İki gənc musiqiçinin
uğur hekayəsi
Adları gənc istedadların “Qızıl kitabı”na yazılan ifaçılar Prezident təqaüdünə layiq görülüblər
Xüsusi istedadı ilə seçilən gənclərimiz dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur, yaradıcılıqlarını inkişaf etdirmək üçün onlara hər cür şərait yaradılır. Dövlət başçısının 21 iyul 2015-ci il tarixli sərəncamı ilə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Cəmilə Əsgərzadə və Çinarə Əzimovanın adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. Hər iki gənc Prezidentin xüsusi təqaüdünə layiq görülüblər.
Onlar beynəlxalq müsabiqə və festivallarda, konsertlərdə təhsil aldıqları məktəbin adını tanıtmaqla yanaşı, həm də ölkəmizi layiqincə təmsil ediblər. Gəlin, onları yaxından tanıyaq.
Bir-birini əvəz edən uğurlar
Çinarə Əzimova VIII sinifdə oxuyur. Bir sıra respublika və beynəlxalq müsabiqələrin iştirakçısı və qalibi olub. 2008-ci ildə Bakı şəhəri 9 nömrəli uşaq musiqi məktəbinin skripka ixtisası üzrə I sinfinə qəbul olunsa da, sonradan dərslərini 28 nömrəli uşaq musiqi məktəbində davam etdirib. 2009-cu ildə Mstislav Rostropoviç adına gənc ifaçıların I Bakı müsabiqəsində laureat adını qazanır. 2011-ci ildə isə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olur. 2012-ci ildə gənc musiqiçi SSRİ Xalq artisti Bülbülün 115 illiyinə həsr edilən müsabiqədə qalib olur. Bu onun vokal üzrə qələbələrinin başlanğıcı idi. 2013-cü ilin 20-23 mart tarixində Estoniyanın Koxtla-Yarve şəhərində keçirilən gənc vokalçıların VIII beynəlxalq müsabiqəsində “Qran-pri” mükafatı qazanır. Həmin il daha bir uğur onun qisməti olur. Aprel ayında ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş gənc ifaçıların II respublika müsabiqəsində I yerə layiq görülür.
Çinarənin uğurları yuxarıda sadaladıqlarımızla bitmir. Gənc istedad 2014-cü ildə Moskvada keçirilən “Uşaqların beynəlxalq müdafiə günü”nə həsr olunmuş tədbirdə Kremlin Georgiyevski zalında Rusiyanın Prezident orkestri ilə çıxış edir. Həmin ilin 25-30 avqust tarixində Sankt-Peterburqda görkəmli opera müğənnisi Yelena Obraztsova adına gənc vokalçıların V beynəlxalq müsabiqəsi və ispan vokal ustadı Konçita Badianın xatirəsinə həsr olunmuş kamera musiqisi beynəlxalq müsabiqəsinə qatılır. 11 ölkədən 150-yə yaxın gənc vokalçının iştirak etdiyi müsabiqədə Çinarə II yerə layiq görülür. D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının böyük zalında keçirilən qaliblərin təltif olunma və yekun konsertində onun çıxışı böyük maraqla qarşılanır.
Gənc istedadın müəllimləri Xalq artisti, professor Zəhra Quliyeva və dosent İradə Xəlilovadır. Çinarə deyir ki, adımızın “Qızıl kitab”a düşəcəyi, xüsusi təqaüdə layiq görüləcəyimiz haqda xəbərsiz idik. Bu xoş xəbəri bizə məktəbimizin direktoru Xalq artisti Teymur Göyçayev çatdırdı. Hazırda yay tətilinin olmasına baxmayaraq, gənc vokalçı gələcək müsabiqə və festivallara hazırlaşır. Əmindir ki, qarşıda onu daha böyük qələbələr gözləyir. Çinarə bu qələbələri əldə etmək üçün ona dəstək olan, diqqət və qayğı göstərən bütün insanlara təşəkkürünü bildirir.
Nənəsinin sayəsində musiqini sevib
Daha bir qəhrəmanımız Cəmilə Əsgərzadə professional musiqi ilə 10 yaşından məşğul olmağa başlayıb. Deyir ki, ona musiqini sevdirən nənəsi olub. İlk dəfə musiqi aləminin sehri ilə nənəsinin sayəsində tanış olub. Vaxtilə Üzeyir Hacıbəylinin tələbəsi olmuş nənəsi hər dəfə bu dahi insanla bağlı xatirələrini bölüşəndə Cəmilə bu söhbətlərə həmişə böyük həvəslə qulaq asarmış.
Gənc violin ifaçısı bildirir ki, bu səviyyəyə çatmasında ona dərs deyən Əməkdar müəllim, professor Fatimə İdyatulinanın əvəzsiz zəhməti var: “Getdiyim bütün ölkələrdə dinləmələr zamanı müəllimimin işi yüksək qiymətləndirilib və hər zaman ona məni belə yüksək səviyyədə yetişdirdiyi üçün təşəkkürlərini çatdırmağımı istəyiblər”.
Cəmilənin ilk böyük uğuru 2010-cu ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbləri arasında gənc ifaçıların 2-ci respublika müsabiqəsinin laureatı olmasıdır. 2013-cü ildə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən “İstedadlı uşaqlar festivalı”nın diplomu ilə təltif olunub.
Paris Konservatoriyasında keçirilən beynəlxalq “Flame 2014” müsabiqəsində “Priz special points 95”-ə layiq görülür. Bu, onun üçün qazanılan böyük uğur, eyni zamanda gələcəyə nikbin baxış, özünəinam gücü olur. Həmin il Cəmiləni daha bir uğur gözləyirdi. Belə ki, o, “İlin gənc musiqiçisi” adını layiq görülür. Cəmilə hazırda İsveçrə orkestrində təmsil olunan ilk azərbaycanlıdır. Orkestrdə fərqli ölkələrdən musiqiçilər var. Onlarla birlikdə başqa ölkələrə qastrol səfərlərinə gedir. Bu ilin qışında isə Honkonq, Sinqapur və İsveçrədə konsert proqramı ilə çıxış ediblər.
Qanadlanan arzular
Gələcək planlarından söz
açan hər iki musiqiçi bildirdi ki, ən böyük
arzuları məşhur konsert
salonlarında, mötəbər müsabiqələrdə
ölkəmizi təmsil etməkdir. Cəmilə əlavə edir ki, bu
ilin mart ayında Stradivari skripkaları eksperti
Klod Lebe ilə
tanış olub: “O, Bakıya özünün ən qiymətli
skripkalarını gətirmişdi. Mənim üçün xoş oldu ki, konsert
zamanı ona assistentlik etdim. Beynəlxalq Muğam
Mərkəzində keçirilən
konsertdə onun düzəltdiyi skripkada
ilk ifa edən də mən oldum”.
Arzuları eynilik təşkil etsə də, hər iki şagirdin
bitib-tükənməyən sənət planları
var. Çünki müəllimləri
onlara inanır, böyük səhnələrdə
görmək istəyirlər. Bu səbəbdən də qızlar həm dövlətimizin, həm də yaxınlarının
onlara göstərdiyi
etimadı doğrultmaq
üçün böyük
səylə məşqlərə
davam edirlər. Hər iki gəncə yaradıcılıq yollarında
yeni uğurlar arzulayırıq.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 5
avqust.- S. 7.