“Onun atası” filminin çəkilişləri davam
edir
Qarabağ müharibəsinin faciələri
bir jurnalist ailəsinin fonunda təqdim olunur
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında
“Onun atası” adlı qısametrajlı bədii filmin çəkilişləri davam
edir.
Filmdə Qarabağ müharibəsi,
torpaqlarımızın işğalı
və bu müharibənin yaratdığı
fəsadların insanların
həyatına təsirindən
bəhs olunur. Müharibənin doğurduğu çətinliklər,
faciələr bir jurnalist ailəsinin fonunda təqdim olunur.
Ekran əsərinin
ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədovla çəkiliş
meydançasında görüşüb,
film haqqında söhbətləşdik.
Rejissor qeyd edir ki,
Qarabağ münaqişəsi
xalqımızın yaddaşında
dərin psixoloji iz qoyub: “Ərazilərin
işğalı, minlərlə
vətəndaşımızın şəhid olması, bir milyondan artıq
insanın öz doğma yurd-yuvalarından
didərgin düşməsi
xalqımız üçün
sağalmaz yaraya çevrildi. “Onun atası” filmində
də həmin faciələri göstərməyə
çalışacağıq”.
Filmin bütün
çəkilişlərinin Bakıda olacağını
deyən Zamin Məmmədov ekran əsərini bir ay yarım müddətə
təhvil verməyi planlaşdırdıqlarını bildirdi. Filmin xronometrajının 18-25 dəqiqə olacağı
gözlənilir.
Qeyd edək
ki, “Onun atası” filmində hadisələr Bakıda cərəyan edir. Qarabağa ezam
olunan filmin baş qəhrəmanından
- jurnalistdən iki aydır xəbər gəlmir. Jurnalist qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə
ucalır. Geridə onun
həyat yoldaşı
və azyaşlı oğlu qalır.
Filmdə bir millətin və bir ailənin
faciəsi fonunda qürurlu, dözümlü,
mərd bir qadın - ana obrazı əksini tapır. Film ananın və azyaşlı oğlunun ailə başçısı - atanın
vətən uğrunda
faciəli ölümünü
mətanətlə qəbul
etməsi, həyat davam edir, təki
vətən sağ olsun fikri ilə
yekunlaşır. Elə bu
fikir onlara mənəvi dayaq olur.
Psixoloji
dram janrında olan ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu
operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.
Rolları Şamil Süleymanlı, Məbud Məhərrəmov,
Ülviyyə Rza və digərləri canlandırırlar.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 21
avqust. - S. 5.