Naftalanda 29 manata birgünlük istirahət imkanı
Bu kurort zonasının inkişaf etdirilməsi üçün xüsusi plan hazırlanır
«Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı»na əsasən Naftalanda genişmiqyaslı abadlıq və yenidənqurma işləri davam etdirilir. Dövlət başçısının müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq şəhərin yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi üçün son 3 ildə insanı heyrətləndirən işlər görülüb. Yeni istirahət və sağlamlıq mərkəzləri - «Çinar» və «Naftalan» hotelləri, «Qarabağ» istirahət-sağlamlıq mərkəzi tikilərək istifadəyə verilib. Nəticədə şəhərə gələn istər yerli, istərsə də xarici turistlərin sayında nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb.
Naftalan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Arzu Məmmədovun sözlərinə görə, dünyada analoqu olmayan bu kurort şəhərinin yüksək templə inkişafı Azərbaycandan kənarda da Naftalana marağı artırıb. Nəticədə Naftalana təkcə şəfa tapmaq üçün deyil, istirahət məqsədilə gələnlərin sayı da gündən-günə artır. Əgər 2014-cü ildə bura 3 min xarici turist gəlmişdisə, cari ilin ötən 7 ayında bu rəqəm 8 min nəfəri ötüb.
A.Məmmədov vurğulayıb ki, Naftalanda dincələn turistlərə yüksək xidmət göstərilir. Hazırda bir nəfərin birgünlük istirahəti cəmi 29 manata başa gəlir ki, bu da xarici turistlərlə yanaşı, gəliri az olan yerli vətəndaşları da qane edir. Həmin məbləğə gündə üç dəfə qidalanma, yatmaq, Naftalan nefti ilə müalicə və digər xidmətlər daxildir.
Hazırda Naftalan kurort zonasının daha da inkişaf etdirilməsi üçün xüsusi plan hazırlanır. Həmin plana əsasən, burada ailəvi istirahət mərkəzləri, uşaqların valideynsiz istirahət etməsi üçün xüsusi şərait yaradılacaq. Yeni kottec və mehmanxanaların tikilməsi, 1,7 kilometr uzunluğunda kanat yolunun çəkilməsi, dünya standartlarına cavab verən qolf meydançasının, tennis kortunun, cıdır meydançasının yaradılması da nəzərdə tutulub. Bundan əlavə, Naftalan neftinin emalı, müalicəvi neftdən dərmanların hazırlanması üçün farmaseptik zavodun inşası da planlaşdırılır. Bütün bunlar Naftalanın şöhrətini, bu kurort şəhərinə turistlərin marağını daha da artıracaq.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 7
avqust.- S. 8.