“Qəbələ
festivalını parlaq gələcək gözləyir”
Beynəlxalq musiqi festivalından təəssüratlar
İyulun
25-dən 31-dək Qəbələdə VII Beynəlxalq Musiqi
Festivalı keçirildi. 2009-cu ildə Heydər Əliyev
Fondu tərəfindən əsası qoyulan möhtəşəm
incəsənət layihəsi bu il də dünyanın
tanınmış kollektivlərini, solistlərini bir araya gətirdi. Səkkiz ölkədən
(Azərbaycan, İtaliya, İspaniya, Rusiya, Xorvatiya, Almaniya,
Ukrayna, İsrail) məşhur kollektivlərin, solistlərin və
dirijorların qatıldığı Qəbələ
festivalı bu dəfə də yaddaşlarda silinməz izlər
buraxdı, tamaşaçılara xoş anlar yaşatdı.
Festivalın müxtəlif ölkələrdən olan
iştirakçıları beynəlxalq musiqi bayramı
haqqında, ölkəmizin zənginlikləri barədə təəssüratlarını
bölüşüblər.
Dmitri Yablonski (festivalın bədii rəhbəri, Rusiya-ABŞ):
- Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri, məşhur musiqiçilərlə yaxından tanış edir. Belə gözəl təbiət qoynunda, açıq havada təşkil edilən festival üçün Heydər Əliyev Fonduna təşəkkür etmək lazımdır. Burada gündə iki konsert olur və fərqli musiqi əsərləri səsləndirilir. Ona görə də Qəbələ festivalı haqqında hələ çox danışılacaq.
Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ festivalının builki proqramı çox zəngindir. Musiqisevərlər 7 gün davam edəcək festivalda bir çox dünya şöhrətli musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar.
Hər gün kamera musiqisi zalında və açıq səma altında təşkil olunan konsertlərdə tamaşaçı izdihamı yaşanır. Bu il festivalın iştirakçıları və qonaqları arasında daha məşhur kollektivlər, müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarlar var.
“Bölgədə bu qədər insanın klassik musiqiyə olan marağı heyrət doğurur”
Pavel
Serbin (violin ifaçısı, Avstriya):
- Festival
çox yüksək səviyyədə təşkil olunub. Bu qədər mətbuat nümayəndələrinin,
yüksək səviyyəli musiqiçilərin
iştirakı və fərqli musiqi janrlarına müraciət
olunması tədbirin əhəmiyyətini artırır.
Auditoriya bizi çox isti və səmimi
qarşıladı. Dünya şöhrətli
musiqiçilər öz ifaları ilə festivala xüsusi
ovqat gətirirlər.
Paytaxtdan uzaq bölgədə bu qədər insanın
klassik musiqiyə olan marağı məni heyran etdi. Mən bunu
öz ölkəmdə mütləq qeyd edəcəyəm.
Burada dəyərli musiqiçilər bir araya gəlib.
Bu baxımdan festivalı yüksək qiymətləndirirəm
və burada olmaqdan çox məmnunam. Adətən
belə festivallar böyük şəhərlərdə
keçirilir. Amma bu cür gözəl bir
yerdə, təbiət qoynunda, sakit bir şəhərdə
klassik musiqi dinləməyin ayrı gözəlliyi var. Bu
musiqi bayramının təşəbbüskarına və təşkilatçılara
minnətdaram.
Anastasiya
Jivotovskaya (pianoçu, Rusiya):
- Bu, Azərbaycana
ilk səfərim olmasa da, Qəbələ festivalında
birinci dəfədir iştirak edirəm. Festivalın
böyük potensialı var. Hətta deyərdim ki, gözəl
təbiət qoynunda ənənəvi olaraq keçirilən
bu festivalı parlaq gələcək gözləyir.
Belə möhtəşəm musiqi tədbirində
iştirak etmək bir çox musiqiçilərin arzusuna
çevrilib və onlar dəvət gözləyirlər. Ötən
festivallarda dünyanın 150-dən çox
tanınmış musiqiçisi Qəbələ səhnəsində
konsert verib. Bu, böyük uğurdur.
Mən məmnuniyyətlə, növbəti ildə
də bu festivalda iştirak etmək istərdim.
Cankarlo de
Lorenzo (İtaliya Simfonik Orkestrinin dirijoru):
-
Festivalın belə bir gözəl məkanda, dağlar,
meşələr arasında, bu cür tanınmış
ifaçıların iştirakı ilə keçirilməsi
mənim üçün böyük sürpriz oldu. Azərbaycanda çoxlu musiqiçi dostlarım var.
Qəbələ festivalında iştirakım bu ölkəni
yaxından tanımaq üçün gözəl fürsət
oldu.
Dünyanın tanınmış musiqiçilərinin
bu festivala qatılması, əlbəttə ki, onun yüksək
səviyyəsindən xəbər verir. Auditoriyanın
festival çərçivəsində keçirilən
konsertlərə marağı məni heyran edir. Mənim rəhbərliyimlə Qəbələdə
İtaliya Simfonik Orkestrinin iki gün konserti oldu. Biz ilk dəfə olaraq Azərbaycan bəstəkarı
Ü.Hacıbəylinin “Koroğlu” operasından
uvertüranı səsləndirdik. Tamaşaçılar
bizi ayaq üstə alqışladılar. Musiqiçiyə
bundan böyük hədiyyə ola bilməz.
Biz çox şadıq ki, dahi Ü.Hacıbəylinin
əsərini yüksək səviyyədə ifa edə
bildik. Sizin xalqın böyük bəstəkarları,
gözəl musiqiləri var.
Aleksey
Miltıx (Azərbaycanın Əməkdar artisti, violonçel
ifaçısı, Ukrayna):
- Festival
yüksək səviyyədə təşkil olunub. Mən bir neçə dəfə bu musiqi tədbirində
iştirak etdiyim üçün özümü xoşbəxt
sanıram. Burada tamaşaçılar Azərbaycan
mədəniyyətinin, musiqisinin şahidi olurlar, klassik bəstəkarların
əsərlərini dünya şöhrətli musiqiçilərin
canlı ifasında dinləyirlər.
Dinləyicilər mənim kamera musiqi zalında bir
sıra yerli və beynəlxalq müsabiqələrin qalibi,
festivalların iştirakçısı olan pianoçu Səidə
Tağızadə ilə birgə səsləndirdiyim musiqi əsərlərindən
böyük zövq aldılar. Bu, bizə də
çox xoşdur. Çünki bu zalda
musiqi səsləndikdə və ya ifaçılar oxuyanda elə
bir ahəng yaranır ki, sanki hər kəs bu anı eyni dərəcədə
zövqlə yaşayır. Zənnimcə,
festivalın miqyası gələcəkdə artaraq daha
çox ölkələrdən iştirakçılar cəlb
edəcək. Növbəti illərdə
bu festivalda iştirak etməkdən şad olardım.
Aleksandr
Qindin (rusiyalı pianoçu):
- Gözəl
məkan, gözəl insanlar və əla musiqi - bütün
bu amillər Qəbələdə keçirilən beynəlxalq
musiqi festivalında harmoniya təşkil edir. Mən
növbəti dəfə burada iştirakımdan çox məmnunam.
Festival yüksək səviyyədə təşkil
olunub, təəssüratlarımız zəngindir. Hər şey ifaçıların və
tamaşaçıların zövqünə uyğundur.
Ümid edirəm ki, bu musiqi bayramı uzun illər davam edəcək
və dünyanın diqqətini Qəbələyə hər
il daha çox yönəldəcək.
Bu bayram özündə dünyanın dörd bir
yanından olan tanınmış musiqiçiləri birləşdirir. Festivalın
proqramı olduqca zəngindir. Yerli və
xarici tamaşaçılar konsertlərdən böyük
zövq alırlar. Hər il müxtəlif
orkestrlər festivala qatılır. İstirahət
etmək üçün bura gələn insanların səsləndirdiyim
musiqi əsərlərini ayaq üstə
alqışlamaları mənim üçün xoşbəxtlikdir.
Luis el
Qranaino (“Barselona və Flamenko” ansamblının üzvü,
İspaniya):
- Qəbələ
festivalı ansamblımızın üzvlərində
çox dərin təəssüratlar yaratdı. Xüsusilə də tamaşaçıların
konsertimizə münasibəti bizi ruhlandırdı.
Ölkənizi çox sevdim. Qəbələ səhnəsindəki
ikisaatlıq konsertimizdən sonra tamaşaçıların
ayaq üstə bizi alqışlaması məni təəccübləndirdi.
Bizim ansamblın üzvləri
tamaşaçılara hörmət əlaməti olaraq yenidən
onlara iki flaminqo rəqsi nümunəsi təqdim etdi. Biz Azərbaycandan xoş təəssüratlarla
ayrılırıq.
Burada konsertlər möhtəşəm keçir. Belə
festivalla hər bir ölkə fəxr edə bilər.
Janna
Qandelmann (violin ifaçısı, İsrail):
- Qəbələyə
toplaşan dünyanın məşhur musiqi xadimləri təqdim
etdikləri konsertlərlə böyük tamaşaçı
auditoriyasına əsl musiqi bayramı yaşadırlar.
Bizi bura dostumuz, festivalın bədii rəhbərlərindən
biri Dmitri Yablonski dəvət edib. Bu festival haqqında əvvəllər
də eşitmişdim, amma builki tədbirin proqramından xəbərim
yox idi. Festivalın bu qədər gözəl
bir yerdə möhtəşəm təşkil ediləcəyinə
inanmırdım. Mən burada məşhur
pianoçu Fərhad Bədəlbəyli ilə birgə səhnəyə
çıxdım və möhtəşəm kamera konserti
verdik. İfamız
tamaşaçıların o qədər xoşuna gəldi
ki, onlar bizi ayaq üstə alqışladılar. Biz çox sevindik ki, musiqi bayramını izləyənlərə
gözəl əhval-ruhiyyə bəxş edə bildik.
Qəbələ çox xoşuma gəldi, boş
vaxtlarımda mənzərəli yerləri gəzmək
imkanım oldu.
Xoş təəssüratlarla ölkəmizə
qayıdırıq. Gələcəkdə
konsertlə bağlı dəvət almasam da, buralara turist kimi
mütləq gələcəyəm.
“Dinləyicilər
arasında gənclərlə yanaşı, yaşlı nəslin
nümayəndələrinin də iştirakı sevindirici
haldır”
Pol Mayer
(fransalı dirijor):
- Adətən,
festivallarda gün ərzində iki konsert verilmir. Qəbələ festivalında isə proqram çox
zəngin olduğu üçün hətta tamaşaçılar
hər gün kamera musiqisi zalında və açıq havada
keçirilən üç konsertdə iştirak etmək
imkanına malikdirlər. Əsas odur ki,
keçirilən konsertlərə dinləyicilərin
marağı böyükdür. Hər
konsertdə 500-dən çox tamaşaçının
iştirak etməsi böyük uğurdur.
Heç bir festivalda belə gözəl təşkilatçılığın
şahidi olmamışam. Qəbələ VII
Beynəlxalq Musiqi Festivalı müxtəlif yaşlı
insanları bir araya gətirib. Dinləyicilər
arasında həm gənclərin, həm də yaşlı nəslin
nümayəndələrinin iştirakı sevindirici
haldır. Avropada auditoriyanı, adətən,
yaşlı insanlar təşkil edir. Düşünürəm
ki, festivalın Qəbələdə, yaşıl meşəli
dağlar arasındakı füsunkar məkanda keçirilməsi
mükəmməl ideyadır.
Taras
Yaropud (violin ifaçısı, Ukrayna):
-
Çoxdandır ki, Azərbaycana gəlmək arzusunda idim. Buyaxınlarda Qəbələ festivalında
iştirak etmək təklifi aldım və məmnuniyyətlə
razılaşdım. İlk dəfə
Bakıda oldum. Bakı gözəl şəhərdir,
amma Qəbələdə, gözəl və sakit təbiət
qoynunda ifa etmək tamamilə başqa hissdir.
Qəbələ
festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim
etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri
dünya bəstəkarlarının klassik əsərləri,
məşhur sənətkarlarla yaxından tanış
edir. Növbəti illərdə də bu musiqi tədbirində
iştirak etmək üçün dəvəti səbirsizliklə
gözləyəcəyəm. Düşünürəm
ki, tamaşaçılar çıxışımdan
razı qaldılar. Hər bir
ifaçı çıxışı zamanı dinləyici
ilə əlaqə yaratmağı bacarmalıdır. Bu, çox vacib məsələdir.
Burada dörd tərəfi sıx meşəliklə əhatə
olunan gözəl dağların ətəyindəki səssizliyi
musiqi ritmləri pozur. Düşünürəm ki, Qəbələ
festivalı həm də Azərbaycan musiqisinin dünyada təbliğində
böyük əhəmiyyət daşıyan mədəni
hadisədir. Belə gözəl və
açıq havada təşkil edilən festival
üçün Heydər Əliyev Fonduna təşəkkür
etmək lazımdır.
Mədəniyyət.- 2015.- 7
avqust.- S. 9.