“Qərib məzarlar”
Əlimərdan bəy Topçubaşov haqqında film çəkilir
Bakı Media Mərkəzi “Qərib məzarlar” şərti adlı layihə üzərində işləyir. Bu barədə mərkəzin “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Sənədli film görkəmli ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılığı ilə 1919-cu ilin yanvarında Paris sülh konfransına göndərilmiş nümayəndə heyətinin taleyinə həsr olunub.
Məlum olduğu kimi, nümayəndə heyətinin gərgin və fədakar əməyi sayəsində 1920-ci ilin yanvarında Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınıb, lakin həmin ilin aprelində Rusiyanın 11-ci Qızıl ordusunun müdaxiləsindən sonra Azərbaycanda hakimiyyət bolşeviklərə təhvil verilib. Bundan sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Vətənə dönə bilməyiblər. Onlar ömürlərinin sonuna qədər də Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb, bu yolda hər cür məhrumiyyətə dözüblər.
Paris, Moskva, Peterburq və Tbilisi arxivlərində saxlanılan sənədlər əsasında hazırlanan filmin məqsədi “əbədi ezamiyyət” əzabı yaşayan soydaşlarımızın Azərbaycanın müstəqilliyi naminə yerinə yetirdikləri tarixi missiyanın əhəmiyyətini göstərməkdir.
Bundan başqa, layihə çərçivəsində
nümayəndə heyətinin üzvləri, eləcə də
bu və ya digər səbəblər
üzündən Fransada mühacir
həyatı yaşamağa məhkum olunmuş digər soydaşlarımız
haqqında kitab-albom nəşr etmək də
planlaşdırılır.
Mədəniyyət.- 2015.- 21
avqust.- S. 7.