Didərginlik faciəsi
yaşamış bütün insanlara ithaf olunur
"Qisas almadan ölmə..." bədii filminin İsraildə nümayişi keçirilib
İsraildə,
"Azİz" İsrail-Azərbaycan
Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyəti
Mərkəzində tanınmış kinorejissor,
Xalq artisti Oqtay Mir-Qasımın "Qisas
almadan ölmə. Keçmişdən məktublar"
bədii filminin premyerası olub.
Azərbaycan, Almaniya və Gürcüstan kinematoqrafçılarının birgə ərsəyə gətirdiyi ekran əsəri didərginlik faciəsi yaşamış bütün insanlara ithaf olunur. Film XIX əsrin əvvəllərində Qafqazda, o cümlədən Azərbaycanın qərb bölgələrində məskunlaşan və Böyük Vətən müharibəsi illərində Stalinin əmri ilə deportasiya edilən alman icmasının taleyindən bəhs edir.
Deportasiya olunanların acı taleyi filmdə qürbətdə qocalan, amma doğma Azərbaycana qayıtmaq arzusunda olan Günterin faciəli taleyi nümunəsində göstərilib. Günter onu Azərbaycanı tərk etməyə məcbur etmiş satqını nəvəsi Rixardın köməyi ilə tapmaq istəyir. Amma gözlədiyinin əksi olur. Tanımadığı dünyaya düşən Rixard insan münasibətlərinin mahiyyətini həqiqi mənəvi iztirablar prizmasından anlamağa başlayır. Onda əcdadlarına səmimi sevgi və onların taleyini dərk etmək hissi yaranır.
Süjet dərin əxlaqi məna daşıyır, insan həyatının hər şeyin fövqündə olduğunu göstərir. Film tolerantlıq hissləri aşılayır. Hazırda Azərbaycanla bağlı tez-tez xatırlanan tolerantlıq, görünür, həqiqətən Azərbaycan milli xarakterinin canına hopub. Əminlik hissi ilə demək olar ki, Oqtay Mir-Qasım müasir amansız dünyamızda çatışmayan mərhəmət hissi barədə film çəkib.
Filmin premyerasına İsrailin müxtəlif şəhərlərindən tamaşaçılar toplaşıb. İsraildə yaşayan filmin bəstəkarı Elmar Fel də premyerada iştirak edib. O, filmə yazdığı ecazkar musiqidə Azərbaycan və alman xalq motivlərindən məharətlə istifadə tdib.
Nümayişdən sonra Oqtay Mir-Qasım tamaşaçıların ekran əsərinin ideyası, bir neçə ölkənin iştirakı ilə film çəkməyin çətin olub-olmaması və gələcək planları barədə suallarına cavab verib.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman əsl sənət ilə görüşmək imkanına görə Oqtay Mir-Qasıma təşəkkür edərək, rejissora yeni yaradıcılıq uğurları, bütün ideyalarını həyata keçirməyi arzulayıb, sənətkara İsrail premyerasından xatirə olaraq milli suvenir təqdim edib.
Tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə "Azİz" İsrail-Azərbaycan Beynəlxalq
Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzi,
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, habelə İsrailin
Azərbaycandakı səfirliyi və Afula
Şəhər Bələdiyyəsinin Absorbsiya
İdarəsi tərəfindən təşkil edilib.
Mədəniyyət.- 2015.- 21
avqust.- S. 4.