Kino işçilərinin
peşə bayramı qeyd olundu
“Bu gün filmlərimiz dünya
kino bazarında tanınmağa
başlayıb. Ölkəmizdə keçirilən festivallar, bura gələn
xarici kino mütəxəssisləri
- bütün bunlar kinomuzun yüksəlişindən xəbər
verir”
1898-ci
ilin 2 avqustunda
Bakıda ilk kinosüjetlərin kütləvi
nümayişi ilə əsası qoyulan Azərbaycan kinematoqrafiyası 117
yaşını tamamladı. Prezident Heydər
Əliyevin 2000-ci il dekabrın 18-də
imzaladığı sərəncama əsasən, bu tarix kino
işçilərimizin peşə bayramına çevrilib. Azərbaycan Kinosu Günü bu il də ənənəvi olaraq
təntənəli mərasimlə və yeni
ekran əsərinin premyerası ilə qeyd olundu.
İyulun 31-də Nizami
Kino Mərkəzində keçirilən
təntənəli mərasimdə mədəniyyət və
incəsənət xadimləri, kino
ictimaiyyətinin nümayəndələri iştirak
edirdi.
Əvvəlcə
son dövrlərdə istehsal
edilən filmlər və kino aləmində
baş verən yenilikləri özündə
əks etdirən videoçarx nümayiş olundu. Videoçarxda ötən dövrün
film təqdimatları, kinofestivallarda
qazanılan uğurlar, yubiley
gecələri, tanınmış kino
mütəxəssislərinin ustad dərsləri
əksini tapmışdı.
Sonra günün
premyerası - Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında lentə alınan "4.1 şəhər
motivləri" kinoalmanaxı haqqında məlumat verildi. Bildirildi ki, almanax xarici
ölkələrdə yaşayıb təhsil alan
azərbaycanlı rejissorların çəkdikləri 5
qısametrajlı filmdən ibarətdir.
Təbriklər
və arzular
Tədbirdə
çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kino işçilərini peşə
bayramları münasibətilə təbrik etdi.
Bildirdi ki, bu gün ölkəmizdə
mədəniyyətin bütün sahələri
kimi, kino sahəsi də
inkişaf edir.
Qeyd olundu
ki, ötən əsrin 90-cı illərinin
əvvəllərində keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi, Azərbaycanda
da, kinematoqrafiya tənəzzülə
uğramaq üzrə idi.
Bu gün isə, həmin
dövr heç
olmayıb kimi, keçdiyimiz
çətinlikləri unuduruq. Biz daim yaxşı rejissor, ssenari
axtarışındayıq, filmlərin festivallarda
az uğur
qazanmasından narazılıq edirik: “Amma bu işin
içində olan insanlar
üçün mənzərə daha fərqlidir. Əvvəlki onilliklərdən
fərqli olaraq, son illərdə
böyük nəticələr əldə
edilib. Azərbaycan kinosunun
sorağı dünyanın məşhur festivallarından gəlir.
Kino mərkəzləri yenidən qurulur, kino sənayesinin
inkişafı üçün bütün istiqamətlərə yol açılır, istehsal
mexanizmi müasirləşir. Bu gün nə qədər
özəl studiyalar fəaliyyət
göstərir, "Azərbaycanfilm" kinostudiyasının
nəzdində əlavə studiyalar tam gücü ilə
işləyir. Filmlərin festivallarda
iştirakı, gənc rejissorlara, kino kadrlarına yaşıl
işığın yanması, layihələrin ərsəyə
gəlməsi - bütün bunlar Azərbaycan kinosunun
uğurları sırasındadır".
Ədalət
Vəliyev qeyd etdi ki, 20-25 il əvvəl bizi dünyada daha çox incəsənətin
digər növləri ilə tanıyırdılarsa, bu gün filmlərimiz dünya kino bazarında
yetərincə tanınmağa başlayıb: "Ölkəmizdə
keçirilən kinofestivallar, bura gələn xarici kino
mütəxəssisləri, ustad dərsləri
və s. kinomuzun
yüksəlişindən xəbər verir.
Eyni zamanda özəl
kinoteatrların sayının artması kinoya
olan maraqdan xəbər
verir. Bu gün Azərbaycanda kinonun
müxtəlif sahələri üzrə gənc mütəxəssislər,
kino rəssamları, rejissor,
qrim ustası və bəstəkarlar yetişir. Mədəniyyətin bu çətin sahəsi ilə məşğul
olan sənət adamlarını bir daha təbrik edir, işlərində uğurlar
arzulayıram".
Peşə
bayramının sevinci və
mükafatları
Əlamətdar
gündə ikiqat sevinc
yaşayan kino
işçiləri də oldu. Ədalət
Vəliyev bir qrup kino mütəxəssisinin Mədəniyyət
və Turizm Nazirliyinin
“Fəxri mədəniyyət işçisi”
döş nişanı ilə təltif edildiyini nəzərə çatdırdı
və nişanları sahiblərinə təqdim etdi.
“Azərbaycanfilm”
kinostudiyasının əməkdaşları, kinooperator
Tərlan Babayev, çəkilişə
hazırlıq sexinin rəisi Əziz Məmmədov,
Dövlət Film Fondunun
baş mühəndisi Afaq
Allahverdiyeva, filmlərin bərpası
üzrə baş mütəxəssis Tamilla Muxtarova, “Azanfilm” studiyasının rejissor-animatoru
Aleksandra Şirinova və
“Vətən” kinoteatrının videomühəndisi Məmməd Kərimovun
bayram sevincinə sevinc
qatıldı. Onlar fəaliyyətlərinə
göstərilən diqqətə görə Mədəniyyət
və Turizm Nazirliyinə təşəkkürlərini
bildirdilər.
Peşə
bayramı münasibətilə mədəniyyət və turizm nazirinin əmrinə
əsasən bir qrup kino veteranı da
mükafatlandırıldı. Veteranlara
mükafatı nazirliyin Kinematoqrafiya
şöbəsinin Kino
yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov təqdim etdi. Mükafatlandırılanlar
sırasında “Azərbaycanfilm” kinostudiyasının, “Salnamə”
və “Mozalan” studiyalarının, Dövlət
Film Fondunun, Nizami Kino Mərkəzinin əməkdaşları
da vardı.
Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqı da tədbirə əliboş gəlməmişdi.
İttifaqın sədri, Xalq artisti, professor Şəfiqə
Məmmədova səhnəyə çıxaraq həmkarlarına
təbriklərini çatdırdı. Azərbaycan kino sənəti sahəsində
çalışan hər kəsə cansağlığı
arzuladı və bu il
yubileyləri qeyd edilən kino
xadimlərinin pul mükafatı ilə təltif
olunduğunu bildirdi.
“4.1
şəhər motivləri”nin yaradıcı heyəti səhnədə
Təltifetmə
mərasimindən sonra “4.1 şəhər
motivləri” kinoalmanaxının yaradıcı heyəti səhnəyə
dəvət olundu. Layihənin prodüseri İradə Bağırzadə
çəkilişdə əməyi keçən hər kəsə
təşəkkürünü bildirdi. Daha sonra rejissorlar
çəkiliş prosesindən söz
açdılar. Ərsəyə gətirdikləri ilk işlərindən məmnun
olduqlarını bildirdilər.
Filmlərdə
çəkilən aktyorlardan Əbdül
Mahmudov, Zemfira
Sadıqova, Cavanşir Hadıyev və
başqaları təəssüratlarını
bölüşdülər. Yaradılan şəraitə görə
kinostudiyanın rəhbərliyinə təşəkkürlərini
ifadə etdilər.
Sonda “4.1 şəhər motivləri”
filmi tamaşaçılara təqdim edildi.
Qeyd edək ki,
almanaxa "Qonşu
qadın" (rejissor Anar
Abbasov, operator Aleksey Şepilev),
"20-ci mərtəbə" (rejissor Teymur İsmayılov, operator
Nadir Mehdiyev), "Dmitrov küçəsi ev
86" (rejissor Cəfər Axundzadə, operator Əlişir Hamid Xocayev), "Kədərim" (rejissor Rüfət Həsənov, operator Mixail Benkin) və "Zabitin
şərəfi" (rejissor Vüqar İslamzadə,
operator Cabir Əliyev)
qısametrajlı filmlər daxildir.
Almanaxın
redaktoru Yusif Şeyxov, prodüserləri Müşfiq
Hətəmov və İradə Bağırzadədir. Layihənin
quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri
Azər Quliyevdir.
Mədəniyyət. – 2015. – 5 avqust. S 5.