Qəbələ
tarixinin açılmamış səhifələri
Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərinin
ərazisində aparılan arxeoloji
qazıntı işləri uğurla davam etdirilir. Rayonun Çuxur Qəbələ kəndi ərazisində
yerləşən qədim Qəbələ şəhərinin
xarabalığında Azərbaycan-Koreya Mədəniyyət
Mübadiləsi Assosiasiyasının (SEBA) dəstəyi ilə
AMEA-nın Arxeologiya və Etnoqrafiya
İnstitutunun Qəbələ arxeoloji ekspedisiyası və Koreya
Respublikasının arxeoloqları tərəfindən birgə
aparılan qazıntı işləri 3 ərazidə həyata
keçirilir.
Arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılır. Arxeologiya və Etnoqrafiya İnstitutunun antik dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayevin rəhbərliyi ilə aparılan tədqiqat işləri zamanı yeni maddi mədəniyyət nümunələri aşkar edilib.
İlyas Babayevin sözlərinə görə, tədqiqatlar zamanı qədim Qafqaz Albaniyasına məxsus taxıl anbarları, ilk dəmir dövrünə aid materiallar və kurqanlar, eləcə də qədim insanların məişət həyatını əks etdirən saxsı və şüşə qablar, mis pullar, ox ucluqları, sümükdən və şüşədən hazırlanmış bəzək əşyaları aşkarlanıb. Yeni eksponatlar Qəbələ Arxeoloji Mərkəzində ən müasir texnologiyalarla təchiz edilən laboratoriyalarda bərpa olunduqdan sonra ekspozisiya zalına yerləşdiriləcək.
Hazırda qədim Qəbələnin antik şəhər yeri, Qala və Güllütəpə adlanan ərazilərində Seul Milli Universitetinin arxeologiya və incəsənət tarixi kafedrasının müdiri Kim Con Kilin rəhbərlik etdiyi arxeoloji qrupun 6 üzvünün və yerli mütəxəssislərin birgə iştirakı ilə qazıntı işləri davam etdirilir.
Qəbələnin zəngin tarixinin
üzə çıxarılmasında son
illər Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi
Assosiasiyasının (SEBA) gördüyü
işlər mühüm yer
tutur. Azərbaycanlı alimlərin
koreyalı mütəxəssislərlə birgə apardıqları
arxeoloji tədqiqatlar nəticəsində
Qəbələ tarixinin
açılmamış yeni səhifələri
ortaya çıxıb. 2005-ci ildən bəri
Qəbələdə aparılan ardıcıl arxeoloji qazıntılar zamanı əldə olunan maddi mədəniyyət
nümunələri Çuxur Qəbələ
kəndində yerləşən Qəbələ Arxeoloji Mərkəzində mühafizə olunur.
Mədəniyyət.- 2015.- 7
avqust.- S. 15.