Göygölə gəl, Göygölə...

 

Turistlərin əsrarəngiz məkana girişinə qoyulan məhdudiyyət aradan qaldırılıb

 

Azərbaycanın ən mənzərəli yerlərindən olan Göygölə turist girişinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.

2008-ci ildə Göygölə milli park statusu verildikdən sonra burada ekoloji vəziyyətin yaxşılaşdırılması və turizm infrastrukturunun yenidən qurulması üzrə köklü tədbirlər həyata keçirilib. Göygöl Milli Parkının yenidən kütləvi istirahət və gəzintilərə açılması ilə bağlı burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təbiətin mühafizəsi və ekosistemin qorunması istiqamətində daimi nəzarət və tədbirlər həyata keçirilib.

Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Əraziləri Departamentinin nümayəndəsi Vaqif Cavadovun sözlərinə görə, hazırda Göygöl ətrafında istirahət etmək istəyənlər üçün hər bir şərait var: «Bura gələnlər xüsusi dayanacaqda maşınlarını saxlayıb sərbəst şəkildə hərəkət edə bilərlər. Bizim əsas fəaliyyətimiz burada ekosistemin dağıdılmasına imkan verməməkdir. Göygöl Milli Parkının ərazisində eyni vaxtda 500 nəfər gəzintiyə çıxıb təbii füsunkarlıqdan zövq ala, istirahət edə bilər. Şənbə-bazar günləri turistlərin sayı qat-qat artıq olur. Həftəsonları buraya 3500 nəfərə qədər turist üz tutur”.

Vaqif Cavadov turistlərin davranışından şikayətlənir. Onun sözlərinə görə, məhdudiyyət aradan qaldırılandan sonra ərazinin zibillənməsi, ot örtüyünün tapdanması halları var: “Siqaretin kötüyünü yerə tullayır, suyu içib butulkasını, dəmir qabını atırlar meşəyə, gölün içinə. Halbuki ərazidə 200-ə yaxın zibil yeşiyi qoyulub. Xarici turistlərin davranışları park ərazisində tətbiq olunan qaydalardan kənara çıxmır”. Nazirlik nümayəndəsi turistlərin böyük əksəriyyətinin çox ciddi şəkildə maarifləndirilməsi işlərinə ehtiyac duyulduğunu deyir.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2015.- 19 avqust.- S. 9.