Qara Qarayev musiqi
festivalı tarixə qovuşdu
Aprelin 24-də Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən Qara Qarayev
VI Müasir Musiqi
Festivalına yekun vuruldu.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən bağlanış konsertində “Xütbə, Dua, Tufan” ideyasına uyğun olaraq seçilmiş musiqilər ifa olundu. Konsertdə Beat Furrer, Bo Nilsson, Aleksandr Vustin, İqor Stravinski, İsmayıl Hacıbəyov, Con Tavener, Arnold Şönberq və Vitold Lütoslavskinin əsərləri səsləndirildi.
Musiqiləri Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyİr Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Rusiyanın “Questa musica” ansamblı ifa edirdi. Kollektivlərə Rauf Abdullayev, Filipp Çijevski və Fuad İbrahimov dirijorluq edirdi. Gecədə solistlər Yekaterina Kiçigina, Fəridə Məmmədova, Nadya Zelyankova, Sergey Malinin və Andrey Kaplanov çıxış etdilər.
Qeyd edək ki, 20-24 aprel tarixində keçirilən festival çərçivəsində ustad dərsi, dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər, müasir musiqi sənətinə həsr olunmuş konfrans və mühazirələr keçirilib, multimedial opera nümayiş olunub.
Zəngin proqramı ilə seçilən festival klassik musiqi auditoriyası üçün vokal janrının qeyri-adi imkanlarının nümayişi ilə, eyni zamanda yeni bəstəkar isimləri və yeni əsərlərlə tanışlıq baxımından yaddaqalan oldu.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 29 aprel.- S. 5.