65 yaş və 70 film
Ənvər Həsənov: “İstəyirəm ki, tamaşaçı məni bu yaşda formadan düşmüş deyil, elə Murad, Cəlal, Şahbaz görkəmində yadda saxlasın”
Hər bir insan arzularının dalınca qaçır. Taleyini sənətə
bağlayan insanların
arzusu isə daha rəngarəng, daha maraqlı olur. Çünki bu insanların
sənətə sonsuz
sevgisi onları başqalarından fərqləndirir.
Azərbaycan kino sənətində
bir-birindən maraqlı
obrazlar qalereyası yaradan Əməkdar artist Ənvər Həsənov
da gənc yaşlarından bu əsrarəngiz aləmə
qədəm qoyub.
Deyirlər, kino surət qatarı kimidir.
O qatarın pəncərəsindən
hər kadra yalnız bir dəfə baxmaq olar. Ənvər Həsənovun milli
kinomuzda oynadığı
rollar isə daim tamaşaçını
o qatarın arxasınca
boylanmağa vadar edir. Çəkildiyi hər filmdə
sanki o, rolları deyil, obrazların özü gəlib onu tapıb. Ekran həyatı verdiyi surətlər elə bil onun
öz həyatı, öz dünyası olub...
Ənvər Həsənov 1950-ci ildə
Bakıda anadan olub. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyub, sonra təhsilini fəhlə-gənclər məktəbində
davam etdirib. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasında
Adil İsgəndərovun
açdığı kino
aktyoru kursuna daxil olması idi. Dördillik kursu bitirdikdən
sonra 1969-1973-cü illərdə
Azərbaycan Dövlət
İncəsənət İnstitutunun
kino və dram aktyorluğu fakültəsində
təhsil alıb.
1965-ci ildən "Azərbaycanfilm” kinostudiyasında
çalışıb. Kino sənətimizin inkişafında
xidmətlərinə görə
2000-ci ildə Əməkdar
artist fəxri adına layiq görülüb.
“Dəli Kür”, “Uşaqlığın son gecəsi”,
“Yeddi oğul istərəm”, “Bizim küçənin oğlanları”,
“Dərviş Parisi partladır”, “Babək”, “Arxadan vurulan zərbə” - ümumilikdə
50-dən artıq filmdə
bir-birindən maraqlı
obrazlar yaradıb.
Aktyor deyir ki, “Uşaqlığın
son gecəsi” filmində
oynadığı Murad
obrazı onun üçün bir növ avtobioqrafik səciyyə daşıyır:
“Mən də Murad kimi İçərişəhərdə
böyümüşəm, elə xasiyyətdə olmuşam. Murad məktəbi təzə
qurtarmış gəncdir.
Filmə
çəkiləndə mən
də 11-ci sinifdə oxuyurdum”.
O, İçərişəhərin dar məhəllələrinin
birində tanınmış
rejissor Arif Babayevlə qonşuluqda yaşayırdı. Rejissor bu
dəliqanlı, çılğın
gəncə hər zaman fikir verərmiş.
Oğlanın hər bir hərəkəti, oturuşu-duruşu,
davranışı, danışığı
rejissorun diqqətindən
kənar qalmazmış.
Elə bu xarakterinə görə də onu filmlərindən birinə çəkmək
arzusunda idi. Çox keçmir ki, 11-ci sinif şagirdi olan Ənvəri quruluş verdiyi filmdə əsas rollardan birini oynamaq üçün sınaq çəkilişlərinə
dəvət edir.
O, çəkilişlərdən uğurla keçir və bədii şura Ənvəri “Uşaqlığın son gecəsi”ndə
Murad roluna təsdiq edir. Tezliklə bu rol onun həyatında
yaşıl işıq
yandırır və sənət üfüqlərini
genişləndirir...
* * *
Avqustun 17-də həmin
çılğın, dəliqanlı
gəncin - tanınmış
aktyor, rejissor Ənvər Həsənovun
65 yaşı tamam oldu. Onunla “Azərbaycanfilm”
kinostudiyasında, iş başında
görüşdük. Ənvər müəllim
gənc rejissorun çəkdiyi yeni filmin səsləndirilməsi
prosesinə nəzarət
edirdi. Sənətkar
deyir ki, bu il üç yubiley rəqəmini birləşdirir:
50, 65, 70.
- 1965-ci ildə Cəfər Cabbarlı adına
"Azərbaycanfilm” kinostudiyasında
Adil İsgəndərovun
açdığı kino
aktyoru kursuna daxil oldum. Həyatımın bütün hadisələri
də elə həmin gündən sonra başlandı. Artıq 50 ildir ki, mən
bu kinostudiyada çalışıram. Bu
illər ərzində
ən böyük qazancım odur ki, Azərbaycanın korifey sənətkarları
ilə çiyin-çiyinə
çalışmışam. Bu sıraya təkcə
aktyorları aid etməzdim.
Kino sənətində çalışan bütün
sənətkarlar - operatorlar,
bəstəkarlar, rejissorlar.
Azərbaycan və Rusiya kinematoqrafçıları
- kimlərin adlarını
sadalayım...
Bu insanlar həyatımda
müəyyən izlər
qoyublar. 65 illik
yubiley ərəfəsində
həm sevinirəm, həm də kədərlənirəm. Çünki çəkildiyim filmlər tamaşaçılar
tərəfindən hər
zaman rəğbətlə
qarşılanıb. Bu,
hər aktyora nəsib olmur. İndi də sənətimə xalqın sevgisinin, rəğbətinin şahidi
oluram. Bəlkə elə buna görə də uzun illərdir bu kinostudiyaya sadiqəm, son nəfəsimədək
də burada olmalıyam.
- Ənvər müəllim,
bəs 70 rəqəmi
nəyə işarədir?
- Üçüncü rəqəm
filmlərimin sayıdır.
Bu gün titrlərdə
Ənvər Həsənovun
adı qeyd edilən filmlərin sayı 70-dir. 50 filmdə aktyor kimi çəkilmişəm,
20 filmin isə ikinci rejissoruyam.
- Amma Murad və
Cəlal obrazları sizi daha çox
sevdirib...
- Rəhmətlik Adil
İsgəndərov deyirdi
ki, aktyor çox obraz yarada bilər, amma nədənsə tamaşaçı həmişə
onlardan yalnız birini seçir. Murad mənim
ilk işim idi. Cəlal isə “Yeddi oğul istərəm”də
ən yaddaqalan obrazlardan biri oldu. Əlbəttə, buna şadam.
İlk filmimdən sonra bu obraza dəvət
aldım. Hər
iki obrazla tamaşaçıların sevgisini
qazanmağa nail oldum. “Uşaqlığın son gecəsi” filmi 1969-cu ildə Kiyevdə Zaqafqaziya respublikaları və Ukraynanın
"Prometey-69" III zona kinofestivalında
5 mükafata layiq görüldü. Ən
yaxşı kişi
obrazı nominasiyasında
mükafatlardan biri mənə verildi. 20 yaşımda məni
SSRİ Kinematoqrafçılar İttifaqına üzvlüyə
qəbul etdilər.
Bundan əlavə, adım kino lüğətinə
daxil edildi. Gənc bir aktyor üçün
bu, böyük uğur idi.
- Gənc ikən şöhrət qazanmısınız.
Bəs bu gün Azərbaycan
kinosunda gəncliyin mövqeyini necə görürsünüz?
- Son illərdə kinostudiyaya gənc kadrlar gəlir. Onların dünyagörüşü, iş təcrübəsi
zamanla püxtələşir,
yetişir. Biz də birdən-birə öyrənmədik. Müəyyən yollar keçdik. İstərdim ki, onlar da ətraflarındakı peşəkarlardan öyrənsinlər.
Bizim dövrdə mənimlə
kinoya gələnlərdən
rəhmətlik Ceyhun Mirzəyev və digərləri daha cəld, daha aktiv və işimizə
məhəbbətlə yanaşırdıq.
Amma indiki gənclikdə bir lənglik müşahidə edirəm.
- Yaradıcılığınızda hansı yeniliklər var?
- İki ildən
artıqdır ki, kinostudiyada kino yayım şöbəsinin
müdiriyəm. Gördüyünüz kimi, hazırda
rejissor Mirbala Seyidovun “Qırmızı
bağ” filmində səslənməyə kömək
edirəm. Son dövrdə iki televiziya filminə çəkilmişəm. 2 il ərzində
4 ekran işində rol almışam. Ümumiyyətlə, axır
zamanlar çalışıram
az çəkilim.
Bunun da səbəbi var. İstəyirəm ki, tamaşaçı məni
bu yaşda, azacıq da olsa, formadan düşmüş Ənvər
Həsənov kimi deyil, elə Murad, Cəlal, Şahbaz görkəmində
yadda saxlasın.
Yaş da öz sözünü
deyir. Etiraf edim ki, son illərdə xarakterimə,
yaşıma uyğun
obrazlar olmur.
- Son dövrlərdə cəmiyyətdə
Murad, Cəlal xarakterli gənclərlə
rastlaşırsınızmı?
- Əfsuslar olsun
ki, müasir gənclik elə bil özünə qapanıb. Nə Muradı, nə Siracı, nə də Cəlalı görə bilirəm. Texniki inkişaf gəncləri ətraf aləmdən ayrı salıb. Evimizdə xeyli kitab var,
amma nəvələrim
daha çox planşetdən oxuyurlar.
Bütün bunlar da gənclərin xarakterinə,
dünyagörüşünə təsirsiz ötüşmür.
Bu səbəblərdən də həmin obrazlardakı xarakterə malik gəncləri tapmaq çətindir.
- Ənvər müəllim,
görürəm ki, sizi gözləyənlər
çoxdur. Bir daha ad gününüzü
təbrik edir, cansağlığı və
yaradıcılıq uğurları
arzulayırıq.
- Mən də ilk növbədə sizə təşəkkür edirəm ki, yada salıb təbrik edirsiniz. Arzum budur ki, yaşlı nəsil hər zaman dəyərləndirilsin. Cavanlar, gənc kadrlar da nə qədər bacarırlarsa öyrənsinlər. Necə köhnə filmlərimiz sevilərək baxılır, bu gün də istehsal edilən filmlər keyfiyyəti ilə insanları cəlb etsin. Məncə, tamaşaçı məhəbbəti qazanmaq aktyorun ən böyük uğurudur.
L.Azəri
Mədəniyyət.- 2015.- 19 avqust.- S. 12.