Quba-Xınalıq marşrutu turistlər arasında populyardır

 

2015-ci ildə Quba rayonuna gələn turistlər daha çox Quba-Xınalıq turizm marşrutu üzrə səyahət ediblər. Turist sıxlığına görə ikinci yeri Quba-Afurca marşrutu tutur.

Bu barədə məlumat verən Quba Turizm İnformasiya Mərkəzinin turizm mütəxəssisi Mətləb Şıxbabayev bildirib ki, əcnəbi və yerli qonaqlar arasında Quba-Ləzə və Quba-Xanəgah marşrutlarını seçənlər də az deyil.

Bu mövsümdə Quba Turizm İnformasiya Mərkəzinə müraciətlərin sayında 20-30 faiz artım müşahidə olunub. Son altı ay ərzində mərkəzin xidmətlərindən 2800-dək turist yararlanıb ki, onların da 320-dən çoxu əcnəbidir. Əcnəbi turistlərin əksəriyyətinin Qubaya səfəri onlayn müraciətlər əsasında təşkil olunub. Mərkəzə müraciət edənlər rayona gələn turistlərin təxminən 8-9 faizini təşkil edir. Ümumilikdə isə il ərzində Qubaya on minlərlə turist gəlib.

Mətləb Şıxbabayev bildirib ki, “Bakı-2015” birinci Avropa Oyunlarının keçirildiyi müddətdə rayona daha çox turist axını qeydə alınıb. Həmin dövrdə Quba Turizm İnformasiya Mərkəzi gücləndirilmiş rejimində çalışıb. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi təqdim olunur.

Müraciətlərin çoxluğu nəzərə alınaraq rayonda mövcud dörd turizm marşrutundan əlavə yeni marşrutların açılması nəzərdə tutulur. Yeni marşrutlar əsasən Qubanın tarixi abidələrlə zəngin, əsrarəngiz təbiət mənzərələri ilə seçilən yaşayış məntəqələri istiqamətində müəyyənləşdiriləcək.

 

Mədəniyyət.- 2015.- 26 avqust.- S. 8.