"Qızıl
səsi olan insan"
Malayziya qəzetində Alim Qasımov haqqında məqalə dərc edilib
Malayziyada ingilis dilində nəşr olunan nüfuzlu "New Strait Times"
qəzeti Azərbaycanın dünya
şöhrətli muğam ustası, Xalq artisti Alim
Qasımov haqqında "Qızıl səsi olan
insan" ("Man with the golden
voice") başlıqlı geniş məqalə dərc edib.
Məqalədə tanınmış muğam ifaçısının Malayziyada ilk konsertinin keçiriləcəyi və onun tamaşaçıları öz səsi ilə ovsunlayacağı vurğulanır.
Yazıda Alim Qasımovun "Bakı-2015" birinci Avropa Oyunlarının açılış mərasimində çıxışı barədə məlumat verilir və sənətkarın "uçan xalça"da Olimpiya stadionundakı sakit izdiham üzərindən səhnəyə gəlməsi və ifası ilə tamaşaçıları valeh etdiyi qeyd olunur, xanəndənin möhtəşəm performansından bəhs edilir.
Alim Qasımovun dünyanın dahi müğənnilərindən biri olduğu diqqətə çatdırılaraq, bu il sentyabrın 7-də "Diverse City 2015: Kuala-Lumpur" beynəlxalq incəsənət festivalı çərçivəsində keçiriləcək konserti haqqında söz açılır. Bildirilir ki, Azərbaycanın Malayziyadakı səfirliyinin tərəfdaşlığı ilə "Pusaka" qeyri-kommersiya təşkilatı tərəfindən keçiriləcək ilk konsertdə sənətsevərlər dünya şöhrətli ifaçını dinləmək üçün nadir imkan əldə edəcəklər.
Məqalədə Alim Qasımovun öz dəst-xətti, ənənəsi, improvizasiya və sənətkarlığı sayəsində muğamın dünyada məşhurlaşmasına töhfələr verdiyi, onun müstəsna ustalığına dünyanın ən tanınmış musiqiçiləri tərəfindən yüksək qiymət verildiyi, o cümlədən islandiyalı bəstəkar-müğənni Bjorkun onu canlı korifey müğənni adlandırdığı qeyd olunur.
Onun 1995-ci ildə Fransada keçirilmiş festivalda tanışlıqdan sonra Jeff Buckley ilə duet oxuduğu, daha sonra violonçel ustası Yo Yo Ma ilə “İpək Yolu” layihəsində, habelə iranlı kamança ustası Kayhan Kalhor ilə əməkdaşlıq etdiyi vurğulanır. Sənətkarın UNESCO-nun yüksək mükafatına layiq görüldüyü bildirilir.
Məqalədə daha sonra Azərbaycan haqqında məlumat verilərək, ölkəmizin Cənubi Qafqazda yerləşdiyi, şimaldan Rusiya, cənubdan İran və cənub-şərqdən Türkiyə ilə həmsərhəd olduğu, əsrlər boyu saysız-hesabsız icmaların, dillərin və dinlərin bir-birinə qarışmasının ölkə mədəniyyətində əks olunduğu və bu bölgənin Asiya və Avropa ilə sərhədlərə malik olduğu diqqətə çatdırılıb.
Məqalədə, həmçinin
muğam sənətindən bəhs edilərək,
onun Azərbaycanın ən mühüm musiqi ənənəsi
olduğu, 2003-cü ildə UNESCO tərəfindən
muğam sənətinin bəşəriyyətin
qeyri-maddi mədəni irsi
kimi tanındığı diqqətə
çatdırılır. Bundan başqa, yazıda Alim
Qasımovun həyat və yaradıcılığı,
qızı Fərqanə Qasımovanın sənətkarla
birgə səhnə performansı, həmçinin fransız
etnomusiqişünası Jan Durinqin sənətkar haqqında dediyi ifadələr də əksini tapıb.
Mədəniyyət.- 2015.- 19
avqust.- S. 5.