Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 75 yaşı tamam olur

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 75 illik yubileyini qeyd etməyə hazırlaşır. Mədəniyyət ocağı Azərbaycan xalqının qədim söz sənətinin, zəngin ədəbi irsinin təbliğatçısı kimi şərəfli missiyanı həyata keçirir.

Yarandığı gündən Azərbaycanın görkəmli elm xadimlərinin rəhbərlik etdiyi muzeyin ekspozisiyası qədim zamanlardan müasir dövrə kimi Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol haqqında məlumat verir. 2005-ci ildən “millistatusunu alan muzey dövlət başçısının diqqət və qayğısı sayəsində respublikanın mühüm elm və mədəniyyət ocağına çevrilib. Prezident İlham Əliyevin göstərişi ilə aparılan əsaslı yenidənqurma və təmir-bərpa işlərindən sonra muzeyin binası 2009-cu ildə yenidən istifadəyə verilib.

Muzey Azərbaycan ədəbiyyatı tarixini hərtərəfli öyrənib təbliğ etmək, milli ədəbiyyat nümunələrini toplayıb mühafizə etməklə yanaşı, muzeyşünaslığı inkişaf etdirmək, elmi-tədqiqat və muzeyşünaslıq sahəsində gənc kadrlar yetişdirməklə məşğuldur. Müstəqillik dövründə muzeyin fonduna 12 mindən çox eksponat daxil olub. Onların sırasında şair və yazıçıların arxivləri, rəsm əsərləri, heykəltəraşlıq nümunələri, xatirə əşyaları, əlyazmalar, köhnə və yeni çap, həmçinin hədiyyə kitabları, fotolar, qəzet və jurnallar yer alır.

 

Mədəniyyət.- 2015.- 7 avqust.- S. 14.