Qut-İmmlinq opera festivalında növbəti
uğur
Opera və Balet Teatrının
simfonik orkestri Almaniyaya səfərdən
qayıdıb
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri avqustun 4-dən 11-dək Almaniyada
səfərdə olub.
Kollektiv Bavariya əyalətində
keçirilən XIX Qut-İmmlinq
opera festivalında uğurla
çıxış edib.
Teatrın mətbuat xidmətinin
rəhbəri Şükufə
Mirzəyeva qəzetimizə
açıqlamasında bildirib
ki, Qut-İmmlinq festivalına bütün dünyadan klassik musiqi həvəskarları
toplaşır və bu tədbirə məşhur solist və musiqi kollektivləri dəvət
olunur: “Festival Avropada ilin əsas mədəni hadisələrindən
biri sayılır. Festivalın musiqi rəhbəri və baş dirijoru baronessa Korneliya Kerssenbrok haqqında bizim mətbuatda çox yazılıb. O, teatrımızda
dəfələrlə tamaşaları
idarə edib və teatrın professional
səviyyəsini yüksək
qiymətləndirir. Almaniyalı musiqi
mütəxəssisi həm
də bizim ölkəmiz haqqında hər zaman böyük məhəbbətlə
bəhs edir və məhz o, musiqiçilərimizin festivala
dəvət olunmasının
təşəbbüsçüsüdür”.
Avqustun 9-da baş
tutan qala-konsert zamanı əsas təşkilatçı Lüdviq
Bauman vacib bir məqamı qeyd edib. O bildirib ki, ənənəyə uyğun
olaraq festival iştirakçılarının
tərkibi hər il dəyişsə
də, Azərbaycan orkestri bu tədbirə
mütləq şəkildə
dəvət alıb:
“Bu ilk növbədə orkestrin
yüksək professionallığı
və ümumiyyətlə
Azərbaycanda akademik sənətin inkişaf səviyyəsinin parlaq nümunəsidir. İkincisi isə,
təkcə keçmiş
sovetlər məkanında
deyil, həm də dünyada mədəni, iqtisadi və siyasi cəhətdən çox
maraqlı bir ölkə kimi Azərbaycana festivalın təşkilatçıları və alman ictimaiyyətinin
xüsusi rəğbətini
nümayiş etdirir.
Həyat yoldaşım
və mən hər il
Azərbaycana gəlib-gedirik.
Ölkənin gözəl təbiəti,
qədim tarixi və mədəni abidələrlə zənginliyi
son illərdə buraya
güclü turist axınına səbəb
olub. Mən festivalın bütün
qonaqlarını bizdən
nümunə götürməyə,
Azərbaycana getməyə,
bütün deyilənləri
öz gözləri ilə görməyə səsləyirəm”.
Qala-konsertdə gənc və istedadlı dirijor Əyyub Quliyevin idarə etdiyi orkestr tamaşaçılara
Qərbi Avropa bəstəkarının əsərləri
ilə yanaşı, Azərbaycan klassik musiqisinin ən parlaq nümunələrini
- Qara Qarayevin “Yeddi gözəl” baletindən valsı, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın
bayramı” hissəsini,
Niyazinin “Qaytağı”sı
və Qara Qarayevin “Pavana”sını təqdim edib.
Konsertdə gənc dirijor -
Xalq artisti, professor Polad Bülbüloğlunun oğlu
Murtuza Məmmədovun
çıxışı da
maraqla qarşılanıb.
Polad Bülbüloğlunun məşhur
“Azərbaycan” mahnısı
və Qaetano Donisettinin “Sevgi şərbəti” operasından
parça xüsusi alqış doğurub.
Konsertdən sonra festivalın təşkilat komitəsi və fəxri qonaqlar simfonik orkestrimizin çıxışına
yüksək qiymət
verərək, təşəkkürlərini
bildiriblər, Bakı
və ölkəmiz haqqında xoş sözlər söyləyiblər. Orkestr növbəti
ildə artıq 9-cu dəfə keçiriləcək
festivala dəvət alıb. Bu, təkcə
orkestrin və teatrın deyil, Azərbaycan incəsənətinin
uğuru, ölkəmizin
təbliği deməkdir.
Mədəniyyət.- 2015.- 19 avqust.- S. 5.