İlk milli atıcı diviziyanın komandiri

 

Avqustun 7-də Azərbaycan Hərb Tarixi Muzeyində general Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.

 

Tədbiri giriş sözü ilə açan muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə sərkərdənin həyat fəaliyyətindən, hərb tariximizdə rolundan danışdı. Qeyd olundu ki, Naxçıvan xanları nəslinin hərb peşəsinə marağı Cəmşid Naxçıvanskidən yan keçməyib. 1907-1914-cü illərdə Tiflisdə kadet məktəbində təhsil alan Cəmşid 1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini uğurla bitirib. I Dünya müharibəsində, xüsusilə Brusilov cəbhəsi”nin yarılmasında göstərdiyi şücaət, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının daşnak-bolşevik qüvvələrindən təmizlənməsi, Qarabağda türk-müsəlman əhalini qırğına məruz qoyan erməni silahlı birləşmələrinə qarşı mübarizəsi sovet dövründə Azərbaycanın ilk milli atıcı diviziyasına komandirlik etməsi onun həm hərbçi kimi peşəkarlığını, həm bir azərbaycanlı kimi vətənpərvərliyini göstərir.

SSRİ-nin qırmızı terror dalğası nəticəsində neçə-neçə soydaşımız kimi, C.Naxçıvanski saxta ittihamlarla 1938-ci il avqustun 26-da repressiyaya məruz qalıb. Ancaq onun hərb sənəti tariximizdə xidmətləri sonralar öz qiymətini aldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə milli hərbi kadrların hazırlanması məqsədilə 1971-ci ildə Bakıda hərbi təmayüllü məktəb açıldı. Məktəbə general Cəmşid Naxçıvanskinin adının verilməsi isə hərb tariximizin qəhrəmanlarının yaddaşlarda yaşaması istiqamətində çox mühüm addım oldu.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev bildirdi ki, bu cür görkəmli hərbi xadimlərimizin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi gənclərə hərbi-vətənpərvərlik duyğularının aşılanmasında mühüm rol oynayır.

Müdafiə Nazirliyi hərbi orkestr xidmətinin rəisi, general-mayor Yusif Axundov qeyd etdi ki, C.Naxçıvanskinin adını daşıyan hərbi lisey milli hərbi kadrların hazırlanmasında əvəzsiz rol oynayıb. Məhz bu məktəbin məzunları Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ordumuzun formalaşmasına mühüm töhfələr verib.

Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani bu ilin əvvəlindən görkəmli hərbi xadimin yubileyi münasibətilə silsilə tədbirlər keçirildiyini diqqətə çatdırdı: “Belə tədbirlərdən birini Göygöl rayonunda keçirdik. 1918-1920-ci illərdə Göygöl rayonu ərazisindəki hündür təpələrdən birində Cəmşid Naxçıvanskinin komanda-müşahidə məntəqəsi olub. Elə bu gün əhali həmin təpəniXan Naxçıvanski dağıadlandırır”.

Sonda generalın fəaliyyətinə həsr edilmişƏsrin qəhrəmanıadlı film nümayiş olundu. Tədbir Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində hərbi-vətənpərvərlik mövzusunda mahnıların ifa olunduğu konsert proqramı ilə davam etdi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 19 avqust.- S. 15.