bakı səhnəsində çıxışın həyəcanverici olduğunu dilə gətirdi: “2012-ci ildən çalışdığım bu teatrda daim gənclərə diqqət və qayğının şahidi olmuşam. İnanıram ki, gənclərə qayğı bundan sonra da davam edəcək”.
“Eşq və intiqam”ın faciəsi
Tamaşa barədə təhlilə keçməzdən öncə deməliyəm ki, 13 illik fasilədən sonra akademik teatrın səhnəsinə yenidən çıxan “işıqlar şəhəri”nin teatrı formalaşdırdığı üslub və bu üslubdakı klassik teatr ənənələrinin yaşadılması, aktyorun məhz klassik əsərdə yetişməsi prinsipinə yenə sadiq qaldı. Əsas etibarilə gənclərin yer aldığı tamaşa məhz onların dilindən yeni nəslə, fərqli meyarlara köklənən korşalmış insan münasibətlərinə sərt baxışı ortaya qoya bildi. Beləcə, istər rejissor, istərsə də aktyorlar müəllifin uzun illər əvvəl problem kimi ortaya qoyduğu mövzudakı əsas ideyanı - əxlaq normalarının bütün zamanlar və təbəqələr üçün ali olduğunu dönə-dönə qabartdı. Özü də bu, çığır-bağırlı, pafoslu, söz yığını ilə başa gəlmədi. Dramaturji məhsuldan çıxmadan, sadə mizanlardan qaçılmadan, yəni tamaşaçını çox çək-çevirə salmadan birbaşa deyildi. Bəzən sərt, bəzən amiranə, bəzən də yalvarışla səslənən bu mesajlar - qəhrəmanların hayqırtılarından nalə-fəğanlarına ruh hallarının təsviri tamaşaçını təsirinə sala bildi. Səhnə əsəri boyu 5-6 dəfə sürəkli alqışlar yüksəldi.
Təbii ki, bu uğurda, orijinal yanaşmada dramaturji materialın öz yeri var. Əsərin mövzusu bolşevik inqilabından əvvəlki Azərbaycanda insanları fəlakətə salan adət-ənənələrdən, mülkədar və bəylərin törətdikləri qanlı faciədən, gənclərin bu müsibətlərdən xilas olmaq cəhdlərindən, onların azad məhəbbətindən, bir sözlə, haqsızlığa qarşı çıxan insanların həyatından bəhs edir. Amma buna baxmayaraq, varlının kasıbı əzməsi, onun əxlaqını heçə sayması, ən ali hislərinə belə utanmadan toxunma cəhdi və bütün bunların sonunda intiqamın labüdlüyü, ədalətin qələbəsi, heç bir halda yanlış addımın cəzasız qalmadığı çılpaqlığı ilə tamaşaçıya göstərildi. Ən ülvi hislərin, ən ali sevginin də əxlaq meyarları qarşısında acizliyi və yanlışların, müqəddəs yalanların belə bir insanın, bir nəslin faciəsinə səbəb olacağı da alt qatda göstərilmiş oldu.
Rejissorun əsərə yanaşması maraqlıdır, tamaşaya əlavə etdiyi proloq xüsusilə diqqətəlayiqdir. Nikbin notlarla başlayan tamaşa bir növ tamaşaçıya gərgin anların yaşanacağı barədə xəbərdarlıq edir və onu diqqətli olmağa çağırır.
Tamaşa namusu tapdalanan (öz süd qardaşı Şahbaz bəy tərəfindən) Qəmərin oğurlanması, Əlimərdan və İbadın intiqam ehtirası ilə başlayır. Rejissor bu proloqla tamaşaçını hadisələrin gedişində birbaşa hissi və əqli cəhətcə iştirak etməyə vadar edir və onu sonadək - intiqamın alınma anınadək həyəcanda saxlayır.
Faciəvi sonluqla bitən səhnə əsərində rol alan əməkdar artistlər Akif Mirabov (Piri baba), Ella Yaqubova (Həcər xanım), aktyorlar Şıxı Qurbanov (Əlimərdan), İlqar Rəhimov (İbad), Afət Əliyeva (Yasəmən), Elmira İbrahimova (Xalisə nənə), Hüseyn Mustafayev (Çingiz), Jalə Davıdova (Qəmər), Firuz Hacıyev (Cəbi), Aydın Quliyev (Şahbaz bəy), Eyvaz Əliyev (Şəmsi bəy), Fəridə Məmmədova (Zöhrə xanım), Qabil İbrahimli (Səfi bəy) rejissorun səhnə, oyun tələblərini ödəməyə çalışdılar. Hər şeydən əvvəl inandırıcı və səmimi olmağı bacaran aktyorlar seyrçiləri faciənin əsl mahiyyəti barədə düşünməyə vadar etdilər.
Sadə səhnə tərtibatı, dövrün yaşam tərzinə xas məişət təsviri və geyimlər, situasiyadan asılı olaraq dəyişən musiqi gedişatda öz sözünü deyə bildi.
* * *
Alqışlarla müşayiət olunan tamaşadan sonra teatrşünas, sənətşünaslıq doktoru, professor, ADMİU-nun prorektoru Məryəm Əlizadə təəssüratlarını bizimlə bölüşdü: “Sevindirici haldır ki, tamaşa zalı dolu idi və hər kəs maraqla qonaqların çıxışını gözləyirdi. Teatrın yaradıcı heyəti öz potensialı çərçivəsində tamaşanı hazırlayarkən qarşılarına qoyduqları bədii məqsədi əhatə etməyə çalışmışdılar və müəyyən mənada buna nail olmuşdular. Arzu edirəm ki, bu teatr öz repertuarını qurarkən tarazlığı saxlasın və klassik nümunələrlə yanaşı, müasir dramaturgiyamızın nümunələrinə də yer versin. Beləcə, öz tamaşaçılarına bu günün dramaturqlarını da tanış etmiş olsunlar”.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.- 29
aprel.- S. 6.