Haçalanan fikirlər izahını tapdı
Son vaxtlar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bir
neçə aktyorunun rəhbərlikdən
narazılıqla bağlı müsahibə və
açıqlamaları, bu müsahibələrdə
Dövlət Yuğ Teatrının rejissor və aktyorlarının da adlarının hallanması kimlərinsə
qıcığına, mətbuat səhifələrində söz-söhbətə rəvac
verib.
Bu xoşagəlməz, yaradıcılıq atmosferindən uzaq çəkişmələrdən biri də Yuğ Teatrının baş rejissoru Gümrah Ömərlə bağlı oldu.
Rejissorun müsahibəsində səsləndirdiyi fikirlərə Milli Dram Teatrının bir neçə tanınmış aktyoru etirazlarını bildirdi. Ona cavab açıqlamaları qəzet səhifələrində, saytlarda yer aldı. Bundan sonra yaranmış vəziyyətlə bağlı fikirlərinə aydınlıq gətirən baş rejissor yanlış anlaşıldığını, ifadələrində heç bir qərəzin olmadığını bildirdi.
Gümrah Ömər bununla bağlı müraciətində yazır: “Mənim sonuncu müsahibəm bir sıra haqlı narazılıqlara səbəb olub. Əlbəttə, mən fikirlərimi bir qədər emosional tərzdə ifadə etmişəm. Amma bilməyinizi istəyirəm ki, bilərəkdən heç kimi təhqir etmək fikrində olmamışam. Fikirlərimin bu cür təqdim olunmasına səbəb olan bir məqama aydınlıq gətirmək istərdim. Müsahibəni götürən jurnalistlə razılaşmışdıq ki, müsahibə yalnız mənim korreksiya işlərimdən sonra yayımlanacaq. Həqiqətən də, çapa getməzdən öncə razılaşdığımız kimi müsahibə mənə göndərildi və mən də düzəlişlərimi edib geri göndərdim. Ancaq çox təəssüf ki, jurnalist yenə də korreksiya olunmamış variantı mətbuata çıxarıb”.
“Yuğ” baş rejissoru bu formada emosional müsahibə verməsinə sənətşünas Ənvər Börüsoyun məlum məqaləsinin səbəb olduğunu diqqətə çatdırır və o haqsız ittihamlara bu cür münasibət bildirdiyini deyir: “Bildiyiniz kimi, son dövrlərdə Ənvər Börüsoyun Akademik Milli Dram Teatrı ilə bağlı silsilə yazıları çıxırdı, hamıya da məlumdur ki, bu yazılar sifarişli və qərəzli yazılar idi. Məsələ bundadır ki, bu yazılarda Yuğ Teatrına xüsusi bölmələr ayrılırdı və bu teatrın yaradıcısı, artıq haqq dünyasında olan Vaqif İbrahimoğlunun və teatrın ünvanına həqiqətə uyğun olmayan həqarətli fikirlər səslənirdi. Mənim yaradıcılığımı bəyənməmək olar. Yaradıcılığım haqqında tənqidi fikirlər də söyləmək olar və hətta lazımdır da. Ancaq dünyasını dəyişmiş şəxsiyyət, Azərbaycan teatrını sevən və onun inkişafı üçün gecə-gündüz çalışan böyük bir teatr xadimi haqqında həqarətlə danışmaq heç bir etik çərçivəyə sığmaz. Bilirsiniz ki, Vaqif İbrahimoğlunun mənim və mənim kimi bir çoxlarının sənətə gəlməsində, onların bu sənətdə vicdan və əxlaqla fəaliyyət göstərməsində əvəzsiz xidməti olub. Heç şübhəsiz, bu cür kampaniyalar və böhtan xarakterli yazılar Vaqif İbrahimoğlunun bir şəxsiyyət və sənətkar kimi miqyasını zərrəcə kiçiltmir. Düşünürəm ki, son zamanlar baş verən xoşagəlməz hadisələr, teatr sənəti haqqında mənfi rəy formalaşdıran müsahibələr (elə mənim müsahibəm də), böhtan dolu məqalələr teatr mühitimizə hörmət və başucalığı gətirmir”.
Müraciətin sonunda yazı müəllifinin əsas məqsədinə - iki teatr arasında nifaq salmaq, qarşıdurma yaratmaq cəhdinə də toxunan rejissor bunun çox mənasız, səmərəsiz bir iş olduğunu vurğulayıb: “Nəticə etibarilə hamımız eyni sənətə qulluq edirik və teatr sənəti sahəsində qazanılan hər bir müvəffəqiyyət də, uğursuzluq da bizimdir. Yuğ Teatrı ilə Akademik Milli Dram Teatrı istiqaməti, yaradıcı yönü, poetikası etibarilə fərqli olsalar da, onların arasında hansısa qarşıdurmadan söhbət gedə bilməz. Gərək insan yaxşılığı unutmasın. Yuğ Teatrının yaranmasında Akademik Milli Dram Teatrının əvəzsiz xidmətləri olub. Yuğ Teatrı Akademik Milli Dram Teatrından törəyib, ana teatrımız bizim teatrımızı qoynunda bəsləyib, böyüdüb. Bu mənada Həsənağa Turabovu, teatrın o dövrkü rəhbərliyini minnətdarlıq hissi ilə xatırlayırıq. Onlar bu işdə bəlkə də Vaqif İbrahimoğlu qədər əmək sərf ediblər. Ancaq indi nə baş verir? Bəlkə biz cavanıq, nəyisə düz eləmirik. Olmaz ki, bizim böyük sənətkarlarımız səhvimiz olanda çağırıb tənbeh etsinlər, bizə doğru yol göstərsinlər? Bunun nəyi pis olardı? Mən də akademik teatrda üç tamaşa hazırlamışam. Bu işdə mənə yaxından kömək edən yaradıcı və texniki heyətə, teatrın rəhbərliyinə buradan dərin təşəkkürümü bildirirəm”.
Əslində teatrların bir neçə tamaşada birgə işinin tam yaradıcı mübadilə olduğunu nəzərə alsaq, “yuğ”çuların akademik teatrın səhnəsində ustad sənətkarlarla bir səhnədə tərəf-müqabil olması ümumilikdə teatrın inkişafına, yaradıcı rəngarəngliyin təminatına, nəsillər arasında əlaqənin möhkəmlənməsinə xidmət edən yaxşı addımdır. Həm də teatrların aktyor mübadiləsi yabançı hal deyil və bunun intensivləşməsi qonşu teatrların birgə uğurlu səhnə işlərinə imza atmaları üçün əsl zəmindir. Amma nədənsə bu cəhdlərin də akademik teatrın bir qrup aktyoru tərəfindən qısqanclıqla qarşılanması baş rejissoru təəssüfləndirir.
Məlum müsahibəsində bu məsələlərə toxunmaq istədiyini və fikirlərini ifadədə müəyyən yanlışa yol verdiyini etiraf edən baş rejissor bunu məktubunun sonunda bir daha qeyd edir: “Biz sizin övladlarınızıq, qardaşlarınızıq, əziz və hörmətli ustadlarımız və həmkarlarımız. Bizim sizin dəstəyinizə və tənbehinizə hər zaman ehtiyacımız var. Əziz və hörmətli Akademik Milli Dram Teatrının kollektivi, başa düşürəm ki, mənim verdiyim müsahibə sizin qürurunuza toxunub, buna görə sizin hamınızdan üzr istəyirəm. Ancaq biləsiniz ki, bunlar qətiyyən düşünülmüş şəkildə olmayıb”.
Yol verdiyi yanlış ifadələrə görə təəssüfləndiyini deyən rejissor bu kimi halların təkrarlanmayacağına inandığını da əlavə edib.
Həmidə
Mədəniyyət.- 2015.- 5
avqust.- S. 6.