Daşkənddə "İstirahət dünyası" sərgisində Azərbaycan guşəsi

Aprelin 27-28-də Özbəkistanın paytaxtı Daşkənddə ənənəvi "İstirahət dünyası" beynəlxalq turizm sərgisi keçirilib. Asiya və Avropanın müxtəlif ölkələrinin qatıldığı tədbirdə Azərbaycanda təmsil olunub.

Açılışda çıxış edən Özbəkturizm Milli Şirkətinin sədr müavini Ənvər Temirxodjaev ölkəsinin bu sahədə uğurlarından bəhs edib. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev mərasimdə çıxış edərək, ölkəmizdə son illər turizm sahəsində həyata keçirilən layihələr barədə danışıb. Çıxışlardan sonra sərginin rəsmi açılışı olub.

Sərgidə ölkəmizi səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və “Naftalan Çinar” hoteli təmsil edib. Stendimizin ziyarətçilərinə ölkəmizin turizm imkanlarına dair nəşrlər paylanılıb. Tədbirdə həmçinin özbək turistləri üçün Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən avqust ayında Naftalana təşkil ediləcək müalicə-istirahət turunun təqdimatı olub.

Sərgi çərçivəsində folklor və musiqi qrupları çıxış edib. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının çıxışı da maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 2.