“Vətənə
qayıtmağı çox istəyirəm...”
Azərbaycanın Əməkdar rəssamı, tanınmış qrafika ustası, professor Adil Rüstəmov beş ildir ki, Fransanın Normandiya əyalətinin Ruan şəhərində yaşayır. Sağlamlığı qənaətbəxş olmasa da, yaradıcılığından qalmır. Qürbətdə çəkdiyi əsərlərini “Normandiya silsiləsindən” adıyla təqdim edir. Onunla kiçik söhbətimiz rəssamın yaradıcılığı haqqındadır.
- Adil müəllim, bir neçə ildir Fransada yaşayırsınız. Bildiyimə görə, başlıca qayğınız sağlamlıqdır. İndi necəsiniz?
- Özümü sərbəst idarə edə bilsəm, qayıdardım vətənə. Nə etmək olar, həkimlərin ixtiyarındayam. Beş ildir buradayam, xəstəliyimə görə üç dəfə əməliyyat olunmuşam. Qızım Fransa vətəndaşıdır, məni də bura gətirdi ki, xəstə və qoca vaxtımda gözündən uzaq olmayım. Hazırda həkimlərin nəzarəti altındayam, əsər işləməyimə də qadağa qoyublar. İnsult, infarkt, qanqrendən əziyyət çəkirəm, demək olar, evdən bayıra çıxmıram. Harasa gedəsi olsam, qızımgil maşınla aparırlar. Özüm sərbəst gəzə bilmirəm. Sənətdə də bir yerdə durmağı qəbul etmirəm.
- “Normandiya silsiləsindən” əsərləriniz Bakıdakı işlərinizə heç bənzəmir. Qürbətdə sizin üçün ənənəvi olmayan janrda işləməyinizin səbəbi nədir?
- Burada çəkdiyim işlər sərbəst düşüncələrimdir. Ətrafımdakı hadisə və əşyalara yaradıcı münasibətimdir. Fransada yaşayıb Bakıdakı kimi işləyə bilmərəm. Vətən nə qədər mənə doğma olsa da, süjetli mövzulardan yorulmuşam. Həmişəki dəst-xəttimdəyəm, ancaq qarışıq texnikada işləyirəm. Burada gördüyüm, məni cəlb edən maraqlı detalları, hamının görüb önəm vermədiklərini çəkirəm. Normandiyanın qədim, özünəməxsus küçə qapıları, maraqlı qaya daşları var. İşin maraqlı baxılmasından ötrü istifadə etdiyim rənglər, materiallar var. Bu, naturalizmə daha yaxındır.
- Sizin formalaşmış üslubunuz var. Niyə Fransada başqa üslubda işləməyi üstün tutdunuz?
- İndiki əsərlərim
məzmunca öncəkilərdən çox
fərqlidir. Bakıda açdığım sərgilərin
hər biri böyük
silsilələr olmaqla müəyyən ad altında idi.
Buradakı işlərə diqqətlə baxsan,
üslubum necə var,
elə qalır, əsərlər yalnız zamana
və məkana uyğunlaşır. Məni daha çox biçim və material maraqlandırır.
- Fransada sərginiz olubmu?
- Ötən il
bir fərdi sərgim olub. Burada sərgi açmaq çox çətindir.
Yaşadığım Ruan şəhərində
bələdiyyə tərəfindən
40 əsərim nümayiş
olunub. Ümumiyyətlə, burada qalereyaların
daimi işlədiyi, tanıdıqları rəssamlar
var. Sərgiyə sponsor tapmaq
gərəkdir.
- Bakıda sərgi keçirmək haqqında
düşünürsünüzmü?
- Hazırda süjetli mövzulara, hansısa ad altında olan işlərə marağım
yoxdur. Mənə nə yaxındır,
onu edirəm. O da burada gördüklərimdir.
Buranın insanları, ədəbiyyatı,
mədəniyyəti mənə
yaddır. Bakıda bu
işlərimdən ibarət
sərgi açsam, bilirəm hamı üçün maraqlı
olacaq. Bakıdakı fərdi sərgilərimin
hərəsi bir ad altında keçirilib.
“Arktika”, “Əliağa
Vahid-100”, “Füzuli-500”, “Azərbaycan və Türkiyə şairləri”, “Ömər
Xəyyam”, “Qarabağ
şikəstəsi”. Həmişə qarışıq texnikada işləmişəm. Hər fərdi
sərgimdə 40-50 əsər
nümayiş etdirmişəm.
- Orada əsərləriniz satılırmı?
- Fərdi sərgimdə iki-üç işim satılıb.
- Vətənə qayıtmaq
haqda düşünürsünüzmü?
- Çox istəyirəm. Deyirəm, məni göndərin vətənə. Amma
fikirləşəndə ki,
sərbəst gəzə
bilmirəm, mənə
orada kim
qulluq edəcək, qalıram belə. Ürəyim
deyir, indi qayıt, ağlım deyir, sağal qayıt.
S.Soltanlı
Mədəniyyət.- 2015.- 26
avqust.- S. 13.