Macarıstanda qədim türklərin "Əcdadlar günü"

 

Avqustun 14-16-da Macarıstanın Buqaç bölgəsində yerləşən Kişkunçaq milli parkında Macarıstan-Turan Cəmiyyətinin təşkilatçılığı ilə "Əcdadlar günü" adlı tədbir keçirilib. Builki tədbir gələn il təşkil olunacaq VI Hun-Türk qurultayına hazırlıq xarakteri daşıyır və macarları qədim əcdadları olan hunlar və əski türklərlə daha yaxından tanış etmək məqsədi güdür.

Tarixi-bədii şou kimi düşünülən "Əcdadlar günü"nün açılış mərasimində Macarıstan parlamentinin vitse-spikeri, tarixçidramaturq Şandor Layoş, Macarıstan-Turan Cəmiyyətinin prezidenti Andraş Biro, Azərbaycanın, Türkiyənin və Qazaxıstanın Macarıstandakı səfirləri Vilayət Quliyev, Şakir Fakılı, Nurbax Rüstəmov, TİKA təmsilçiləri, dünyanın müxtəlif ölkələrindən gəlmiş türk icmalarının nümayəndələri iştirak ediblər.

Azərbaycan və Macarıstan arasındakı qarşılıqlı mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Turan Cəmiyyətinin diplomu ilə təltif olunub. Almaniyada yaşayan tanınmış azərbaycanlı rəssam Əşrəf Heybətov hun tayfalarının əfsanəvi başçısı, məşhur sərkərdə Atillanın portretini Turan Cəmiyyətinə hədiyyə edib.

Daha sonra qədim türklərin hərbi məharətini əks etdirən döyüş səhnələri göstərilib, cıdır yarışı, çövkən oyunu, ox atma müsabiqəsi keçirilib. Cəmiyyətin təşəbbüsü ilə yaradılan və Macarıstanın türk köklərini göstərən səyyar muzeylə tanışlıq da böyük maraqla qarşılanıb. Axşam isə tonqal işığında qədim türk melodiyalarından və şaman musiqisindən ibarət konsert proqramı təşkil edilib.

 

Mədəniyyət.- 2015.- 19 avqust.- S. 16.