“İncəsənət
və mədəniyyət - uğur üçün səyahət”
Ölkəmiz beynəlxalq tədbirdə təmsil olunub
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndə heyəti Bolqarıstanın Blaqoevqrad şəhərində keçirilən “İncəsənət və mədəniyyət - uğur üçün səyahət” adlı beynəlxalq layihədə Azərbaycanı təmsil edib. “Erasmus+” proqramı tərəfindən keçirilən layihəyə Azərbaycan ilə yanaşı, Rumıniya, Gürcüstan, Bolqarıstan və İtaliyadan 35 fəal gənc qatılıb.
Layihənin məqsədi qeyri-formal təhsil vasitələrindən istifadə etməklə gənclərə mədəniyyət və incəsənət sahəsində yeni bilik və təcrübə qazandırmaqdır.
Azərbaycan nümayəndə heyəti açıq sənət sessiyaları, teatr forumu, komanda oyunlarında iştirak edib. Milli sənətkarlıq və əl işləri seminarlarında fəal təcrübə mübadiləsi aparılıb.
Tədbir çərçivəsində incəsənət, mədəniyyət, gənclərin məşğulluq məsələləri ilə bağlı aparılan müzakirələrdə iştirakçı ölkələrin nümayəndələrinin təqdimatları dinlənilib.
Sonra iştirakçılar Blaqoevqrad şəhər icra hakimiyyətində təşkil olunan görüşdə iştirak ediblər. Görüşdə istedadlı gənclərin incəsənət və sənətkarlıq sahəsində ideyalarının uğurla inkişaf etdirilməsi, bu istiqamətdə onların məşğulluğunun və əmək bazarına daxil olmalarının təmin olunması haqqında müzakirələr aparılıb.
Tədbir çərçivəsində
iştirakçı ölkələrin incəsənətini
təqdim etmək məqsədilə mədəniyyət gecəsi
də təşkil olunub.
Mədəniyyət.- 2015.- 21
avqust.- S. 4.