Heykəltəraşlığı
təkbaşına öyrənmişdi
Cəlal Qaryağdı - 100
Azərbaycan
heykəltəraşlığından söhbət
düşəndə ilk olaraq
göz önünə Cəlal
Qaryağdı və onun
yaratdığı monumental əsərlər
gəlir. Ötən ay Azərbaycan təsviri
sənətinin bu görkəmli nümayəndəsinin
100 yaşı tamam oldu. Sağlığında
emalatxanasında çox olmuşdum.
Düşünürdüm ki, ortaboylu, dolubədənli,
qısabarmaqlı bu kişi
adi adam deyil, axı onun
yaratdıqları xalqımızın dəyəri, sərvətidir.
O, Azərbaycan heykəltəraşlığının özülünü qoyub,
özünün məktəbini
yaradıb, onlarla tələbə yetişdirib.
Onu həmişə
emalatxanasında görmək olardı. Ulus adamı idi, bu da
kökdən gəlirdi.
Qarabağdan, Şuşadan danışmaqla
doymazdı. Çağının ən görkəmli adamları ilə dostluq etmişdi, onların hər biri ilə bağlı
xatirələri vardı.
2001-ci ildə ömrünün
son aylarında böyük
ustad xəstələndi. Eşitdim ki,
Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Onunla sonuncu dəfə xəstəxanada görüşdüm.
Deyib-gülməyindən qalmırdı,
ancaq canının ağrıdığı aydınca
sezilirdi: “Həkimlər
deyir ürəyim sağlamdır. Ancaq qıçlarımda qan yaxşı işləmir, damarlarda qan laxtaları, tutulmalar yaranıb”.
Çoxlu söhbət elədik, keçmişlərdən o danışdı,
mən dinlədim, yazdığımı yazdım,
yazmadığımı çatdıra
bilmədim. Sonra böyük Azərbaycan
heykəltəraşını itirdik. O, Fəxri xiyabanda torpağa tapşırıldı. Özü
vaxtilə burada uyuyan bir çox
böyük şəxsiyyətlərin
qəbirləri üstündə
heykəllərini düzəltmişdi:
Qara Qarayevin, Yusif Məmmədəliyevin,
Seyid Cəfər Pişəvərinin... Onunsa
qəbirüstü abidəsini
oğlu, gələcəyinə
inandığı heykəltəraş
Cəlil Qaryağdı
düzəltdi...
Görkəmli heykəltəraş bir vaxtlar danışdığı
xatirələrinin oxucularımız
üçün maraqlı
olacağını düşünərək
bir qismini təqdim edirəm.
- 1915-ci il iyulun
15-də Şuşada doğulmuşam,
uşaqlığım orada
keçib. Qarabağda məşhur Qaryağdılar
soyundanam. Əsl adı
İsmayıl olan ata babamın “Qaryağdı” ləqəbini
almasının tarixçəsi
var. Deyirdilər ki, İsmayıl babam uşaqlıqda qardan yaman qorxarmış.
Bayıra çıxanda çağırarmışlar
ki, ay İsmayıl, gəl içəri, qar yağdı. Sonradan adı qalıb Qaryağdı. Bu adla da çağırılıb,
əsl adı unudulub. Sonra onun oğlanları
Qaryağdıoğlu adlanıb.
Bizim də soyadımız olub Qaryağdı.
* * *
- Məşhur xanəndə
Cabbar Qaryağdıoğlu
əmimdir. Atam Məhərrəm onun kiçik qardaşı olub. Rəhmətlik Bülbül deyərdi
ki, mən “Bülbül” adını
sənin atandan götürmüşəm. Atamın, əmilərimin hamısının
səsi olub. Amma babamın oxumaqdan xoşu gəlməzmiş.
İstəyirmiş ki, oğlanları
təhsil alsınlar.
Ona görə atam ürəyini boşaltmaq üçün həftədə
bir dəfə Cıdır düzünə
gedib doyunca oxuyarmış. Bülbül
o günləri mənə
danışıb: “Mən
onda balaca idim. Atan Məhərrəmə gözəl səsinə görə “Bülbül”
deyərdilər. Onun oxumaq
vaxtını bildiyimizdən
Cıdır düzünə
gedib gizlincə ona qulaq asardıq.
O, elə gözəl
oxuyardı ki, özünü unudardı”.
* * *
- Şuşada divarında
gözəl rəsmləri
olan böyük evimiz var idi. Deyilənə görə, almanlar çəkmişdilər. Atamın da hərdən rəsm çəkməyi
varmış. Divardakı işlərə
baxırdım, könlümdən
rəsm çəkmək
keçirdi, onları
köçürməyə başlayardım.
Beş yaşım
olanda anam öldü. Sonra bizi xalam ilə ana nənəm
böyütdü. Nənəmgildə yaxşı kitablar var idi - şəkilli,
iri kitablar. Babam tacir olduğundan evdə hər şey vardı. Sulu boyalara kimi...
1927-ci ildə Bakıya
gəldim. Cabbar əmim burada
yaşayırdı. Əmimin uşaqları
çox idi. Ona görə əmimgildə
qalmadım. «Bakı Soveti» (indiki İçərişəhər
- müəllif) metro stansiyası
yaxınlığında onun
ikiqatlı, çoxotaqlı
mülkü var idi. Özü tikdirmişdi. Sonradan sovetlər yarısını
əlindən alsa da, oradan çıxarmamışdılar.
Onu da deyim
ki, əmim səsini qorumaq üçün 54 yaşında
evlənmişdi...
Rəssamlıq Məktəbinə qəbul
vaxtı sənədlərimi
oğurladılar. Əmimlə Rəssamlıq Məktəbinə
getdik. Direktor Rejenko adlı
birisi idi. Dedi əgər ixtisasdan yaxşı qiymət alsan, o biri imtahanlardan azad olacaqsan. Rəsm çəkməyim onun çox xoşuna gəldi və məni məktəbə götürdü.
O illərdə Rəssamlıq
Məktəbi beşillik
idi. Məktəbdə ayrıca heykəltəraşlıq
şöbəsi yox idi. Yalnız həftədə bir saat bu
dərs öyrədilirdi.
Heykəltəraşlığı təkbaşına öyrəndim. Sonra təhsilimi
heykəltəraşlıq üzrə Tiflis Rəssamlıq
Akademiyasında davam etdirdim. Təqaüdümü buradan verirdilər.
Elə oldu ki, onu
da kəsdilər.
Dərsdən sonra gedib fəhlə işləyirdim.
Cəmi üç il oxuya
bildim. Bakıya qayıtdım. Bir müddət “Kommunist”, “Gənc işçi” qəzetlərində çalışdım.
Onda Hüseyn Cavid, Cəfər Cabbarlı, Mikayıl Müşfiq redaksiyaya tez-tez gələrdilər...
* * *
- 1932-ci ildən həm qəzetdə rəssam, həm də Rəssamlıq Məktəbində
müəllim işləməyə
başladım. O çağdan
ardıcıl olaraq ciddi yaradıcılıqla
məşğul oldum.
Böyük əsərlərimi müharibədən sonra yarada bildim. İlk dəfə 1949-cu ildə miniatür sənətindən yararlanmaqla
indi Nizami adına Milli
Azərbaycan Ədəbiyyatı
Muzeyində saxlanılan
“Fərhad” barelyefini yaratdım. Sonra M.P.Vaqifin həmin
muzeyin qabağındakı
heykəlini düzəltdim.
Artıq mən özümü bir heykəltəraş kimi tanıtmaqdaydım. Böyük əsərlər
işləməyə girişmişdim.
Həm sifariş verirdilər, həm də müsabiqələrin qalibi
olurdum. 1953-cü ildə Leninin indiki “Azadlıq” meydanında qoyulmuş heykəlini düzəltdim.
Bu əsər bütün SSRİ-də
Leninin ən yaxşı heykəli sayılırdı.
İstiqlaliyyət küçəsindəki M.Ə.Sabirin
heykəlini 1956-cı ildə
işləmişəm. 1973-cü ildə N.Nərimanovun heykəlini hazırladım.
Həmçinin Bakıda
Bünyad Sərdarovun,
Lənkəranda Həzi
Aslanovun, Bərdədə
“Ana” heykəllərini yaratmışam.
Məşhur sənətkarlarımız
Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin,
Cahangir Cahangirov və başqalarının
büstlərini naturadan
düzəltmişəm...
S.Soltanlı
Mədəniyyət.- 2015.- 7
avqust.- S. 11.