Bir məktəbin istedadlı yetirmələri
Bakıdakı
G.Şaroyev adına 35 nömrəli onbirillik uşaq musiqi məktəbinin bəstəkarlıq
şöbəsinin 10-cu sinif şagirdi, istedadlı gənc bəstəkar Arzu Abbasova bu
yaxınlarda Serbiyada bəstəkarların
XII beynəlxalq müsabiqəsində böyük
uğur qazanıb.
Məktəbin direktoru Yusif Vəliyev bildirib ki, 2003-cü ildə UNESCO-nın nəzdində yaradılan bu beynəlxalq müsabiqədə müxtəlif ölkələrin - Azərbaycan, Çin, Yaponiya, Cənubi Koreya, ABŞ, Yunanıstan, İtaliya, Norveç, Serbiya, Polşa, Litva və digər ölkələrin bəstəkarları təmsil olunublar. Yarışmaya 100-dən artıq əsər təqdim edilib.
Arzu Abbasova müsabiqədə 19 yaşadək olan kateqoriyada üç əsəri ilə müxtəlif nominasiyalar üzrə qalib gəlib. Solo musiqi aləti üçün yazılmış əsərlər nominasiyasında “Mövzu və variasiyalar” əsəri, instrumental əsərlər kateqoriyasında isə “Skripka və piano üçün fantaziya” birincilik əldə edib. Gənc bəstəkar “Cənnət lövhələri” adlı süitasına görə laureat adına layiq görülüb və müsabiqənin “Gənc və perspektivli bəstəkarı” adını qazanıb.
Müsabiqənin şərtlərinə görə qalib əsərlər müxtəlif konsert proqramlarında səslənəcək və notları məcmuə şəklində çap olunacaq. Sevindirici haldır ki, qalib əsərlər “Ümumdünya Bəstəkarlar Assosiyası”na təqdim ediləcək. Arzu Abbasova Rusiya, ABŞ, Qazaxıstan və s. ölkələrdə keçirilən müsabiqələrdə laureat adını qazanıb. Gənc bəstəkarın müəllimi Pikə Axundovadır.
* * *
G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin 6-cı sinif şagirdi, skripkaçı Osman Mustafazadə isə Avstriyanın paytaxtı Vyanada keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb.
Hər il keçirilən “Grand Prize Virtuoso” beynəlxalq müsabiqəsi 20 yaşınadək gənc musiqiçilərin yarışdıqları mötəbər musiqi platformasıdır. Müsabiqənin özəlliyi ondadır ki, münsiflər heyətinin qərarları qaliblərə internet vasitəsilə çatdırılır. Ən yaxşı ifaçıları isə sentyabrda Vyanaya dəvət edir və möhtəşəm musiqi zallarının birində qala-konsertdə çıxışlarını təşkil edirlər.
Bu il 12
yaşlı O.Mustafazadə də bu
müsabiqənin laureatı adını qazandığı üçün Vyanaya dəvət
alıb. O, bundan əvvəl də
müxtəlif respublika müsabiqələrinin
laureatı olub, ötən il keçirilən “Barocco”
müsabiqəsində laureat adını qazanaraq Beynəlxalq Muğam
Mərkəzində təşkil olunan
qala-konsertdə uğurla
çıxış edib. Osman
Xalq artisti, professor Zəhra Quliyevanın şagirdidir.
Gənc musiqiçi bu
günədək Azərbaycan Dövlət Filarmoniyasında, Milli İncəsənət Muzeyində və başqa incəsənət ocaqlarında solo və orkestrlə uğurlu
çıxışları ilə tamaşaçı rəğbəti
qazanıb.
Mədəniyyət.- 2015.- 5
avqust.- S. 11.