Dərbənddəki
sənət ünvanımız
Zəngin teatr ənənələrimizin qorunub saxlanıldığı məbədlərdən biri də Dərbənddəki sənət ünvanımız olan Azərbaycan Dram Teatrıdır. Milli teatrımız bu qədim şəhərdə XX əsrin əvvəllərində təşəkkül tapsa da, onun kökü XIX əsrin 80-ci illərində Dərbənddə fəaliyyət göstərən və kifayət qədər nüfuza malik olan həvəskar türk (Azərbaycan) dram dərnəyi ilə bağlıdır. Azərbaycan ziyalılarının, mütərəqqi düşüncəli insanların təşəbbüsü ilə yaradılan dərnəkdə təhsil müəssisələrinin yuxarı sinif şagirdləri və müəllimlər, musiqiçilər və müğənnilər bir araya gələrək teatr, musiqi və sənət ənənələrini inkişaf etdirməyə çalışırdılar. Təbii ki, həmin dönəmdə dindar kütlənin təzyiqlərinə görə bu qruplar kişilərdən ibarət idi və tamaşalarda qadın rollarını da kişilər ifa etmək məcburiyyətində qalırdılar. Amma bütün çətinliklərə rəğmən həmin qruplar sənətə xidmət missiyalarını yerinə yetirirdilər.
Özfəaliyyət artistləri şəhər klublarının səhnəsində Azərbaycan müəlliflərinin kiçik pyeslərini səhnəyə qoyur və çoxmillətli Dərbənd ictimaiyyətini Azərbaycan teatr sənəti ilə tanış etməyə çalışırdılar. Ötən əsrin əvvəllərində fəaliyyətini daha da genişləndirən dərnək fəallarının təşəbbüsü ilə şəhər rəhbərliyinə Dərbənd Türk Dram Teatrının nizamnaməsinin təsdiqlənməsi ilə bağlı müraciət olunur və beləcə, 22 sentyabr 1904-cü ildə Rusiya İmperiyasının Daxili İşlər Nazirliyi teatrın nizamnaməsini təsdiq edir. Bununla da qədim tarixə malik şəhərdə peşəkar Azərbaycan teatrının fəaliyyəti rəsmiləşdirilir.
Bu addım teatr həvəskarlarının əzmkarlığını daha da artırır, onların sırasını genişləndirir. Abbasqulu, Hüseynqulu, Ərşadoğlu, Hüseyn Xankişi oğlu, Hacı Fətulla, Hacıağaoğlu kimi həvəskarlar teatrın ətrafında sıx birləşərək onun repertuarının zənginləşməsi, şəhər ziyalı mühitində daha da tanınması üçün əllərindən gələni edirlər.
1910-cu ildə şəhər ictimai klubunun səhnəsində Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası nümayiş etdirilir və bununla da Dərbənd teatrının nüfuzu şəhərin sərhədlərini aşmağa nail olur. Dövrün qəzetləri premyeranı sənət hadisəsi kimi geniş işıqlandırır. Bundan sonra Ü.Hacıbəylinin, M.F.Axundzadənin komediyaları səhnəyə yol tapır, kollektiv
digər azərbaycanlı müəlliflərin də dram nümunələrinə yer ayırır. Sənət fədailərinin uğurlu fəaliyyət öz bəhrəsini verir və nəhayət, 1927-ci ildə Azərbaycan həvəskar truppasına peşəkar teatr statusu verilərək bina ilə təmin olunur.
Amma bu da gözlənilən kimi alınmır və təmir-bərpa olunaraq açılışa hazır olan bina naməlum səbəblərdən tamamilə yanır. Bina yalnız 1931-ci ildə istifadəyə verilir. Azərbaycandan dəvət olunan gənc və istedadlı rejissor İsmayıl Dağıstanlı teatrın repertuarının daha da zənginləşməsinə və janr müxtəlifliyinə xüsusi önəm verir və bunun nəticəsi olaraq teatrın adı Azərbaycan Dövlət Musiqili Dram Teatrı kimi rəsmiləşdirilir.
O vaxtdan daim Azərbaycan dramaturgiyasını, milli teatr ənənələrini təbliğ edən, ən çətin məqamlarda belə yaradıcılıq prinsiplərinə sadiq qalan teatrda bu gün də milli klassiklərimizin ən məşhur əsərləri səhnə ömrü yaşayır.
Sənət ocağının fəaliyyətini diqqət mərkəzində saxlayan Azərbaycan dövləti teatrın yaşaması və gələcək inkişafı üçün çox vacib bir addım atdı. Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə Dərbənd Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması üçün müvafiq vəsait ayrıldı.
Azərbaycan dövlətinin bu diqqət və qayğısını böyük minnətdarlıq hissi ilə qarşılayan teatrın kollektivi, şəhərin azərbaycanlı ziyalıları sənət ocağının yaşadılması üçün bu addımın fövqəladə əhəmiyyət kəsb etdiyini deyirlər.
Bir müddət öncə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinin etimadı ilə teatra baş rejissor təyin olunan gənc və istedadlı quruluşlar müəllifi Ərtoğrul Kamalovla söhbətimizdə də məhz bu məqamlara, eləcə də teatrın yaradıcılıq planlarına nəzər saldıq.
Təyinatından sonra Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" əsərini Dərbənd tamaşaçılarına təqdim edən baş rejissor ilk olaraq şəhərin teatr mühitindən söz açdı: “Dərbəndlilər hər zaman teatrsevər, sənətə bağlı ruhda olublar. Təsadüfi deyil ki, ən çətin zamanlarda teatr da öz tamaşaçılarını ətrafına toplamağı bacarıb. Əminliklə deməliyəm ki, Dərbənddə yaşayan soydaşlarımız Azərbaycan teatrını və onun tamaşalarını sevərək izləyir və dəstəkləyirlər. Teatrda fəaliyyətimə gəlincə, düşünürəm ki, bir gənc rejissor olaraq bu mənim üçün böyük şərəfdir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mənə böyük etimad göstərib. İndi qalıb yaxşı işləmək. Özümə və teatrın kollektivinə arxayınam. Bizə göstərilən etimadı doğrultmağa çalışacağıq”.
Baş rejissor ölkə başçısının sərəncamının kollektivin məsuliyyətini daha da artırdığını deyir: “Teatrımız azərbaycanlıların mədəni təmasının ümdə məkanlarından biridir. Bildiyiniz kimi, Dərbənddə 30-dan çox millətin nümayəndəsi yaşayır və belə bir ortamda Azərbaycan tarixini, mədəniyyətini, dilini və ədəbiyyatını yaşadan, təbliğ edən teatrın olması çox böyük bir nemətdir. Təbii ki, kollektivimizin hər bir üzvü bu məsuliyyəti yaxşı anlayır. Onu da deyim ki, Dərbənd şəhərinin rəhbərliyi keçirdiyi bütün dövlət tədbirlərinə teatrımızı da dəvət edir. Azərbaycan dövləti, Mədəniyyət və Turizm Nazirliyi teatrın fəaliyyətini daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının imzaladığı bu sərəncamın Dərbənddə yaşayan azərbaycanlılarda necə böyük ruh yüksəkliyi yaratdığının şahidiyəm. Hər kəs dövlətimizin bu addımından sevinir və qürur duyur”.
Sərəncamın icrası ilə bağlı artıq müəyyən işlərin görülməsinə bağlanıldığını bildirən Ə.Kamalov yenidənqurma müddətində teatrın fəaliyyətini dayandırmayacağını diqqətə çatdırdı: “Teatrın binasında yenidənqurma işləri aparılacağı müddətdə müvəqqəti fəaliyyət göstərəcəyimiz məkan da seçilib və normal çalışmağımız üçün hər cür şəraitin yaradılacağına söz verilib. Yəni teatrımız
bu müddətdə fəaliyyətini davam etdirəcək, tamaşalar oynayacaq və yeni əsərlərin məşqləri aparılacaq”.
Teatrın repertuar siyasətinə toxunan rejissor dərbəndlilərin daha çox komediya janrında tamaşalara üstünlük verdiklərini vurğuladı: “Teatrın repertuarı müəyyənləşərkən azərbaycanlı müəlliflərin, əsasən də klassiklərin əsərlərinə önəm veririk. Əsas meyarımız beynəlxalq teatr festivallarına qatılmaq və uğur əldə etmək üçün həm yerli, həm də xarici müəlliflərin müasir zamanla, teatr estetikası ilə səsləşən nümunələri üzərində seçimdir. Janr müxtəlifliyi də bizim üçün önəmlidir. Komediyaya maraq daha çoxdur. Biz də bunları nəzərə alır və bu janrda klassik nümunələrə, müasirliyini qoruyan əsərlərə önəm veririk”.
Yeni mövsümdə səhnələşdiriləcək əsərlər barədə danışan rejissor daim klassik nümunələrin müasir yozumda tamaşaçı ilə görüşünə can atdıqlarını deyir: “Xalqımızın böyük ədəbi abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanı əsasında tamaşa hazırlamaq istəyirik və bu tamaşa beynəlxalq teatr festivalları üçün nəzərdə tutulacaq. Fransız yazıçısı Albert Kamyunun "Xoşbəxt ölüm" romanının səhnə versiyası üzərində də işləyirik. Hər teatr mövsümündə klassik Azərbaycan yazıçı və dramaturqlarının əsərlərinə müraciət edəcəyik. Həmişə olduğu kimi, bu dəfə də nazirliyin maraqlı ideyalarımıza dəstək verəcəyinə inanıram”.
Son olaraq
Azərbaycandakı teatrlarla
yaradıcılıq əlaqələri məsələsinə
də toxunan müsahibim
bunun ümumi işin xeyrinə olduğunu
bildirdi: “Bizim yeni əməkdaşlıqlara münasibətimiz
hər zaman müsbətdir və bunun üçün heç bir maneə yoxdur. Sadəcə mövsümün
irəliləyən aylarında bu məsələlərin
dəqiq nəticəsini deyə bilərik. Hal-hazırda bu yöndə danışıqlar
aparırıq və güman edirik ki, Azərbaycanın
bir çox
teatrlarında tamaşalar oynamağa
və onların da Dərbənddə səhnə
əsərləri təqdim etmələrinə nail olacağıq”.
Nizamiqızı, Həmidə.
Mədəniyyət.- 2015.- 26
avqust.- S. 11.