Parisdə azərbaycanlı rəssamların sərgisi

Parisin səkkizinci rayonunda yerləşən məşhur “Russki mir” qalereyasında azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb. Sərgidə respublikamızın əməkdar rəssamları Əsmər Nərimanbəyova, Hüseyn Haqverdi, İsmayıl Məmmədov, eləcə də tanınmış fırça ustaları Knyaz Şükürov, Mirzə Yusif, Təvəkkül Abbasov və Anar Hüseynzadənin yağlı boya ilə çəkdikləri ümumilikdə 35 əsər nümayiş olunub.

Sərgi böyük maraq doğurub. Açılışda Rusiyanın Fransadakı səfirinin, məşhur rəssamların, mədəniyyət və incəsənət xadimlərinin iştirakı buna əyani sübutdur.

Sərginin məsul əməkdaşı İrina Suvarova bildirib ki, “Russki mir” qalereyasında vaxtaşırı müxtəlif ölkələrin tanınmış rəssamların əsərləri nümayiş olunur. Azərbaycanlı rəssamların sərgisi mayın 30-dək davam edəcək.

 

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 4.