İncə sənətimizin...
inci istedadlı sənətkarının dadlı təsvir məhsulları...
“Dadlı”, “təsvir”,
“məhsul” ifadələrindən sonra “natürmort” terminini
yada salmamaq qeyri-mümkün. Bu isə, mütləq, bu
janrın fenomeni Toğrul Nərimanbəyovu xatırladası!
Müasir rəssamlığımızın ulu Toğrulunu.
Özü - qədim rəssamlıq sənətimizin
çağdaşbaxış nümayəndəsi, əsərləri
- çağdaşlıq nümunələri olan
Toğrulumuzu. Sir-sifətcə, “surəti-hal”ca da portret
görklü sənətkarımızı...
Doğumca bakılı, nəsil-kökcə şuşalı, qövmi-kökəncə turanlı, yaşamca çoxünvanlı, sənətcə həryerli. Ömrünü bu dünyanın gözəlliklərini əks etdirməyə və onları Dünyaya - hələ təsis edilməmiş “Bəşər TV”vari “canlıyayın”lamağa sərf edib.
Bu an yadıma həmin “yayın” löyünlərindən bir “retro”-natürmort düşdü ki, elə ona müqabil təptəzə bir -
Vizual xatırlama...
Səbəbkar - yenicə ayrıldığımız I Avropa Oyunlarının açılış mərasimindəki biri-birindən maraqlı elementlərin baş qəhrəmanı - Nar! Altmış beş minlik canlı tamaşaçı, yüz milyonlarla tele-seyrçi qarşısında qədim mədəniyyətimizin təbiət mücrüsü kimi açılıb-paçallanan simvolik Nar! Al-qırmızı gilələri əzəli-əbədi varlığımızın atribut-vahidlərini assosiasiya edən, sənədli qədər real təsir bağışlayan bədii Nar...
Və elə bu heynidə, orada səsləndirilən cürbəcür janr, rəngarəng məzmun və müxtəlif yaşlı musiqi nümunələrinin cərgəsinə qoşduğum qosqoca bir şərqiyə xəyallandım: “Naar, naar, nargilə - Gəlin gedək yar gilə”...
...Hə, hər kəs öz könlündəki arzu-istəklisi gilə, bəndənizsə, azı qırx il bundan əvvələ: Toğrul əfəndimizin “Nar” natürmortunu ilk dəfə gördüyüm günə. O vaxt hələ tələbə idik və elə bir az da bundan yana o köztək yanar narlardan od düşmüşdü cana! Hərəmiz öz ləhcə-leksikonumuzda sıxıb şirəsini çıxartdıq o natür-narların! Onlara baxa-baxa, udqunma şəbehi çıxaran kim, “bir sənət bıçağım olsaydı, bunları parçalayıb yeyərdim” deyən kim. O narlardan ən girdə və bir az qanavuzunu bizdən aşağı kursdakı Həziyeva Nargiləyə bənzədən və bunu “naməhrəm”lik kimi qəbul edib, müqəyyəd bir əhvala düşərək, onun acığına, elə həmin qrupdakı uzunsaçlı Giləyə işarətlə “Qaragilə” mahnısını “qaş-göz” notlarıyla oxuyan da oldu o gün. Ən rasional-nominal dəyəri isə, Əli Bayramlı (Şirvan) narını şedevr kimi təsnifatlandırıb, göyçaylı Svetanın əlini üzündə qoyan Vaqif Abbasov verdi: “Bizim sənətkarımızın yaratdığı bu narlar “Made in Planet”dir!”
Elə mənim “sir-sifətcə, surəti-halca da portret görklü” deyimim də o vaxtlara məxsus; biz Səttar Bəhlulzadə ilə Toğrul Nərimanbəyovun sifətlərini canlı portretə bənzədirdik...
Biz hələ onların sənət və digər xarakterik keyfiyyətlərini də müxtəlif rənglər üzrə təsnifatlaşdırır, mübahisə-müzakirələrimizdə xəyali portretlərini yaradırdıq. İndilikdə isə, təbii, bu ayın bu günlərində doğulmuş Toğrul Nərimanbəyov haqda.
Onun yaradıcılıq və... şəxsiyyət rəngləri çox, bunların hamısını yazı meydanına çəkmək isə qeyri-mümkün. Hələ bunlar azmış kimi, birini də özümdən “icad” etmişəm: -
“Mənsubiyyət” rəngi...
Bu zəngin,
ərşi-əngin rəngin tərkibi yanar can, qaynar qan!..
Yuxarıda işlətdiyim sub-abstrakt epitetlərdən
birinə - “hər yerli” ifadəsinə dair müxtəsərcə
bir sərf-nəzər. Yeri gəlmişkən, bu mükəmməl
abstraksionizm ustadı haqda danışıb-yazarkən də
abstraktçılıqdan, sözün
qanad-fanatçılığından qaçmaq olmur. Yəni
fikir, təfəkkür, sənətkarlıq zirvələrinin
elə bir həddi də var ki, yaradıcı insan ora (ona)
çatanda hər hansı bir coğrafi-toponimik məkana,
etnik qrup-topluma sığmaz görünür; belə
İnsan “haralı” yox, “hər yerli” olur. Onlar hər
hansı bir əqrabaya, zümrəyə, xalqa, millətə
deyil, Xaliqin “Ol!” hökmü ilə yaranmış cəmi-ümmətə
mənsub sayılır. Deməli, Toğrul Nərimanbəyovu
da - ikili vətəndaşlığına (Azərbaycan,
Fransa) “bənd olmadan” belə - təkcə “öz rəngimiz”də
təsəvvür etmək heç bir dəftər-kitabda qeyd
olunmamış yasaqlardan...
Böyük
Yaradanın qələmiylə çəkilmiş bu “sənətçi
insan surəti” bizlərə ali məktəblərə
qəbul imtahanlarından tanış olan “əməkçi
insan surətləri”ndən çox fərqli bir göstəri.
Həm də ona görə ki, dahilərin
yaratdığı bütün surətlər Allahın
yaratdıqlarının yanından yel də olub ötə
bilməz. Amma ulu Tanrının
yaratdığı milyardlarla fərdi-fərqlilik içərisində
özünə hamıdan bir köynək yaxın dahilərin
yaratdıqlarına bənzəri də olur. Özü də
bu kişi, sanki - lap qədimlərdə
adına “Günəş” dediyimiz, dünyanı gəzib-dolaşıb
üstümüzə “quaş” assimilyasiyası ilə
qayıtmış rənglə rəsm edilib. O, bu tər-təmiz
türki rənglə “işləndiyindən” - ət-qan-can
“materialı” nə qədər ümumbəşəri, Adəmanə
olsa da - düzgü-cizgiləri başdan-başa Turan
mayalıdır. Belədə nə üçün bu
xalqın yaranışdan bəri fitri istedad qabından
yararlandığı barədə izafi fikir xərcinə gedəsən
və yaxud getdinsə də, niyə nəticədən təəccüblənəsən?!.
Onun əsərlərini
görmüşlərə salam olsun, hələ
görməyənlərə isə borc. Bu ərzim onun məlum
və məşhur əsərlərindən çox,
ümumvarlığının ətrafa necə əsər
etməsi haqda danışmağıma bir rüsxətnamə...
Bəli,
onun Göygölcə gözlərinə, Kür-Arazca
qaşlarına, Qoşqarca alnına baxanda, Göyçəcə
dərinliyini, Şahdağca vüqarını, Şuşaca
cilvəsini görəndə, kişmişi-Damcılıca
gülüşünü eşidəndə, deyərdin, daha
bu adam ecazkar rəssam olmayıb, kim olmalıymış ki?!.
Və bir
“sərgi”ləmə...
Yuxarıda elənçi-belənçi yazmış
olsam da, xəyalımda başqa epitetlər, sirri-soraqlar da var.
Bunlar, əsasən, əzəli-əbədi və hamıya məxsus
rənglər.
Deməli, qaçılması qeyri-mümkün olan ənənəvilik;
- hər gün, hər il, hər əsr
yenilənənlərin əzəl-özülü. Bu mənada, bir vaxtlar ona məxsus hər şey,
başqa sözlə, cəmi-peyklər məhz bu
fırça çevrəsində fırlanıb. Onun istedad təndiri isə o qədər iti imiş
ki, yapdıqlarının hamısı sənətin iliyinədək
bişirmiş. Saysız-hesabsız
cürbəcürlüklər onun vahid könül
“laboratoriyasında” həll olunub, tül qırmızı,
gül qırmızı, al qırmızılıqlar səltənəti
yaradırmış (digər rəngləri də bu ayaqdan
atılamalı). Və “T.N.” sahibli bu fırçadan rəng
içən güllər, çiçəklər, kollar,
ağaclar, gözəllər, göyçəklər nə
qədər bizim adımıza yazılır, sənət-mədəniyyət
büdcəmizə mədaxillənirmişsə, o qədər
də ixraci-bəşəriyyət olurmuş...
O, hələ
erkən gəncliyində məlum memarlıq İçərişəhərindən
“düzəltdiyi” rəssamlıq İçərişəhəri
silsiləsində, bir az sonralar abidələr Səmərqəndindən
çəkib-cizgilədiyi ornamentlərdə, “Sifətlər
rapsodiyası”nda, daha sonralar Avropanı, Fransanı onların
özlərinə ecazkar bir “kənar baxış”la təqdim
etdiyi rəsmlərində özü ilə bərabər, sənətin
də nələrə qadir olduğunu bir daha təsdiq etdi.
Bu rəngarəngliklər müəllifinin
yaradıcılığında qırmızı rəng, demək
olar, hər əsərinin “məclis başında”dır. Lakin bu,
heç də (məşhur həna “rəngsaz”ı Məşdibad
demişkən) digər rənglərin
ayaqda-aşağıda olmasına dəlalət etmir. Əks halda, onun gah göy, gah mavi “səmaları”
baxışları bu qədər oxşamaz. Yaşıl-kəhrəba “sünbülləri”
zövqi-nəfslərə bir belə bərəkət bəxş
etməz. Al-əlvan “gül-çiçəkləri”
könüllərə cənnəti-sənət
gülabları çiləməz, fidan “Körpələr”i,
qızıl “Gözəllər”i, qırış-quruş
“Qocalar”ı polifonik şərqilər oxumaz...
Onun mavi rəngləri dan üzü kimi
ağarışır, göy rəngləri göyərçinlər
tək göyərişir. Yaşıllar sevgililərdi
- baxışlara sarmaşır. Gözəlliyə
təslimat rəmzi kimi canlanan ağappaqlar “ağ” eləmədən
ağarışır. Qaralar - mövzunun yamanına
işlənəndə ürəyə düşən xal,
yaxşısına işləyəndə “ağ üzdə
qara xal” təəssüratı yaradır...
Onun abstraksiyalarının çoxusu çox hallarda ilk
baxışa, ilk təəssürata tabe olmur. İkinci,
üçüncü zənddə isə gözlər
qarşısında aləmlər açılır. Amma ikinci-üçüncü nəzərlərdə
nə qədər açılsa da, “və sair”incilərə
yenə bir şey qalır. Hər növbəti
baxış isə, mütləq növbəti bir qənimət
əldə edir. Özü də tək elə
milli yox, həm də beynəlmiləl qənimət. Və
buradan belə bir “fəlsəfi” qənimət də əldə-dildə
olunur ki, baxışın,
tamaşaçılığın da milləti yoxmuş; bu əsərlər
nə qədər millidirsə, o qədər də Renuar
dilli, İvanov, Brüllov, Van Qoq əsilli
tamaşaçılarlıqdır...
Onun “xarakter”,
“söz”, “duyğu”, “uyğu” və sair rəngləri də
var ki, onların cəmi-cümləsini iki sözlə ifadə
edirəm:
Aləm rəngləri
“T.N.” imzalı bu mənəvi rənglər də
parlaqdır, seçkindir, bütövdür, emosionallıq
plastikası ilə bahəm, kəskindir. Bütün
bunlar konkret əsərlərindən fərqli olaraq, onun daxili
aləminə, özünə-sözünə bir köynək
yaxın tamaşaçıları - dostları,
tanış-bilişləri, həmsöhbətləri tərəfindən
dərhal sezilir. Amma onda “gecçatan” rənglər də
az deyil. Məsələn?
Deyim də; SSRİ və Azərbaycanın Xalq
rəssamı, Dövlət mükafatları laureatı,
neçə-neçə orden-medal sahibi, hər ilin altı
ayını yaşadığı Parisdə necə yüksək
mərtəbədə tutulduğunu onun öz dilindən
eşidən olubmu? Amma Şuşada doğulmuş
babasının dövlət xəttilə Almaniyaya gedib
Tuluzada təhsil alaraq məşhur mühəndis kimi nələr
tikməsindən, atasının özgür bir milliyyətçi
kimi sıravi əcəl mənsubu yox, repressiya qurbanı
olmasından həm çox, həm də iftixarla
danışıb. O, çox “quru”, əda-ədvasız,
ahıl yaşlarda belə - susuz səhraya yağıştək
gərək olan şıltaqlıqların “ayıb” və
yasaq edildiyi ziyalı “cızığından” heç bir
halda qırağa çıxmayıb. Onun şəxsiyyət
formulası, qırım-durum elementləri ev-eşiyində də,
küçədə də, efirdə də daimi bir pedaqoqluq
təlqin edib, nümunəvilik, ağsaqqallıq
saçıb. Onun baxışına baxan, yerişini-duruşunu
seyr edən, sözünün karına, səsinin
tonuna diqqət kəsilən hər kəs bilirdi: nə olar, nə
olmaz...
Onun muğamata, klassik musiqiyə rəğbətini, təbəssüm
dolu məhəbbətini qədərincəmi duyurdunuz,
hörmətli çağdaşları? Xalq
mahnılarımızı, bəzi operalardan ariyaları necə
milli-ağayana, hancarı “kəndçisayaq”, necə
müasir-Yevropeyski ifalarına uymağınız da olubmu?..
Onun
çox gec-gec açılan söz-fikir mücrüsü,
düşüncə tərzi də obrazlı rənglər
qalereyası timsalında! Nə desə, “nədən?”
sorulmazdı. Kiməsə nəsə ərz
etsə, “niyə?” doğulmazdı.
Onun
sözlərindən, fikirlərindən mən də az eşitməmişəm, buralıqda isə
ataların məşhur miqdar sayı qədərini
xatırladacağam:
“- Neçə illərdi Teymurlənglə bağlı
eskizlər hazırlayırsız, bəs əsər nə
vaxt başa gələcək?
- Həmin
eskizlər Teymurləng miqyasına çatanda...”
“- Azərbaycanın harası daha çox möcüzəvidir?
- Sualın qoyuluşunu dəyişdirin: Azərbaycanın
harası möcüzəvi deyil?”
“- Bu
gün Sizə Şuşaya getmək təklif olunsaydı...
- Yox,
Şuşaya qonaq kimi getmərəm. Mən ora onun sahibi kimi
gedəcəyəm!..”
Sözüm-sovum
onun rəngləri qədər rəngarəng olsaydı, hələ
yazmağa davam edərdim...
Beləliklə,
1930-cu il təvəllüdlü, qaynar
avqust doğumlu bu alovlu sənətkarımız haqda bu qədər.
Tahir Abbaslı
Mədəniyyət.- 2015.- 7
avqust.- S. 12.