“Min nəfəs,
bir səs” beynəlxalq teatr festivalı başa çatır
Aprelin 20-də Türkiyənin Konya şəhərində başlanan türkdilli ölkə teatrlarının ənənəvi “Min nəfəs, bir səs” teatr festivalı sona çatmaq üzrədir. 8-ci dəfə təşkil olunan festivala aprelin 30-da yekun vurulacaq.
Konya Dövlət Teatrının ev sahibliyi və TÜRKSOY-un dəstəyi ilə baş tutan festivalda Azərbaycanı Şəki Dövlət Dram Teatrı təmsil edir. Kollektiv festivalda J.B.Molyerin “Xəsis” tamaşasını təqdim edib. Festivala fəxri qonaq qismində Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov qatılıb. Festival müddətində bu il TÜRKSOY tərəfindən 100 illiyi qeyd olunan ünlü türk dramaturqu Haldun Tanerin xatirəsinə həsr olunmuş beynəlxalq pyes müsabiqəsi də keçirilib. Müsabiqənin münsiflər heyətində professor İsrafil İsrafilov da yer alıb.
Qeyd edək ki, festivalda Türkiyədən Ankara, Bursa, Sivas və Konya dövlət teatrları, habelə Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Türkmənistan, Rusiya Federasiyasının Dağıstan, Başqırdıstan və Xakasiya respublikaları və Kosovodan teatrlar iştirak edir.
Tədbirlərdə Türkiyə Dövlət Teatrlarının baş direktoru Nejat Birecik, TÜRKSOY-un baş direktorunun müavini Fırat Purtaş, Azərbaycanın qurumdakı nümayəndəsi Elçin Qafarlı, Avrasiya Yazıçılar Birliyinin rəhbəri Yaqub Öməroğlu, Haldun Tanerin həyat yoldaşı Demet Taner iştirak ediblər.
F.Purtaş görkəmli dramaturqun xatirəsinə həsr edilən medalı mərhum sənətçinin xanımı Demet Tanerə təqdim edib. O, TÜRKSOY-un bundan sonra da “Min nəfəs, bir səs” teatr festivalına dəstək verəcəyini bildirib: “Bu festivalın sayəsində indiyədək 100-dək pyesi türk dillərində teatrsevərlərin görüşünə gətirdik”.
Qeyd edək ki, builki festivala 6-sı Türkiyədən və 9-u digər türkdilli ölkələrdən olmaqla 15 tamaşa təqdim olunub.
Mehparə
Mədəniyyət.- 2015.- 29
aprel.- S. 3.