Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq elmi əməkdaşlıq şəbəkəsi genişlənir

Mədəniyyət müəssisələri əməkdaşlarının peşə səriştələrin artırılması və qabaqcıl təcrübənin mənimsənilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi mədəniyyət siyasətinin strateji hədəflərindəndir. Bu məqsədlə müxtəlif tədbirlər həyata keçirilir, o cümlədən xarici ölkələrin mədəniyyət və incəsənət sahələrində yüksək ixtisaslı kadrların hazırlanması ilə məşğul olan tanınmış elmi və ali təhsil müəssisələri ilə əməkdaşlıq genişlənir.

Nazirliyin Elm sektorunun müdiri Asif Usubəliyev 21-25 aprel tarixində Qazaxıstan Milli İncəsənət Akademiyası ilə əlaqələrin yaradılması, habelə akademiya tərəfindən təşkil olunan mədəniyyət siyasəti üzrə beynəlxalq elmi ustad dərsləri çərçivəsində "Müasir çağırışlar və mədəniyyət siyasəti: Azərbaycan təcrübəsi" mövzusunda mühazirə aparılması məqsədilə Almatı şəhərinə ezam olunub.

Səfər zamanı akademiyanın rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində sözügedən tədris ocağı ilə Respublika Mədəniyyət Müəssisələri Hazırlıq və İxtisasartırma Mərkəzi arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına dair razılıq əldə olunub. Əməkdaşlıq çərçivəsində birgə tədbirlərin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, habelə akademiyanın xarici tərəfdaşları olan Avropanın nüfuzlu ali məktəblərinin nümayəndələri tərəfindən müxtəlif mövzulara həsr olunmuş təlimlərin Azərbaycanda təşkili nəzərdə tutulur.

Qeyd edək ki, Respublika Mədəniyyət Müəssisələri Hazırlıq və İxtisasartırma Mərkəzi ilə Minsk Dövlət İncəsənət və Mədəniyyət Universiteti arasında imzalanmış analoji müqaviləyə əsasən qarşılıqlı təcrübə səfərləri ilə yanaşı, indiyədək 30 nəfərdən artıq müxtəlif ixtisaslı mədəniyyət işçisi Minskdə sertifikat xarakterli kurslarda iştirak edib. Genişlənən beynəlxalq elmi əməkdaşlıq şəbəkəsi sayəsində xarici ölkələrdə təşkil olunan kurslara əsas etibarilə regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları ezam olunur. Bu, eyni zamanda nazirlik tərəfindən regionlarda mədəniyyətin inkişafına diqqətin təcəssümüdür.

 

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 4.