İnancların poetikası”

 

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Babayevin “İnancların poetikası” adlı yeni monoqrafiyası çapdan çıxıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru AMEA Folklor İnstitutu mifologiya şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy, rəyçiləri AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev, Qadir Qədirzadə və Vəli Baxşəliyevdir.

Azərbaycan folklorunun aktual problemlərindən birinə həsr olunan tədqiqat əsərində xalq arasında geniş yayılan inancların strukturu araşdırılıb, obrazlar təhlil edilib, onlara məkan və zaman kontekstində yanaşılaraq janrın imkanları üzə çıxarılıb. Tədqiqatçı inanclarda əks olunan obrazların mifoloji mahiyyətini açaraq onun mifoloji təsəvvürlərdəki yerini müəyyənləşdirib. Araşdırılan inanclarda əks olunan obrazlar Azərbaycan xalqının mifoloji düşüncəsi kontekstindən təhlil edilib. Monoqrafiyada inanclarda əks olunan hadisələrin müəyyən məkan və zaman kontekstində baş verməsi ilə bağlı məsələlər də araşdırılıb. Təhlilə cəlb olunan mətnlərdə “bu dünya” və “o biri dünya” anlayışları aydın şəkildə izah olunub. Bu baxımdan müəllifin “Kitabi-Dədə Qorquddan gətirdiyi örnəklər dünyanın quruluşu ilə bağlı ən qədim təsəvvürləri əks etdirireyni zamanda dastanın qədimliyinə işarə edir.

Monoqrafiya Azərbaycan folklorunda əks olunan, müəyyən məkan və zaman daxilində fəaliyyət göstərən mifoloji obrazların araşdırılması sahəsində dəyərli elmi əsərlərdən biri olmaqla ümumtürk mifologiyasının öyrənilməsi üçün də əhəmiyyətli mənbədir.

 

Mədəniyyət.- 2015.- 7 avqust.- S. 15.