Nisgilli xatirələr ümidində

Əməkdar artist, kinoaktrisa Tanilya Əhmərova 65 yaşında dünyasını dəyişib

 

Həyat hərəmiz üçün bir yol cızır və bizkönüllü-könülsüz düşürük o yolun canına. Ağına-bozuna baxmadan, sondakı işığı görmədən. Bəzən sənət adamları barədə düşünəndə qənaət məni qaranlıq yolun başlanğıcına səsləyir və beləcə keşkələr bütün beynimi cırmaqlayır. Bilmirəm, o da tez-tez bu keşkələr girdabına düşürdü, ya yox, amma acınacaqlı sonun bir addımlığında da ümidini itirmədiyinə əminəm.

 

Axı o, səhnə adamı, aktrisa, bir epizodik rol üçün bütün bacarıq və istedadını nümayişdən çəkinməyən ifaçı idi. Deməli, mübarizəsi, sənət arzuları, kinoyaddaşda qalmaq iddiaları da əbəs deyildi. Ən azı gözəl çöhrəsi, məsum gülüşü, doğma siması və yatqın səsi ilə milli kinomuzun qadın obrazlarında Allah bilir neçə rejissorun seçimləri arasında itib-batdı təsvirləri. Belə bir uğursuz, bəlkə də nisgilli sənət taleyi yaşamağa onun da gücü çatmadı. Çəkildi öz qınına və elə illərin sükutunu əbədiyyət yolçuluğunda son dəfə pozdu. Həm də başqalarının dilində. Quru, amansız, adi, kədərli ifadələr yığını ilə: avqustun 4-də istedadlı aktrisa, Əməkdar artist, tamaşaçıların “Qayınana” filmindən yaxşı tanıdığı Sevda - Tanilya Əhmərova uzun sürən xəstəlikdən sonra vəfat edib...

Kiminsə adi, kiminsə sarsıntı ilə qəbul etdiyi bu xəbər gözlər önündə qara, irigözlü bir xanımı canlandırdı - “Qayınana”dakı sakit təbiətli susqun gəlin Sevda, “Sevinc buxtası”ndakı cazibədar Leyla, “Qəribə adam”dakı təzadlı Aytən (onu da deyim ki, bu obraz aktrisanın kinodakı ilk işidir), “Üzü küləyə”dəki mehriban, qayğıkeş Nərgiz... Beləcə, bir gözəl qadın çöhrəsi ayrı-ayrı kadrlarda obrazlara bürünüb axdı gözlərimiz önündən. Təsirlidir, deyilmi? Ölmək - vaxtlı və ya vaxtsız fərq etməz - yox, diri ikən yaddaşların uzaq küncünə qısılıb həyatın son akkordlarını, bəlkə də bir ümidlə yeni bir yolun cığırındakı otları ayaqlamaq arzusuna çatmamaq. Deyilənə görə, o, məhz bu iki fikrin arasında çapalayıb illər uzunu. 1993-cü ildə son olaraq oynadığı, daha doğrusu, qonaqlıq səhnəsindəki qonaq qadınlardan biri kimi ekranda göründüyü “Təhminə” filmindən sonra kinoyaddaşdan itdi, yox oldu. Səbəbi o qədər məqamla əsaslandırmaq olar ki. Amma nə mənası, artıq nisgilli sənət taleyi ardından elegiyalar da mənasız və solğun, bir az da sözçülükdür. Ona görə də sondan əvvələ dönüb 65 illik ömrün məqamlarını vərəqləyib bir qadını özünün arzuladığı kimi xatırlayaq: gözəl, cazibədar, sağlam və həyat dolu...

Tanilya Əhmərova 1950-ci il iyunun 1-də Bakıda doğulub. Uşaq yaşlarından məktəblərindəki dərnəyə maraq göstərən balaca qızcığazın hamıdan gizlədiyi arzusu idi aktrisa olmaq. Utancaqlığına, yaşıdlarından fərqli davranışına və dinməzliyinə rəğmən bu arzusu günü-gündən böyüyürdü ürəyində. Ona görə də orta təhsilini başa vurduqdan sonra düşünmədən özü üçün həyat yolu kimi müəyyən etdiyi məqsədinə doğru ilk addımını atdı. M.Əliyev adına Dövlət Teatr İnstitutunun (indiki ADMİU) tələbələri sırasına qoşularaq dövrün ustad sənətkarlarından böyük kinoteatr sənətinin sirlərini öyrəndi. 1977-ci ildə ali məktəbi bitirən aktrisa kinoda ilk işinə “Qəribə adamfilmi ilə başladı. İstedadı, obraza tez adaptasiyası ilə rejissorların diqqətini çəkən aktrisa bir sıra maraqlı mövzulu filmlərdə irili-xırdalı bir neçə yaddaqalan obraza imza atdı.

Filmlərə dəvətindən sevinən, heç vaxt rol ərkəsöyünlüyü etməyən, aktyor həmkarlarının təbirincə desək, rol üçün rejissorlara minnət etməyən aktrisa verilən hər obrazı sevə-sevə ifa etdi.

O, "Şir evdən getdi", "Tələ", "Təhminə", "Arşınmalçı”, “Evlənmək istəyirəm”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Qəribə adamkimi 20-yə yaxın filmdə rolunun miqyasına rəğmən tamaşaçı yaddaşında qala bildi. Obrazının xarakterini, daxili dünyasını, hiss və həyəcanlarını təbii boyalarla ifadə edən aktrisa incə, məlahətli qadın portretini çəkməyi bacardı...

Sənət yolunda uğurlara da nail olan T.Əhmərova 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı və sonralar respublikasının Əməkdar artisti fəxri adına layiq görüldü.

Bütün bunlara rəğmən, o da kinematoqrafçıların unutduğu aktrisalar sırasına qoşuldu. Təəssüf ki, səhhətindəki problemlər və mənəvi sıxıntıları onu ümumilikdə sənət aləmindən təcrid olunmağa vadar etdi. Bunu aktrisanı xatırlayan və itkisindən təəssüflə danışan Xalq artisti İlham Namiq Kamalkinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə də təəssüflə qeyd edir.

Tanilya xanımla sonuncu dəfə 7-8 il bundan əvvəl görüşdüyünü deyən aktyor bu acı xəbərdən sarsıldığını bildirdi: “Sonuncu dəfə Tanilya xanımla “Qayınana”nın 30 illik yubileyinə həsr olunmuş tədbirdə görüşdük. Sözün düzü, görəndə tanımadım. Mən onu optimist bir insan kimi tanıyırdım. Amma son illər cəmiyyətdən çox kənarlaşmışdı. Heç yerə getmirdi, heç kimlə ünsiyyət qurmurdu. Hamıdan küsmüşdü. O, “Qayınana” ilə yaşayırdı. Bu filmi çox sevirdi. Tanilya xanım çox qabiliyyətli, istedadlı aktrisa idi”.

Kinoşünas Aydın Kazımzadə maraqlı, xarakterik qadın obrazlarını yaratmaq potensialında olan aktrisanın zamanında kəşf olunmamağını kinomuz adına itki kimi dəyərləndirdi. O, tamaşaçıların Sevda obrazında tanıdığı aktrisanın potensialının daha çox nümayiş olunduğuSevinc buxtası” filmindəki rolundan söz açdı: “Filmdə Leyla obrazını ifa edən aktrisa güclü bir qadın, mübariz insan modelini ən xırda detallarınadək yarada bilib”.

Beləcə, təəssüfə bələnmiş kövrək notlarla böyük sənət sevgili daha bir sənətkarımız əbədiyyət karvanına qoşuldu. Geridə ağ-qara foto və kinolentlərdəki solğun çöhrələr və bir də kimlərinsə ürəyinin lap dərinliyindəki nisgil qaldı. Lap əzazil qayınananın “Ax, ax, axx, hardasan, ay Sevda?! Dərdim böyükdü, a neynim” nidası kimi...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 7 avqust.- S. 5.