Ürək:
müəmmalar səltənəti
Ürək! Sən
insan köksünün
çırpınan, sirlərlə, dərdlərlə dolu bir aləmisən. Sən,
hər insanın yumruğu boyda olsan da,
sirlər, sehrlər, arzular, istəklər,
niyyətlər məskənisən...
Dünyada hər bir şeyi sənlə dəyərləndirib, onun qiymətini sənin adınla verirlər. Yaxşı oxuyana gözəl səsin, gözəl ürəyin var, deyirlər. Yaxşı yazana gözəl qələmin, böyük ürəyin var, deyirlər. İnsan birinə yaxşılıq edəndə “onun nə böyük ürəyi var imiş” - deyirlər. Kövrək, həlim insana, “kövrək ürəkli”, qəddar, amansız insana isə “daşürəkli”, yaxud “ürəksiz” deyirlər...
İnsanın bütün işini, hər amalını, arzu və niyyətlərini səninlə bağlayırlar, ay ürək!
Sən insanın həm də güvən yerisən. İnsan heç kimlə bölüşə bilmədiyi, heç kimə deyə bilmədiyi arzusunu, niyyətini, dərdini, sirrini sənə etibar edir, sənlə bölüşür, səndən kömək, imdad diləyir. İnsan çətinə düşəndə sən olursan onun ən yaxın təsəllisi, ən yaxın məsləkdaşı, ən yaxın dostu, həmdəmi. Bir işi görmək istəyən zaman insan ilk dəfə sənlə dərdləşir, öz içində götür-qoy edib bir nəticə hasil etməyə çalışanda sən olursan onun yanında. Sən insan fikirlərini, insan duyğularını yerli-yerində bölüşdürməkdə insanın ən yaxşı məsləkdaşı, ən yaxşı köməkçisi olursan, ay ürək!
Ürək, mən isə səni tənhalığın ən yaxın dostu, həmdəmi adlandırmaq istəyirəm. Həyatı boş olan tənha insanları sən heç vaxt tək qoymadan, gecə də, gündüz də onların yanında olub, darıxmağa, inciməyə qoymursan. İnsan darıxıb dərdini sənə deyəndə, ona həmdəm olursan. Bəzən heç kimə göz yaşlarını göstərməyən insanlar bu yaşları ürəyinə axıdanda sən yenə də öz qollarını açaraq bu yaşlara bələnirsən, onu tək qalmağa, acı çəkməyə qoymursan...
Sən insan daxilinin ən etibarlı sirdaşısan. Axı insan
istəsə belə,
səni heç nə ilə əvəz edə bilməz. Sən insanın ən
əvəzsiz parçasısan.
Elə bir parçası ki, onun qiyməti
heç bir yerdə yoxdur. Sən istədiyin vaxt insanı sevindirib güldürür, istədiyin
vaxt isə kədərləndirib ağlada
bilirsən.
Sən ağrıyanda,
sən sızlayanda isə insan bu ağrıdan çox qorxub sənə əlac etməyə çalışır. Sənin inciməyini,
möhkəm çırpınıb
çapalamağını istəmir heç kəs. Axı insan dünyasının
səndən etibarlı
dostu, səndən böyük güvən yeri yoxdu. Yumruq boyda olduğun halda hardandı səndə bu boyda etibar, bu
boyda dəyər, bu boyda sevgi-məhəbbət,
hardandı, axı?!
İnsan səninlə sevir, səninlə sevilir, ürək. İnsan sevdiyi insanı
səninlə sevəndə,
səni ona verəndə bu sevgi daimi, əbədi,
əlçatmaz, ünyetməz
olur. Ürək verilən sevgi
daimi, qibtə olunan, nümunəvi olur. Ona görə də deyirlər ki, ”Əgər sevirsənsə, ürəklə
sev, onda bu sevginin istisi
qəlbini daim hərarətli və təravətli edəcək”.
Əgər səndə xoş
niyyət, böyük
sevgi, yaxşı duyğular varsa, səni daşıyan insan öz gözəlliyini,
təravətini və
cavanlığını qoruyub
saxlaya bilir, onun siması sanki işıq saçır aləmə.
Ürəklə görülən işin həmişə gözəl
nəticəsi olur. “Ürəksiz”
görülən iş
heç vaxt insanı sevindirib ona başucalığı
gətirə bilmir...
Səni sevməyənin dəlisi olub, onun vurğununa
çevrilirsən, nədən?! Onda sən
nə qədər yanıb-yaxılsan da, ağlayıb-sızlasan da,
içinə yazdığın
adı oradan qoparıb ata bilmirsən, nədən?!
O sevgi ilə, o duyğu ilə içdən daim sızlaya-sızlaya çırpınırsan,
heç kimə anlatmadan, heç kimə bildirmədən. Bəs o zaman sənin dağlar boyda olan qürurun
harada qalır ki, bir hiss, bir
duyğu ilə bacara bilmirsən... Sən nə qədər müəmmalı, nə qədər sirli, nə qədər duyğulusan?!
Bilə-bilə ki, sənsiz insan heçdi həyatda, nədən susub insanları yarıda qoyub onların arzu-istəklərini
puç edirsən?! Axı necə
qıyırsan buna, ürək? Sən insan
duyğusu, insan arzusu, insan amalının
həyatvericisi olduğun
halda bəs nədən onların bu niyyətlərinin, arzu-istəklərinin həyata
keçməsinə imkan
vermədən, susub dayanaraq onları yarıda qoyursan? Axı sən böyük sevgilər, böyük dözümlər məskəni
olduğun halda, nədən susub insanın həyata əlvida deməsinə imkan yaradırsan?! İnsan səndə bir dünya gəzdirdiyi halda sən sonda bir insanı
saxlaya bilmirsən.
İnsan
sənlə dünyaya
gəlir, nə qədər ki, sən köksündə döyünürsən sənlə
yaşayır, sən
susub dayananda isə gözlərini yumaraq bu həyata
əlvida deməli olur. Demək, sən insanın həm yaxın dostu, sirdaşı, sonda isə ən etibarsız yoldaşı olursan, ürək!..
Məryəm Əliyeva,
Kürdəmir rayon MKS-nin metodika-biblioqrafiya
şöbəsinin baş
biblioqrafı
Mədəniyyət.- 2015.- 7
avqust.- S. 15.