Avropa məkanında
mədəni irs sahəsində əməkdaşlıq
Xəbər
verdiyimiz kimi, 22-24 aprel tarixində Belçikanın Avropa
Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində
bu ölkənin Namür şəhərində Avropa
Şurası irs məsələləri üzrə məsul
nazirlərinin konfransı keçirilib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev aprelin 24-də “Əməkdaşlığın inkişafı” başlıqlı paneldə çıxış edib.
Mədəniyyət və turizm nazirinin birinci müavini çıxışında Azərbaycan hökumətinin son illərdə mədəni irsin qorunması sahəsində fəaliyyətindən, bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb. 2014-cü ilin may-noyabrında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini xatırladan Vaqif Əliyev bu müddətdə ölkəmizin qurumun üç aparıcı sahəsi - insan hüquqları, hüquq normaları və demokratiya üzrə hədəflərinə xidmət göstərməklə yanaşı, həm də mədəniyyət sahəsinə töhfə verdiyini deyib. Ölkəmizin “Avropa irs günləri” layihəsinin bütün Avropa üzrə mərkəzi tədbirinə ev sahibliyi etdiyi xüsusi vurğulanıb.
Vaqif Əliyev konfrans iştirakçılarına may ayında Bakıda təşkil ediləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və iyun ayında keçiriləcək I Avropa Oyunları barədə məlumat verib, iştirakçıları bu tədbirlərə dəvət edib.
Qeyd edək ki, Avropa Şurası irs məsələləri
üzrə məsul nazirlərinin konfransında 37 ölkə
və 20-dən çox beynəlxalq təşkilatı təmsil
edən nümayəndələr iştirak ediblər. Tədbirin
əsas məqsədi Avropa irs strategiyasının
hazırlanması üzrə məsləhətləşmələrin
aparılması, bununla bağlı müvafiq mövzular, prioritetlər
və mexanizmlər üzrə qaydaların
razılaşdırılması olub. Sayca 6-cı dəfə
təşkil edilən konfransın yekununda Avropa irsinin
qorunması və təşviqi üzrə bəyannamə qəbul
edilib.
Mədəniyyət.- 2015.- 29
aprel.- S. 5.